Ru
14:13 / 29 İyul 2025

Azərbaycanın “İbrahim sazişlərinə” qoşulması... - İsraildən ilginc iddia

Azərbaycanın “İbrahim sazişlərinə” qoşulması... - İsraildən ilginc iddia
Eye

Azərbaycanın “İbrahim sazişlərinə”nə qoşulması son vaxtlar beynəlxalq siyasi dairələrin və medianın marağındadır. Xüsusilə İsrailin hökumətyönlü “Kanal 7” telekanalının mövzuya həsr etdiyi geniş məqalə bu mövzunu yenidən gündəmə gətirib.

Bakupost.az xəbər verir ki, kanal adı açıqlanmayan siyasi mənbəyə istinadla bildirib ki, bu istiqamətdə atılacaq addımlardan biri də ABŞ ilə Azərbaycanın yaxınlaşması üçün nəzərdə tutulmuş modeldir.

Mənbə əlavə edib ki, bu həftə ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə respublikaçı senator Stiv Deyns Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, həmçinin Azərbaycan ilə İsrail arasında diplomatik və enerji əlaqələri barədə danışıb.

Müzakirələr zamanı Deyns SOCAR ilə İsrail arasında imzalanan qaz sazişindən bəhs edərək bildirib ki, bu saziş enerji təhlükəsizliyini möhkəmləndirəcək. O əlavə edib ki, Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Diklə də görüşüb və Bakı ilə Qüds arasında tarixi əməkdaşlıqdan təsirləndiyini bildirib.

ABŞ-nin İsraildəki keçmiş səfiri Daniel Şapiro da həmin Senat dinləmələrində çıxış edərək Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq potensialını izah edib:

“Bəzən insanlar soruşurlar: “İbrahim sazişləri” necə genişlənə bilər? Bəlkə də Azərbaycan? Azərbaycan artıq uzun illərdir ki, İsraillə diplomatik münasibətləri saxlayır və bu razılaşmalardan xeyli əvvəl İsraillə əlaqələri olan aparıcı müsəlman ölkələrindən biridir. Azərbaycanın bu razılaşmalara qoşulmasının strateji əhəmiyyəti danılmazdır. İsrailin digər ərəb və müsəlman ölkələri, o cümlədən Cənubi və Mərkəzi Asiyadakı bəzi dövlətlərlə əlaqələrinin möhkəmlənməsi üçün də burada körpülər qurmaq potensialı mövcuddur.”

Eyni zamanda mənbə bildirir ki, ABŞ və Azərbaycan prezidentləri arasında yaxınlaşma müşahidə olunur.

Bu həftə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının videosunu paylaşaraq, Əliyevin onu bəyəndiyini nümayiş etdirib.

Qeyd olunur ki, Tramp ilk dəfə olaraq xarici dövlət başçısının çıxışını öz sosial şəbəkəsində paylaşıb. Bu iki lider arasında xüsusi münasibətin göstəricisi kimi qiymətləndirilir.

Mənbə Vaşinqton ilə Bakı arasındakı münasibətlərin artıq bir müddətdir ki, istiləşdiyini bildirir.

2025-ci ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub ki, bu da ötən illə müqayisədə 36% artım deməkdir.

Azərbaycan Xəzər dənizindən Cənubi Avropaya qaz nəql edən enerji dəhlizinin əsas mərkəzinə çevrilib və bu, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq səyləri baxımından olduqca vacibdir.

Bildirilir ki, ABŞ administrasiyası Şərqi Avropa və Mərkəzi Asiyadakı təsirini yenidən nəzərdən keçirdiyi bir vaxtda, Azərbaycan həm İsrailin tərəfdaşı, həm də yeni geosiyasi səhnədə əsas oyunçulardan biri kimi mövqeyini möhkəmləndirir.


Bütün bunların fonunda Azərbaycanın sazişə qoşulmaq imkanları ətrafında daxili ekspert şərhləri də gündəmə gəlib. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Bakupost.az -a açıqlamasında öncə bu sazişin ərəb dövlətləri və İsrail arasında barışığı nəzərdə tutduğuna diqqət çəkdi:

""İbrahim sazişi"nin tətbiqinə Donald Trampın birinci prezidentliyi dövründə başlanılıb. Məqsəd isə ABŞ-nin vasitəçiliyi ilə ərəb ökələri və İsrail arasında münasibətlərin normallaşdırılması idi. Hazırda bu sazişlərə böyük ehtimalla yeni məzmun gətirilib. Lakin bu yeni məzmunu hələ ki, görməmişik. Tramp Administrasiyasının nümayəndələri bildirirlər ki, kəmiyyət artırılacaq. Amma dəyişikliyin nədən ibarət olması məlum deyil.”

Politoloq hesab edir ki, hazırkı vəziyyətdə Azərbaycanın bu sazişə qoşulması real görünmür:

“30 ildən artıqdır ki, Azərbaycanın İsraillə diplomatik əlaqələri var, münasibətlər çoxşaxəlidir. Azərbaycanın İsraillə hansısa problemi yoxdur ki, onu “İbrahim sazişi” ilə həll edək. Ona görə, hazırkı vaxtda yeni müqavilə imzalansa, başa düşərik ki, bu, nəyi nəzərdə tutur. Hələ ki, bu görünmür. Azərbaycan-İsrail münasibətləri ABŞ-nin vasitəçiliyi olmadan onsuz da yüksək səviyyədə inkişaf edir. Əgər müqavilədə dəyişiklik olarsa, Azərbaycan onu nəzərdən keçirilə bilər.”

Siyasi şərhçi Elçin Alıoğlu isə hesab edir ki, Azərbaycan "İbrahim saziş"lərinə qoşularsa, bu, sadəcə diplomatik qərar deyil, tam mənada geosiyasi zəlzələ olacaq:
“Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması təkcə diplomatik addım kimi dəyərləndirilə bilməz. Bu, bütöv bir regionun geosiyasi memarlığını yenidən formalaşdıran mühüm dönüş nöqtəsi olacaq. Bu qərar Bakıya yeni investisiya imkanları açacaq, Qərb və İsraillə hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirəcək və ölkənin Şərq ilə Qərb arasında mühüm strateji mərkəz kimi mövqeyini gücləndirəcək.

Əsas sual Azərbaycanın bu istiqamətdə necə irəliləyəcəyi və bunun uzunmüddətli nəticələrinin nədən ibarət olacağıdır.

Bir məsələ şübhəsizdir: əgər Bakı bu tarixi addımı atmağa qərar versə, bu, sadəcə diplomatik manevr deyil, Azərbaycanın beynəlxalq siyasətdə yeni yerini elan edən bəyanat olacaq.

Bu razılaşmalar göstərdi ki, Yaxın Şərqdə ideoloji fərqlər tədricən iqtisadi və strateji maraqlara tabe olur. “İbrahim sazişləri” beynəlxalq münasibətlərin yeni modelini təqdim edərək, iştirakçı ölkələrə geniş əməkdaşlıq imkanları açdı. Azərbaycanın bu təşəbbüsə mümkün qoşulması isə sadəcə mövcud münasibətlərin rəsmi təsdiqi deyil, Bakının regional və qlobal siyasətdəki rolunun yenidən dəyərləndirilməsi anlamına gələ bilər.

Vaşinqtonun Bakı-Təl-Əviv əməkdaşlığını gücləndirməkdə maraqlı olmasının bir neçə səbəbi var. ABŞ-nin Atlantika Şurasının son hesabatına əsasən, Azərbaycan Avropanın enerji təhlükəsizliyində və Mərkəzi Asiyanın yeni geosiyasi landşaftının formalaşmasında həlledici rol oynayır. İsrail isə Azərbaycanı regionda İran və Rusiyanın təsirini balanslaşdıra biləcək mühüm strateji tərəfdaş kimi görür. ABŞ üçün isə Bakı ilə münasibətlərin dərinləşdirilməsi İsraillə əməkdaşlıq modelinin uğurla tətbiq edildiyi bir nümunə kimi dəyərləndirilir. Bu kontekstdə Azərbaycanın strateji əhəmiyyəti daha da artır.”

Siyasi ekspert Kənan Rövşənoğlu bildirib ki, planın 2 əsas hissəsi var:


“Birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. Sənədin adı da ona görə İbrahim seçilib ki, həzrət İbrahim (ə) ərəb və yəhudilərin atası hesab olunur. İslam dininə görə, ərəblər Həzrət İbrahimin oğlu İsmailin, yəhudilər isə İshaqın soyundan gələnlərdir. Yəni “İbrahim sazişi” ərəb və yəhudiləri barışdırmağa hesablanıb. 2020-ci il, sentyabrın 15-də bu sazişin ilk uğuru olub, BƏƏ, Bəhreyn və İsrail arasında barışıq və əlaqələrin qurulması sənədi imzalanıb: “Bununla da Misir və İordaniyadan sonra daha iki ərəb dövləti, sonrakı dövrdə isə Mərakeş və Sudan da bu sazişə qoşulmaqla ümumilikdə 6 ərəb ölkəsi sazişə qoşuldu. Ancaq 2023-cü il oktyabr müharibəsi bu prosesi pozdu. Digər tərəfdən, sazişin əsas həssas nöqtəsi Fələstin məsələsində ciddi problemlər var, İsrailin 1967-ci il müharibəsindən sonra tutduğu əraziləri geri qaytarmasını tələb eləmir. Buna görə də Fələstin münaqişəsində bu saziş ciddi rol oynamayacaq. Lakin Trampın hakimiyyəti dövründə bu prosesin yenidən aktivləşəcəyi ehtimalı yüksəkdir. Çünki Trampın komandası və elektoratı əsasən yevangelistlərdən ibarətdir. Onlar isə İsrail məsələsində həddən artıq həssas və dəstəkçi mövqedədir”.

Azərbaycanın İsraillə qurduğu münasibətlər, müsəlman dünyasında bir nümunə kimi də qiymətləndirilə bilər. Məhz bu baxımdan ABŞ-ın 50-dən çox yəhudi ravvini Donald Trampa müraciət edərək, “İbrahim sazişi”nin genişləndirilməsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi türk dövlətlərinin də bu təşəbbüsə daxil edilməsini təklif edib. Bu müraciət göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız enerji və təhlükəsizlik tərəfdaşı deyil, eyni zamanda regionda sabitliyin qurulmasında potensial vasitəçi kimi də görməyə başlayır.

Qeyd edək ki, İbrahim Sazişi İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ tərəfindən 13 avqust 2020-ci ildə imzalanmış birgə bəyanatdır. Termin həmçinin ümumi olaraq sülh sazişlərinə, yəni müvafiq olaraq İsrail-Birləşmiş Ərəb Əmirlikləri Sülh Müqaviləsi və Bəhreyn-İsrail Normallaşma Sazişinə istinad etmək üçün istifadə edilmişdir. Bu, 1978-ci il Misir Sülhü və 1994-cü il İordaniya Sülhündən sonra ilk dəfədir ki, bir ərəb dövləti İsraillə normal münasibətlər qurmasını rəsmiləşdirir. ABŞ-nin sentyabrın 11-də elan etdiyi müqavilə 15 sentyabr 2020-ci il tarixində Ağ Evdə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani və BƏƏ xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən imzalanıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə sülh müqaviləsi rəsmi olaraq “İbrahim Sazişi” adlanır. Anlaşma memorandumu, Birləşmiş Ərəb Əmirlikləri və İsrail Dövləti arasında tam diplomatik münasibətlərin normallaşdırılması, Bəhreyn və İsrail arasında sülh müqaviləsi isə rəsmi olaraq “İbrahim Sazişi” sülh, dostluq, əməkdaşlıq bəyannaməsi adlanır.

Bəhreyn və BƏƏ heç vaxt İsraillə müharibədə iştirak etməsələr də, Körfəz ölkələri 1948-ci ildə müstəqillik əldə etdikdən sonra İsraili boykot etmişdilər. Ərəb ölkələri bu illər ərzində tədricən İsraillə gizli əlaqələr qurub. Elə bu səbəbdən də Fələstin hökuməti razılaşmalara etiraz olaraq Ərəb Liqasının sədri vəzifəsindən çəkilib.

Müqavilə yəhudilikdə və islamda peyğəmbər kimi tanınan və ənənəvi olaraq yəhudilərin və ərəblərin ümumi atası hesab edilən (İshaq və İsmail vasitəsilə) İbrahimin adını daşıyır.


Aysel,
BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar