Nəhayət ki, "Azercell" real həqiqəti açıqlaya bildi. Abonentin tarifdə olub-olmamasından, hansı tarifdə olmasından asılı olmayaraq “1 manat -1 gün” prinsipi qüvvədədir.
Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri, tanınmış mütəxəssis Osman Gündüz bildirib.
Onun sözlərinə görə, tarifə qoşulmuş olmaq avtomatik güzəşt yaratmır:
“Əgər tam məbləğ yüklənmirsə, tarif aktivləşmir və yüklənən məbləğ yalnız günlük istifadəyə çevrilir – əvvəlki sistemdəki kimi nömrənin aylarla açıq qalması artıq mümkün deyil. Yeni qaydalara görə, tarifi yeniləyə bilməyib, onun aylıq haqqından az pul ödəyəcəksənsə, elə ona uyğun da nömrən aktiv olacaq. İstərsə 2 manatlıq tarif, istərsə 20 manatlıq tarif olsun. Sizin nömrəniz aylıqdan az olan həmin yüklədiyiniz məbləğlərə uyğun olaraq aktiv (iki tərəfli) olacaq:
1 manat = 1 gün
2 manat = 2 gün
3 manat = 3 gün və s.
Nömrəniz qalan günlər, 90 gün ancaq zəng qəbul edəcək.
Ola bilər balansınızda pul olacaq, amma götürdüyünüz aylıq tarifə uyğun olmadığından nömrə birtərəfli bağlı olacaq.
Əvvəlki qayda isə kəskin fərqliydi :
1 manat = 5 gün
2 manat = 10 gün
5 manat = 30 gün və s.
“Azercell”in YENİ dəyişikliyi MƏHZ xəttin zəng üçün açıq qalma müddətindədir! İndiyədək 30 gün müddətinə xətti açıq saxlamaq-zəng etmək istəyənlər üçün 5 manat yetərli idi. İndi, yeni qaydalara görə 5 manat ödəyib, yalnız 5 gün danışa biləcəksiniz, balansınızda müəyyən qədər qədər vəsait olmasından asılı olmayaraq.
Bir dövlət şirkətinin müştəri xidmətinin rəhbəri vətəndaşların ziyanına olan, onları daha çox xərcləməyə, daha çox balans yükləməyə səbəb ola biləcək bir prosesi “sərfəli” bir addım olaraq dəyərləndirir”, - o bildirib.
Osman Gündüz onu da qeyd edib ki, “Azercell”in son aylardakı qiymət siyasətindən bu dövlət şirkətinin müştərilərə məcburi davranış dəyişikliyi təklif etdiyi, seçimləri məhdudlaşdırdığını, abonentləri daha çox xərcləməyə təşviq etdiyini görmək olur.
“Bütün bunların da sosial narahatlıqlar və rəqəmsal bərabərsizliklər yaradacağı şəksizdir. Ümumiyyətlə, düşünürəm ki, bu dövlət şirkətinin apardığı siyasətlə bağlı aidiyyəti qurumların da iştirakı ilə bir ictimai müzakirənin təşkili faydalı olardı. Özləri açıqlamasa da, beynəlxalq hesabatlara baxanda görmək olur ki, “Azercell”də ARPU (hər abonent üzrə aylıq orta gəlir) təxminən 5-10 manat civarında dəyişir. Bəlkə də xərcləri hədsiz çoxdur. Belə olan halda isə bu dərəcədə sərt tarif siyasəti aparmaq, xüsusən də dövlət şirkəti üçün anlaşılan deyil. Ümid edirəm, “Azercell” son tarif dəyişikliklərinə, aparılan qiymət siyasətinə aydınlıq gətirən ağlabatan açıqlamalar verəcək”, - o bildirib.
Aytac,
BakuPost