Bakıda özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim edən şəxs vətəndaşın QİÇS-ə yoluxma təhlükəsi qarşısında qoyub.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, vətəndaşlardan birinin (müəyyən səbəbdən adını açıqlamırıq) xanım tanışında HİV aşkarlanıb.
Telman Allahverdiyev adlı şəxs isə həmin vətəndaşa sözügedən xanımı müalicə edəcəyini bildirib. O, özünü Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin həkim-cərrahı və tibb elmləri doktoru kimi təqdim etməklə vətəndaşı buna inandıra bilib.
Telman Allahverdiyev müalicə üçün vətəndaşdan hissə-hissə 5700 dollar alıb. Daha sonra vətəndaşa xəstəni sağaltdığı barədə yalan məlumat verib və beləliklə, zərərçəkmişi HİV-ə yoluxma təhlükəsi qarşısında qoyub. Vətəndaş sonradan aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına müraciət edib.
Telman Allahverdiyev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 140.1 (Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikd) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Telman Allahverdiyevə 178.2.4-cü maddə ilə 2 il, 140.1-ci maddə ilə 6 ay, 310-cu maddə ilə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təyin olunmuş cəzalar qismən toplanıb və Telman Allahverdiyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.