Ru
12:59 / 21 May 2022

Azərbaycan ziyalıları Rüstəmxanlı işığına toplaşdılar - Bir kitaba sığmayan biblioqrafiya - FOTO-VİDEO

48654
Mayın 19-u Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.


Kitab Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasına daxildir. Biblioqrafiyada S. Rüstəmxanlının kitabları, əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, yazıçının həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılıb. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulub.


Azərbaycan Milli Kitabxanasında keçirilən mərasimdə millət vəkilləri, yazıçılar və bir sıra görkəmli şəxslər iştirak edib.





BİR KİTABA SIĞMAYAN BİBLİOQRAFİYA



Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Xalq şairinin 75 illiyi ilə əlaqədar Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrafiyada görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir:




“Azərbaycan dövlətçiliyinin, ədəbiyyatının, müstəqilliyinin ümumilikdə mədəniyyətinin inkişafındakı rolunu nəzərə alaraq Sabir müəllimin “Biblioqrafiya” kitabını çap etmişik. Bunu kitabxanamız adından ona hədiyyə edirik. Sabah Sabir müəllimin ad günüdür. İstərdim ki, hamının, bütün oxucularının adından onu təbrik edək. Arzu edirəm ki, dostları, yaxınları, qələm yoldaşları, oxucuları həmişə onun ad gününə belə hədiyyələrlə gəlsinlər. Bu gün iki hədiyyəmiz var. Biri “Biblioqrafiya”, digəri isə Ədəbiyyat institutunun Sabir müəllimə həsr etdiyi “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanın təqdimatıdır.

Düşünürəm ki, bu kitablar Sabir müəllimin ad günü üçün ən böyük hədiyyədir. Onu da deyim ki, S. Rüstəmxanlının Biblioqrafiyası standartlardan kənara çıxdı. Çünki onun əsərlərinin sayı, məqalələri, haqqında yazılanlar o qədər çoxdur ki, ənənəvi biblioqrafiya həcmində çap edə bilmədik”.



SABIR RÜSTƏMXANLI BU XALQA BİR ORDU QƏDƏR XİDMƏT EDİB



Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli:





"Tədbir S. Rüstəmxanlının ad günü ilə eyni vaxta düşdüyü üçün sözlərimə onu təbrik edərək başlamaq istəyirəm. Bura dəvət olunanlardan başqa, gələnlər də çoxdur. S. Rüstəmxanlının 75 illiyində teatrda keçirilən tədbir yadıma düşdü. O gün mən yubiley mərasiminə 5 dəqiqə qalmış çata bildim. Zal dolu idi. Çöldə qalan həvəskarların sayı zaldakılardan az deyildi.

S. Rüstəmxanlının hələ gənclik illərindən, bədii ədəbiyyata başladığı dövrdən bugünəqədərki yazdığı əsərlərin baş mövzusu vətən, millət, müstəqillik, dövlət, azadlıq və xalqın taleyi ilə bağlı olan məsələlərdir. S. Rüstəmxanlı vətəndaşlıq motivləri zəminində köklənmiş əsərləri ilə Azərbaycanın milli istiqlalına çox böyük fayda verib. Abbas Səhhətin bir ifadəsinə iqtibas edərək demək istəyirəm ki, S. Rüstəmxanlının yaradıcılığı Azərbaycanın milli istiqlalına, vətəndaşlıq ədəbiyyatı poeziyasının yaranması və inkişafına sözün əsl mənasında bir ordu qədər xidmət göstərib. Azərbaycanda milli-mənəvi dəyərlərin, milli azadlıq düşüncəsinin, azərbaycançılıq ideyasının türk dünyası ümidlərinin şərh olunmasında onun müstəsna rolu var.

