Xəbər verdiyimiz kimi, martın 14-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
XI Qlobal Bakı Forumda 68 ölkədən 400-dən çox qonaq, o cümlədən dövlət və hökumət nümayəndələri, 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edirlər. Bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib:
"Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir".
Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb. Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib.
XI Bakı Qlobal Forumu Azərbaycanın Qarabağın tamamında suverenliyini bərpa etdikdən və separatizmə son qoyduqdan sonra Bakıda keçirilən ilk Forumdur.
Bu məqama toxunan dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında vurğulayıb ki, uzun illər ərzində biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik: ”Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi. Münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi bu və həmçinin sözsüz ki, Ermənistan hökumətlərinin-1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi müxtəlif hökumətlərin qeyri-konstruktiv mövqeyi idi. Dünyanın aparıcı paytaxtlarından bizə mütəmadi olaraq göndərilən başqa bir mesaj da var idi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Dedik yaxşı, biz bununla razılaşa bilərik, bəs alternativ nədən ibarətdir. Əgər alternativ işğalla razılaşmaq, bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizin təqribən 20 faizində separatçı rejimin mövcudluğu ilə razılaşmaqdırsa, bu, bizim razılaşa biləcəyimiz məsələ deyil. Münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir. İndi baş verən də məhz budur. İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Bu, bizim ötən ilin sentyabrında 24 saatdan da az vaxt ərzində həyata keçirdiyimiz antiterror əməliyyatının nəticəsidir ki, Azərbaycanda separatçılığa birdəfəlik son qoyduq və suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”.
XI Qlobal Bakı Forumuna qatılanlar çıxışlarında Azərbaycanın bölgədə oynadığı rolu yüksək qiymətləndirib, regional layihələrin Avropa üçün əhəmiyyətindən danışıblar. Rəsmi Bakı Qlobal Forumla bu gün bütün ermənipərəst Qərb dairələrinə ciddi cavab vermiş olur. Yaxşı olar ki, Ermənistan da artıq rəsmi Bakının tək Cənubi Qafqazda yox, artıq Avropada da önəmli, özünün xüsusi çəkisi olan beyin mərkəzlərindən birinə çevrildiyini və regional məsələlərlə bağlı mütləq şəkildə ilk növbədə Azərbaycanla əsas məsələləri razılaşdırmalı oduğunu anlasın. Əks təqdirdə İrəvanın uyduğu yeni ssenarilər onun final pərdəsini daha da tezləşdirəcək.
Millət vəkili Elşad Mirbəşiroğlu deyir ki, XI Qlobal Bakı Forumu artıq beynəlxalq platformaya çevrilib:
“Burada müasir dünyanı narahat edən müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun mövzusu “Parçalanmış dünyanın bərpası” adlanır. Həqiqətən də dünyada çox ciddi problemlər mövcuddur. Dünyanın münaqişə potensialı həddindən artıq yüksəlib, bəşəriyyət çox ciddi təhdidlərlə üz-üzə qalıb. XI Qlobal Bakı Forumu çərçivəsində bir qayda olaraq dünyanı narahat edən müxtəlif məsələlərin həlli yolları axtarılır”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev forumda çıxışı zamanı müxtəlif məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirib:
“Gələcəkdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdə bu və ya digər məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında təsəvvürlər yarandı. Xüsusilə Cənubi Qafqaz regionunda Fransanın ikili siyasəti ilə bağlı ölkə Prezidenti mövqe ifadə etdi. İlham Əliyev Fransada Natavanın heykəlinin təhqir olunması məsələsinə də toxundu”.
Millət vəkili bildirib ki, forum Azərbaycanı dünyaya tanıtmaq imkanı təqdim edir:
“Burada dünyanın 70 ölkəsindən 350-dən çox qonaq iştirak edir. Qonaqlar siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət başçıları və tanınmış simalardan ibarətdirlər. O insanların dünya siyasəti, idarəetmə və digər sahələrdə böyük təcrübələri var. O təcrübə mübadiləsi hesab edirəm ki, dünyanı narahat edən məsələlərin həlli istiqamətində səmərəli ola bilər. XI Qlobal Bakı Forumunun töhfələri bundan ibarətdir”.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan yalnız ölkədaxili proseslərə deyil, eyni zamanda dünyada gedən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bu da onu göstərir ki, ölkəmiz bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərinin keçirildiyi məkana və mərkəzə çevrilib. Onun sözlərinə görə, Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən vaxtilə prezident işləmiş, mühüm postlarda çalışmış şəxslərin iştirakı xaricdə ölkəmizə olan etimadı daha da artırır və bu ölkəmizin bir çox sahələrdə qazandığı uğurlara dəlalət edir.
Millət vəkili Cavid Osmanovun sözlərinə görə, bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib:
“Forumda beynəlxalq təşkilatların görkəmli nümayəndələri, dünyanın tanınmış və nüfuzlu ictimai-siyasi və dövlət xadimləri, məşhur elm adamları iştirak edirlər. Çox mühüm məsələlərə həsr edilən bu forumun əhəmiyyəti olduqca böyükdür”.
Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, Bakı forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır:
“Bu Forum ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Çünki bir qayda olaraq Forumda iştirak edən və ölkəmizin reallıqları ilə yaxından tanış olan iştirakçılar ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın haqq işini daha əmin şəkildə müdafiə edirlər”.
Sevinc
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.