İraq Baş naziri Əli əl-Zeydinin Kürdüstan Regional Hökumətinin (KRH) nəzarətində olan bütün sərhəd keçid məntəqələrinin və neft yataqlarının Bağdadın nəzarətinə veriləcəyi barədə açıqlaması, kürd əhalisinin çox olduğu Ərbil, Dohuk və Zaxoda etirazlara səbəb olub.
“Bakupost” xəbər verir ki, noyabrın 24-də İraq Baş naziri Əli əl-Zeydinin imzaladığı qərarlar və ardınca İraq Federal Ali Məhkəməsinin verdiyi dəstək bölgədə gərginliyi son illərin ən yüksək həddinə çatdırıb.
Baş nazir KRH-nin nəzarətində olan bütün rəsmi və qeyri-rəsmi sərhəd-keçid məntəqələrinin federal qurumlara təhvil verilməsini əmr edib. Artıq İran və Suriya ilə sərhəddə yerləşən iki qeyri-rəsmi keçid məntəqəsinin fəaliyyəti Bağdadın qərarı ilə dayandırılıb.
Qərara əsasən, Kərkük, Ninova, Diyala və Səlahəddin vilayətlərində kürd təhlükəsizlik qüvvələrinin nəzarətində olan neft yataqlarının idarəçiliyi İraq Neft Nazirliyinə verilir. Həmçinin, bundan sonra, regiondan neft və neft məhsullarının ixracı yalnız federal nazirliyin icazəsi ilə həyata keçiriləcək.
Məlumata görə, mərkəzi hökumət bu addımları dövlət şirkəti olan "North Oil Company"də aparılan araşdırmalardan sonra neft qaçaqmalçılığına və korrupsiyaya qarşı mübarizə ilə əsaslandırır.
Bu arada ABŞ Prezidenti Donald Tramp da İraqın Baş naziri Əli əl-Zeydinin dövlət hakimiyyətinin möhkəmləndirilməsi, neft qaçaqmalçılığı və korrupsiyaya qarşı mübarizə üzrə səylərini dəstəklədiyini bəyan edib.
O, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Biz İraqın Baş naziri Əli əl-Zeydinin ölkənin bütün ərazisində dövlət hakimiyyətinin təmin edilməsi, İraq neftinin qaçaqmalçılığına son qoyulması, korrupsiyaya qarşı mübarizə və bütün silahların yalnız dövlətin nəzarətinə verilməsi üzrə səylərini dəstəkləyirik", - Tramp yazıb.
Rəsmi Bağdadın bu addımı bölgədə kürdlərlə növbəti qarşıdurmaya gətirib çıxara bilər?
Konfliktoloq Azər Hüseynov
“Bakupost”a bildirib ki, İraq hökumətinin bu günə qədər atdığı addımlar ölkədə qeyri-rəsmi hərbi birləşmələrin silahsızlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin kifayət qədər ciddi xarakter daşıdığından xəbər verir:
“Görünən odur ki, Bağdad hökuməti bu məsələdə israrlıdır və prosesi davam etdirmək niyyətindədir”.
Ekspertin sözlərinə görə, Tramp adminstrasiyasının da prosesdə maraqlı olması rəsmi Bağdadın hərəkətə keçmək üçün əl-qolunu açıb:
“Baş verənlər onu deməyə əsas verir ki, regional oyunçularla yanaşı, Amerika Birləşmiş Ştatları da bu prosesdə maraqlıdır. Çünki İran nefti və qazı əvəzinə İraqın enerji resurslarının dünya bazarına çıxarılması üçün müəyyən siyasi və iqtisadi zəminin hazırlanması vacibdir”.
Bütün hallarda müsahibimizə görə, həyata keçirilən tədbirlərin ciddi narazılıqlara, hətta kürd qruplaşmalarla silahlı qarşıdurmalara səbəb olması istisna deyil:
“Müəyyən mənada, proseslərin inkişafı Suriya ssenarisini xatırlada bilər. Lakin burada əsas məqam böyük güclərin, xüsusilə də ABŞ-ın mövqeyidir. Əgər Vaşinqton bu məsələdə İraq hökumətini dəstəkləməyə davam edərsə, prosesin daha da dərinləşməsi mümkündür. Bağdad hökuməti artıq konkret addımlar atmağa başlayıb və görünür, bu istiqamətdə daha irəli getmək niyyətindədir”.
Konfliktoloq bu əsasda İraqda da Suriyada baş verən proseslərin yaşana biləcəyini dedi:
“Qarşıdurmaların baş verməsi, müəyyən müddət ərzində silahlı toqquşmaların yaşanması mümkündür. Lakin böyük güclərin dəstəyi davam edərsə, sonda İraqda da Suriyada müşahidə etdiyimiz proseslərə bənzər bir ssenarinin formalaşması ehtimalı böyükdür”.
Rüfət Sultan,
BakuPost