Övladının dəfnində canlı açıb "ekranı tıklayın" deyən 9 uşaq atası Kamil Cəbrayılovun davranışları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ailə ilə bağlı səsləndirilən iddialar, valideynlərin ziddiyyətli açıqlamaları məsələni daha da mürəkkəbləşdirib.
Kamil Cəbrayılov müsahibəsində 12 övladından 3-nün ölüm səbəblərini qeyri-dəqiq izah edib və 9 övladından birini “pay verdiyini” açıqlayıb. Uşaqların anası Afət Cəbrayılova isə bildirib ki, eyni evdə yoldaşının ikinci xanımı da yaşayır.
Qonşular da ailə ilə bağlı müxtəlif iddialar səsləndirərək, Kamilin “dəlilik kağızı” olduğunu və ailənin psixoloji vəziyyətinin normal olmadığını deyiblər.
Hüquq-mühafizə orqanları isə faktla bağlı araşdırmalara başlayıb.
Bakupost.az xəbər verir ki, narahatlıq doğuran digər məqam müxtəlif yaşda 6 uşağın hamamda qapalı vəziyyətdə qalmasıdır. Bu detal sosial şəbəkələrdə geniş müzakirə olunur və müxtəlif ehtimallar irəli sürülür. Bəziləri bunu mümkün cinayət əməli kimi qiymətləndirir və uşaqların Kamil Cəbrayılovun ikinci həyat yoldaşı tərəfindən hamamda kilidləndiyini iddia edir. Digərləri isə onların anaları tərəfindən cəza məqsədilə qapalı saxlanıldığını düşünür.
Həmçinin bloger Elçin Lənbəranski hadisənin baş verdiyi evdə olub. O, uşaqların zəhərləndiyi
hamam otağından görüntülər paylaşaraq bildirib ki, həmin qapını içəridən bağlamaq mümkün deyil və yalnız çöldən kilidləmək olar.
Bəs bu hadisədə cinayət izlərinin olma ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov Bakupost.az-a bildirib ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır: “O atanın davranışlarını, mətbuata verdiyi müsahibəni izləmişəm, hesab edirəm ki, burada ciddi araşdırma tələb edən nüanslar var. 6 uşaq eyni anda hamamda dəm qazından zəhərlənibsə və hamamın qapısı çöldən bağlanıbsa, təbii ki, burada cinayət tərkibinin əlamətləri var.
Bütün bu nüanslar ciddi şəkildə araşdırılmalıdır. Təsdiqini taparsa ki, uşaqlar qəsdən hamamda saxlanılıb və bu onların ölümünə səbəb olub, bu halda Cinayət Məcəlləsinin 120-ci maddəsinin (qəsdən adam öldürmə) müvafiq bəndləri ilə cinayət işi qaldırılmalı, prokurorluq tərəfindən işin istintaqı aparılmalıdır. Hər bir halda fakt prokurorluq orqanları tərəfindən araşdırılır”.
M.Abbasov vurğulayıb ki, belə ağır ittiham irəli sürmək üçün mötəbər sübutlar olmalıdır:
“Kiminsə şou xarakterli danışığına görə də sübut olmadan onu ağır maddə ilə ittiham etmək olmaz. Hər halda prokurorluq o uşaqların hər birinin ifadəsini alacaq, onları dindirəcək, ailədaxili məsələlər araşdırılacaq, evdə yaşayan hər iki qadın dindiriləcək, atanın özünün də ifadəsi alınacaq”.
Lalə Novruz,
BakuPost