Sovet hakimiyyəti illərində uzun müddət yazılmamış bir qayda kimi yazıçıların sağlığında onlar haqqında monoqrafiya yazmaq tövsiyə olunmayıb. Həmin dövrdə sovet xalqı nəzəriyyəsi var idi. Tələb olunurdu ki, şəxsiyyətlər barədə yox, ədəbiyyat problemlərindən yazılsın. Bu səbəblərə görə klassiklərimizin belə həyat və yaradıcılığı haqında yaza bilmirdik. Amma indi biz bu işə başlamışıq. Düşünürəm ki, şəxsiyyətlər haqqında çoxlu kitablar yazmalıyıq. Bu istiqamətdə ilk işimizin S. Rüstəmxanlıyla bağlı olması da məncə, təsadüf deyil.

S. Rüstəmxanlı o xoşbəxt sənətkarlardandır ki, onun yaradıcılıq bioqrafiyası ilə ömür tarixçəsi bir-birini tamamlayır. Əsərlərində Azərbaycanın milli istiqlalını dönmədən, ürəklə, bütün təbiiliyi və reallığı ilə tərənnüm edən S. Rüstəmxanlı həyatda da 90-cı illərin başlanğıcından bu günə kimi dövlət müstəqilliyimizin qorunması, daha da inkişaf etdirilməsi, möhkəmlənməsi uğurunda həm şair, həm vətəndaş, həm də millət vəkili kimi çalışmaqda davam edir. Onun yaradıcılıq idealları ilə ictimai-siyasi idealları bir-birini tamamlayır. Adətən yaşının bu çağını yaşayanlar ya yaradıcılığı önə çəkib, ictimai-siyasi fəaliyyəti arxa plana atır, ya da əksinə. S. Rüstəmxanlı isə bu gün həm Azərbaycan müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi cəbhəsində, həm də müqəddəs ədəbiyyat cəbhəsində yorulmadan gənclik enerjisi ilə, həvəslə, məsuliyyətlə çalışmaqda davam edir.



5 YAZIÇI VARSA, ONUN BİRİ SABİR RÜSTƏMXANLIDIR


Bu cəhətdən S. Rüstəmxanlı bir örnəkdir. Hörmətli K. Tahirov dedi ki, S. Rüstəmxanlı haqqında tərtib olunan biblioqrafiyanın həcmi böyük olduğundan onu ənənəvi formada çap edə bilmədik. Ümumiyyətlə, o heç vaxt ənənəyə sığmayıb, onu inkişaf etdirib, böyüdüb. Biblioqrafiyanın böyük həcmi də bunu, onun həyat və yaradıcılığının bənzərsiz, orijinal olduğunu göstərir. Bu gün Azərbaycan ədəbiyyatını müstəqillik dövründə inkişaf etdirən, dünyana tanıtdıran 10 yazıçı varsa, biri S. Rüstəmxanlıdır. 5 yazıçı varsa, yenə biri S. Rüstəmxanlıdır. Onun həm poeziyası, həm nəsri, həm publisistikası bir biblioqrafiyaya sığmayacaq qədər möhtəşəmdir”.





MONOQRAFİYA HAZIRLANARKƏN ƏLAVƏ İKİ KİTAB YAZILDI



AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas alim, professor Tehran Əlişanoğlu çıxışında “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanın hazırlanmasından danışıb:

"Ən qədim dövrlərdən bu günə qədər bizim institutumuz ayrı-ayrı şöbələrdə ədəbiyyatımızı izləyir. Ona görə də bir neçə il qabaq İsa müəllim bizim institutun qarşısına tapşırıq qoydu ki, bütün şöbələr tədqiqat proqramlarını öz dövrlərinə uyğun olaraq ədəbiyyatımızın şəxsiyyətləri üzərində qursun, onların həyat və yaradıcılıq monoqrafiyasını ortaya qoysunlar. Biz də 2 il qabaq bu işə başladıq. İlk monoqrafiyanın S. Rüstəmxanlıya həsr olunması barədə İsa müəllimlə razılaşdıq. Bizim şöbə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı adlanır. Müstəqillik dövrü ədəbiyyatının yaradıcı və tədqiqatçılarından birinci S.Rüstəmxanlının adını çəkmək olar. Müstəqillik hərəkatı yaranandan ədəbiyyata gətirən ilk şəxslərdən biri S. Rüstəmxanlı olub. Bu onun həyat yolu və yazdıqları ilə təsdiqlənir.

Biz bu kitabda S. Rüstəmxanlının həyat və yaradıcılığını, janr yaradıcılığını bütövlükdə əhatə etməyə çalışmışıq. Kitabımızın başlıca ideyası da bundan ibarətdir. Kitab haqqında tədqiqatlarımız gedərkən bu kitab əsasında bir neçə kitab da yaranıb. Onlardan biri Rahid Uluselin S. Rüstəmxanlının həyat və fəaliyyətinin fəlsəfi çözümünü verən bir monoqrafiyasıdır. Bizim kitab çıxmazdan əvvəl şöbəmizin əməkdaşı, Filologiya elmləri doktoru Salidə Şərifovanın S. Rüstəmxanlının yaradıcılığının janr xüsusiyyətlərini öyrənən ayrıca bir monoqrafiyası da çıxdı. Bizim kitabımızda R. Ulusel və S. Şərifovanın tədqiqatlarından başqa S. Rüstəmxanlının nəsr yaradıcılığı da izlənilib. S. Rüstəmxanlı daha çox şair kimi tanınsa da, onun nəsr yaradıcılığına da diqqət çəkilib".


O, ƏSLİNDƏ, XALQ ŞAİRİ VƏ YAZIÇISI ADINI DAŞIMALIDIR



Sonra çıxış edən Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli S. Rüstəmxanlı yaradıcılığının 3 dövrə bölündüyünü deyib:





"İlk olaraq 70-ci illər. Bu illərin Sabir yaradıcılığı üçün nə olduğu əsərlərində aydın görünür. “Tanımaq istəyirəm”, “Sevgim sevincim”, “Xəbər gözləyirəm” kitabları ilə S. Rüstəmxanlı şairlik keyfiyyətlərini ortaya qoydu və artıq Azərbaycan şairlərinin sıralarına gəldiyini bəyan etdi. 2-ci hissə isə Sabir yaradıcılığında yeni bir mərhələ oldu. Bu ağır bir mərhələdə Sabir müəllim “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı” ilə gündəmə gəldi. Bu ifadələr imperiya əsarətinin cızdığı səviyyədən başını yuxarı qaldıran hər kəsin aqibətinin dəhşət və fəlakət olduğu bir dövrdə yarandı. Əslində, siyasi leksikonumuza daxil olan “qan yaddaşı” ifadəsi Azərbaycan tarixinə çox uyğun gəlir. 12 aylıq ilimizin 11 ayında faciə var. Yanvarın 20-si başlayır, noyabrın 20-si vertolyot qəzası ilə bitir. Sabir yaradıcılığının 3-cü mərhələsində artıq Azərbaycan-Türk poeziyasının atəş xəttinin önünə keçir. Bu “Ömür kitabı” adlanan bir kitabla başlayır. Əslində, bu hər hansı bir zaman kəsiyində baş verən hadisə deyildi. Bütövlük dastanının (dastançasının), əsası qoyulmuş ideyanın bir növ tamamlanması idi. Onun əsərləri həm də milli ruha çağırır və qeyrətlə silahlandırır. Haqqa arxalanan mübarizə mövzulu şeirlərində, böyük və əzəmətli tarixindən uzaq düşən, bütün varlığını, ruhunu milli sərvət qurmağa kökləyir. O, əslində, Xalq şairi və yazıçısı adını daşımalıdır. Siz onun son illərdə yazdığı əsərlərə diqqət edin. Bu əsərlərlə S. Rüstəmxanlının yaradıcılığında nəzm nəsri üstələyir.
Mənə elə gəlir ki, şeir beynin məhsulu, ürəyin ritmidir. Allah tərəfindən belə verilib. Xoşbəxt o şairdir ki, onun ürək döyüntüsü, xalqın ürək döyüntüsü ilə eynidir. Məhz S.Rüstəmxanlı kimi.


Şairin bir misrası onun bütün varlığını müəyyən edir. “Niyə gözün yaş axıdır, məgər ömrün o çağıdır? Ürək Allah ocağıdır, ürəkdə kin saxlamazlar”. Sabirin fəlsəfəsi, ürək döyüntüləri bu misrada aydın görünür. Bunu bir faktla deyim. Türkiyəyə uçurduq. Göyün 7-ci qatında adını çəkməyəcəyim 2 nəfərdən söhbət düşdü. Onlardan gileyləndik. Çünki həmin şəxslərlə bir yerdə oturub, yeyib-içib, durmuşuq, yaxın olmuşduq. Amma onlar Sabir haqqında şər-böhtanla dolu yazı yazıblar. Bu təbiətin işidir, Tanrı belə yaradıb. Yaxşılığa pislik, pisliyə yaxşıyıq, təbiidir. Zaman keçdi 2 ildən sonra bir gün Sabir dedi mən durub getmək istəyirəm. Dedim xeyirdimi? Dedi 1 nəfərin məhkəmə işi var, ona kömək etmək istəyirəm. Dedi, bilirsən bu kimdir? Filankəsdir... Onun haqqında yazanı deyirdi. Dedim, elə onun yazdıqları sənə halaldır. Mən olsaydım, nəinki onun xilas olması üçün çalışardım, əksinə cəzasının ağırlaşdırılması üçün əlimdən gələni edərdim. Bax, bizim Sabir belə Sabirdir. Yaşa! Yarat! Sev! Sevil!”




XALQ ŞAİRLƏRİNİN ƏN CAVAN UŞAĞI – SABİR RÜSTƏMXANLI


Xalq yazıçısı Çingiz Abdullayev:


"Gənc nəsil bilmir 1987-1989-cu illərdə bu hadisələr başlayanda insanlar hansısa idarələrə getmirdilər, yazıçıların evlərinə gəlirdilər, tələb edirdilər ki, bizə yol göstər. Bizə de biz neyləyək. İsmayl Şıxlı, Xudu Məmmədov, Yusif Səmədoğlu, Aydın Məmmədov, hamısını bir-bir saya bilərəm. Təbii ki, onların arasında S. Rüstəmxanlı da olub. O vaxt onu həbs də etmək istəyirdilər, edirdilər də, döyürdülər də. İndi çox adam bəlkə də, bunu bilmir. Bəli, onun başını da yarmışdılar.


75 yaşı keçib. Amma xalq şairlərinin arasında ən cavan uşaqlar Ramiz Rövşənlə S. Rüstəmxanlıdır. Ona görə ki, Azərbaycanda cəmi 4 Xalq şairi var. Biri 91 yaşlı Nəriman Həsənzadə, biri 80-ə yaxın yaşı olan Vahid Əziz və iki cavan uşaq, 76 yaşlı S. Rüstəmxanlı və R. Rövşən.


8 Xalq yazıçısı var. Fəxr edirəm ki, biz bir gündə bu böyük adı almışdıq. İlham Əliyev mənim üçün əfsanə olan N. Həsənzadə ilə Gülhüseyn Hüseynoğluya bu böyük adları vermişdi. Hesab edirəm ki, bu bizim ədəbiyyatımıza böyük hörmətdir. Yaşat Fondundan 3000 cavan uşaqlarımız döyüşə gedib, şəhid olub. Orada 60 yaşlı insanlar olmayıb. Həlak olanlar 20-25 yaşlı insanlardır. Mən bunu dəfələrlə demişəm. Onlar bizə, hörmətli Prezidentə inanıblar. Yazılarımıza, şairlərimizə, yazıçılarımıza, müəllimlərimizə inanıblar. Heç vaxt Qarabağı, Şuşanı, Ağdamı, Füzulini görməyən cavan uşaqlarımız gedib şəhid olub. 11 yazıçı öz övladını itirib. Xalq Şairi Xəlil Rza, Xalq Yazıçısı Sabir Əhməd və s. Sözdə yox, əməldə öz uşaqlarını göndəriblər və onlar həlak olub.


Təbii ki, bizim yazılarımız, bəlkə birincilərin sırasında olan S. Rüstəmxanlının nəinki yazıları, indi çıxan "Biblioqrafiya”sı da tarixdə qalacaq. Onun başqa çıxışları da olub. Mitinqlərdə çıxışlar edib. Başa düşürdülər ki, kimisə həbs edəcəklər, kimisə harasa göndərəcəklər. Heç kəs bilmirdi, Sabirə nə olacaq. Sabiri həbs edəcəklər, ya da nazir qoyacaqlar. O sabahı məlum olmayan zamanlarda böyük şücayət göstərdi, xalqın yanında oldu. Amma nazir olandan sonra da dəyişmədi. Mən onunla İranda, Kərbəlada, Türkiyədə də, Moskvada da olmuşam. O dəyişməyib. Nazir olanda da, deputat olanda da, Xalq Şairi olanda da. Cavanlar 1980-1990-cı illərin necə çətin vaxtlar olduğunu bilməyəcək. Yazıçıların fəaliyyətlərini necə apardığını, cəsarətlə çıxış etdiklərini bilməyəcəklər ".





Azərbaycanda Atatürk Mərkəzinin direktoru, deputat Nizami Cəfərov:


"S. Rüstəmxanlı niyə həm şair şair, həm yazıçı, həm publisist, həm alim oldu? Çünki Azərbaycanda tarix elə gətirib ki, bu səlahiyyətli missiyaların hamısı ədəbiyyat adamının boynuna düşüb. Hər şey ədəbiyyat adamından başlayıb. Sabir müəllim yaradıcılığına səmimi başlayıb. Bu millətin oğlu kimi başlayıb. O "Səttar Bəhlulzadə küçəsi", "Bakı Sovetinə məktub", "Anamın məktubu"...


Anamın yazısı köhnə əlifba,
Anamın əsəsi mənə məktublar,
Başqa nə oxumaq keçir könlümdən,
Nə də yazı-pozu hövsələsi var...


Kim sözə bu qədər can verə bilər?
Çox da xətti pisdi, vərəqi sarı,
Ana məktubları mənim gözümdə
Dünyanın ən nadir əlyazmaları


Bu cür mükəmməlliyi ən səmimi duyğularla bağlamaq böyük işlərdi. Sabir müəllimgilin ədəbi nəsli millətin əhval-ruhiyyəsilə yaşayıb-yaradırdı.


Sabir müəllimin yaradıcılığının əhatə olunduğu bu kitab çox dəyərlidir. Bizim elə şairlərimiz var ki, bütün şeirlərini, əsərlərini yığsaq belə, bu ölçüdə olmaz. Bu mənada çox böyük, möhtəşəm bir yaradıcılıqdır. Sabir müəllim milli şəxs kimi, milli təşəbbüskeş kimi gənc yaşlarından dost qabağına da, düşmən qabağına da çıxarılası adam olub. Dünyanın hansı yerində olsa, bütün məclislərdə birinci xalqını, sonra da öz şəxsiyyətini tam gücüylə heç nədən çəkinmədən, qorxmadan, eyni zamanda intellektlə təmsil edib. Ona görə də e.q olsun sizə. İnanıram bundan sonra da möhtəşəm əsərlər yaradacaqsız. Və sonda onu deyim ki, çox yaxşı ki, Sabir müəllimin Tənzilə xanım kimi bir müdafiəçisi var. Bir neçə məclis olub ki, mən bir mövzuda danışanda mən Sabir müəllimin adını çəkməmişəm, mənə izah edib ki, onun da adını çəkmək lazımdı. Bu adama çox xoş gəlir”.




Daha sonra Dövlət Tərcümə Mərkəzinin rəhbəri Xalq yazıçısı Afaq Məsud, Şair Məmməd İsmayıl, “Azərnəşr”in direktoru Əlövsət Ağalarov, sabiq millət vəkili Elton Məmmədov və başqaları çıxış edib.

Sonda Xalq şairi S. Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edənlərə və təşkilatçılara təşəkkür edib. Biblioqrafiya, onun bölmələri, əhatə genişliyindən bəhs edərək əməyi keçən hər kəsə minnətdarlığını bildirib.






Hazırladı: Aynur ibrahimova
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər