Bakıda restorandan çıxan qadına qarşı quldurluq edilib.
Bakupost.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Salam Baku" restoranının həyətində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini olan qadın rəfiqəsi ilə birlikdə adıçəkilən restorana şam yeməyinə gediblər. Yeməkdən sonra restoranı tərk edən qadınlar həyətə düşərək avtomobilə əyləşiblər. Avtomobil sahibi olan qadın əl çantasını arxa oturacağa qoyub, sükan arxasına keçib. Bu zaman kənardan onları izləyən Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Aydın Əzimov (ad və soyad şərtidir) avtomobilin arxa qapısını açaraq maşına daxil olub. O, qadının 850 manat dəyərində olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
Hadisədən özünü itirməyən qadın sürücü avtomobildən düşərək oğrunun arxasınca qaçıb. Təxminən 100 metr məsafə qət etdikdən sonra Aydın yol kənarındakı səkiyə ilişərək yıxılıb. O, qadının yaxınlaşdığını görüb çantanı ataraq qaçıb.
Qadının müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Aydın Əzimova 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub.