Ru
20:23 / 12 Noyabr 2021

AHF ittihamlara cavab verdi - BƏYANAT

2015
Azərbaycan Həndbol Federasiyası bir qrup həndbolçunun səsləndirdiyi ittihamları cavablandırıb.

Bakupost.az xəbər verir ki, federasiyanın bəyanatında bildirilir:

AHF bir qrup həndbolçunun şər-böhtanlarını və qərəzli fikirlərini rədd edir.

Bir qrup həndbolçu tərəfindən ötən gün AHF-in fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirilib. Məlumatın məğzi bundan ibarətdir ki, guya Federasiya maaşları qat-qat aşağı salaraq məşqləri qeyri-iş günlərində davam etdirib. Həmçinin istirahətə göndərmək məsələsi, zalların bağlanması və başqa məqamlar da məlumatda yer alıb.

Hamıya bəllidir ki, COVID -19 pandemiyası bütün sahələr kimi, idman sferasına də təsirsiz ötüşməyib. Amma buna baxmayaraq, il yarım ərzində zallar bağlı olsa da, həndbolçular pandemiya dövründə vaxtı-vaxtında maaşlarını alıblar.

Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra, bu ilin avqust ayında məşqlərə başlamışıq. "ABU Arena"da məşq üçün hələlik imkan olmadığından, həndbol komandaları Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hazırlıq keçir.

Yayda istirahətə göndərmək məsələsində normalara riayət edilib-edilməməsinə gəldikdə isə, burada heç bir problem yoxdur. Bütün idman növlərində olduğu kimi avqustda başlayan mövsüm mayda başa çatır. Hələ mövsümün əvvəlində idman geyimləri də daxil olmaqla yanaşı, top və digər ləvazimatların da ən yaxşıları əldə olunur ki, idmançıların bu məsələlərə dair şikayətləri olmasın.

Qeyd etmək yerinə düşər ki, hənbolçular üçün nəzərdə tutulan məvacibləri Azərbaycan Həndbol Federasiyası deyil, klublar təyin edir. Maaşların məbləği də Federasiya tərəfindən maliyyələşən klublar tərəfindən müəyyənləşdirilir. Məvaciblərin azaldılması və ya kəsilməsi məsələsi klubların daxili işidir. Subyektiv səbəblərdən məşqlərə qatıla bilməyən həndbolçuların aylıq məvaciblərinin müəyyən edilməsi də klublar tərəfindən həyata keçirilir. Məsələn, “Bakı” klubunun bir neçə oyunçusu ötən ay şəxsi işləri ilə əlaqədar əksər məşqlərdə iştirak etməyiblər. Hətta həmin oyunçular vaxtilə milli komandaya dəvət olunsalar da, məlum səbəblərdən dəvəti də qəbul etməyiblər.

Bütün bunlara baxmayaraq, onlar mətbuatdakı çıxışlarının çox hissəsini fəaliyyətlərindəki nöqsanlara deyil, Federasiyaya böhtan atmağa sərf ediblər. Özlərinə haqq qazandırmaqda heç bir real arqumentləri olmadığı üçün hazırda müxtəlif bəhanələr uydurmaqdadırlar. Real vəziyyətdən uzaq olan bu mövqe faktiki olaraq onların acizliyinin əlamətidir.

Eyni zamanda təhqirə əl atmaqdan belə çəkinməyən həmin həndbolçuların nəzərinə çatdırırıq ki, SSRİ yığma komandasının üzvü, SSRİ Çempionatının mükafatçısı Vidadi Əliyev "Əməkdar bədən tərbiyəsi və İdman xadimi" adına layiq görülüb və 1981-ci ildən etibarən məşqçi kimi fəaliyyət göstərir.

Görəsən idmana dair elementar nəzəri bilgisi olmayan sözügedən həndbolçuların bütün məsələlərə qərəzli yanaşması gülünc deyilmi?

Görünən odur ki, bu cür əsassız məlumatların yayılması federasiyanın reputasiyasına mənfi təsir göstərilməsi cəhdinin yeni bir bir nümunəsidir.

Bu kimi xəbərləri böyük təəssüf hissi ilə qarşılayır və onların yayılmasının arxasında duran səbəblərdən asılı olmayaraq bəyan edirik ki, bütün bunlar fəaliyyətimiz üçün heç bir əngəl törədə bilməz.

Bir sözlə, bilərəkdən belə məlumatların mətbuata çıxarılmasının səbəbi ictimai rəyi çaşdırmaq, federasiyanın həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmaqdır.

O ki qaldı komandalarla görüşmək məsələsinə, bu məlumatın da heç bir əsası yoxdur. Federasiya tərəfindən həndbolçularla müntəzəm şəkildə görüşlər təşkil olunur, onların problemlərinin həlli üçün lazımi addımlar atılır. Bundan sonra da, eyni tədbirlər davam etdiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər