Oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Danışıqlar fonunda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi qeyd edilib.
Müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hansı addımlar atılmalıdır?
Politoloq
Natiq Miri “Bakupost”a bildirib ki, ABŞ Azərbaycanda daha aktiv olmalıdır:
“Vaşinqton Bakıya müxtəlif sahələrə külli miqdarda investisiyalar qoymalıdır ki, ABŞ-nin Azərbaycanda geosiyasətlə bərabər geoiqtisadi maraqları da mövcud olsun. Yəni elə addımlar atılmalıdır ki, Bayden zehniyyətində olan biri hakimiyyətə gələndə də bu münasibətlər geridönülməz əhəmiyyət kəsb etməkdə davam etsin. Süni intelekt, hərbi təhlükəsizlik məsələləri, habelə Azərbaycanın enerji infrastrukturlarına sərmayə qoyuluşu, xüsusən də ABŞ-nin marağını ifadə edən sahələrə daha böyük investisiyanın yatırılmasına ehtiyac vardır. Əsasən də dağ-mədən sahəsinə. Bütün bu sahələr üzrə əməkdaşlığı gücləndirmək üçün də ölkəmizə ABŞ investisiyası artmalıdır”.
Ekspertin sözlərinə görə, iki ölkə arasında münasibətlər daha strateji xarakter daşımalıdır:
“Azərbaycan ABŞ-nin sadəcə sözdə deyil, əməli fəaliyyətdə də aktivləşməsinə, birgə müəssisələrin yaradılmasına çalışmalıdır ki, münasibətlər sözün əsl mnasında strateji xarakter kəsb etsin. Əks təqdirdə bu situativ dəyərləndirmə, zaman itkisi olacaq. O baxımdan düşünürəm ki, həm siyasi, həm iqtisadi, həm hərbi-təhlükəsizlik, həm enerji, süni-intelekt, rəqəmsallaşma, texnoloji cəhətdən Bakı Vaşinqton münasibətləri ən yüksək zirvədə olmalıdır.
Habelə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi Bakının şərtləri daxilində bağlanmalıdır ki, TRİPP marşurutunun çəkilişi də rəvan olsun”.
Rüfət Sultan,
BakuPost