Ru
15:21 / 26 Aprel 2024

"ABŞ-nin yardımı müharibəni uzadacaq” - Açıqlama

1227
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

Qeyd edək ki, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir. Həmçinin ABŞ Senatı Tayvana yardım paketini təsdiqləyib.



Politoloq İlyas Hüseynov Bakupost.az -a bildirib ki, Ukraynaya hərbi yardımların davam etməsi müharibənin uzanması deməkdir:

“ABŞ Ukraynaya yardım etməklə həm müharibənin vaxtını uzadır, həm Rusiyaya qarşı qətiyyətli olduğunu bildirir. Digər tərəfdən, Avropa İttifaqı ilə həmrəyliyini gücləndirir. Rusiya tərəfi aldığı zərbələrdən nəticə çıxarır, buna uyğun tədbirlər həyata keçirir. Rusiya həm siyasi, həm də hərbi seqmentdə öz gücünü səfərbər edib. Önəmli məqam bundan ibarətdir ki, Ukraynaya silahlar çox ehtiyatla verilir”.

İ.Hüseynov vurğulayıb ki, müharibə aparan hər iki dövlət ciddi insan resursları çatışmazlığı ilə üz-üzə qalıb:

“Hərbi münaqişə ərəfəsində Rusiyanın həm insan resursları, həm də hərbi texnika baxımından üstünlüyü hiss olunurdu. Keçən dövr ərzində itkilər artdı. İndi elə bir vəziyyət yaranıb ki, müharibə aparan hər iki dövlətin insan resurslarına ehtiyacı var. Bu hal Ukraynada özünü daha qabarıq şəkildə büruzə verir. Müharibənin ilkin dövründə muzdlular, xaricdən cəlb edilən könüllülər müəyyən qədər fərqi qapada bilirdisə, indi itkilər geniş vüsət alıb. Ona görə də orta yaşdan yuxarı vətəndaşların da orduya cəlb ediləcəyini istisna etmək olmaz. Baş verənlər onu göstərir ki, münaqişə qısa müddət ərzində bitməyəcək”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər