Ru
10:16 / 24 Dekabr 2025

Almaniyanı silkələyən 32 yaşlı azərbaycanlı psixiatriyaya yerləşdirildi

Almaniyanı silkələyən 32 yaşlı azərbaycanlı psixiatriyaya yerləşdirildi
Eye

Xəbər verdiyimiz kimi, Almaniyanın Hessen vilayətinin Gissen şəhərində 32 yaşlı azərbaycanlının avtomobillə bir neçə nəfəri yaralaması ilə nəticələnən qəzayla bağlı aparılan istintaqda terror və ya siyasi motiv ehtimalı istisna edilib.

Polis və prokurorluğun yaydığı məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən sürücünün psixi xəstəlikdən əziyyət çəkməsi ehtimalı əsas versiya kimi araşdırılır. O, saxlanıldıqdan sonra məntiqsiz ifadələr verib, bu səbəbdən hadisənin motivləri hələlik müəyyən edilməyib.

İstintaqın ilkin nəticələrinə əsasən, şübhəli şəxs kəskin psixoz vəziyyətində avtomobili təhlükəli şəkildə idarə edib. Prokurorluğun müraciəti ilə məhkəmə onun xüsusi psixiatriya müəssisəsinə yerləşdirilməsi barədə qərar çıxarıb. Şübhəlinin psixi vəziyyətinin qiymətləndirilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunub.

Hadisə iki gün əvvəl günorta saatlarında şəhərin mərkəzi yollarından birində baş verib. Sürücü yüksək sürətlə qarşı yolda dayanmış avtomobilə çırpılıb. Zərbənin təsiri ilə həmin avtomobil avtobus dayanacağı istiqamətinə doğru sürüklənib və orada gözləyən 64 yaşlı qadına dəyib. Araşdırma zamanı vurğulanır ki, ağır yaralanan qadın birbaşa şübhəlinin idarə etdiyi avtomobil tərəfindən vurulmayıb. Ona xəsarət yetirən şübhəlinin çırpıldığı digər avtomobil olub. Bu məqam istintaq tərəfindən xüsusi olaraq qeyd olunur.

Bundan əvvəl sürücünün avtomobili ilə bir neçə nəqliyyat vasitəsini əzdiyi, nəticədə iki nəfərin yüngül xəsarət aldığı bildirilir. Daha sonra o, avtomobillə hərəkətini davam etdirərək səkiyə çıxıb və daha iki nəfəri yüngül yaralayıb. Son toqquşmadan sonra 29 yaşlı bir şəxs sürücünü saxlayaraq polis gələnədək onu buraxmayıb.

Ümumilikdə hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Onların arasında sürücünün özü və şok keçirən iki nəfər də var.

Prokurorluq Azərbaycan əsilli, son dövrlər Gissendə yaşayan şəxsi adam öldürməyə cəhd, yol hərəkətinə təhlükəli müdaxilə və qəsdən sağlamlığa zərər vurma maddələri ilə ittiham edir. Hadisənin dəqiq mexanizmini müəyyən etmək üçün yol-nəqliyyat ekspertizası aparılır.

İstintaqa Hessen Dövlət Kriminal Polisi rəhbərlik edir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı foto və video materialları olan şahidləri əməkdaşlığa çağırıb.

Qeyd edək ki, hadisədən sonra yaxınlıqdakı Milad yarmarkasında təhlükəsizlik tədbirləri gücləndirilib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar