Zirə qəsəbəsində zibil problemi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan videoda bir kişinin eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub. Amma videoda görünən mənzərədən daha qaranlıq olanı məsuliyyət daşıyan qurumların mövqeyidir. Çünki cavabdeh axtarışına girdiyimiz araşdırmada daha böyük problemlə üzləşdik.
İlk olaraq videoda qeyd edilir ki, zibil daşıma işini Zirə bələdiyyəsi həyata keçirir. Məsələyə aydınlıq gətirmək üçün bələdiyyə ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmır. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstərdilər.
İcra Hakimiyyəti ilə əlaqə saxladıqda isə qəti cavab aldıq:
"Ümumiyyətlə, zibil yığmaq bizim səlahiyyətimizdə deyil. Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın".
Hər halda, zibil yığımı haradasa “gizlənmişdi” və biz onu tapmalıydıq. Növbəti ümid yerimiz Mənzil Kommunal Təsərrüfat Birliyi oldu. Lakin buradan da cavab ala bilmədik. Çünki zəngə cavab verən xanım bizi səlahiyyətli şəxsə yönləndirsə də, o, telefona cavab vermədi.
Beləliklə, faktiki olaraq Zirədə zibil yığılmır və bunu heç bir rəsmi qurum da inkar etmir. Problem təkcə bu ilin məsələsi deyil. Bir az araşdırma etdikdə daha da “maraqlı” vəziyyətlə qarşılaşdıq. Məlum oldu ki, ötən il də Zirə sakinləri eyni problemi dilə gətiriblər. Sakinlər bildiriblər ki, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:
“Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın.”
Əldə etdiyimiz cavablardan məlum olur ki, Zirədə zibilin yığılması məsələsinə görə heç bir dövlət qurumu məsuliyyət daşımır. Bunu isə biz demirik: Bələdiyyə, icra hakimiyyəti və müvafiq kommunal qurumlar bu işin onlara aid olmadığını bildirirlər.
Kaş müvafiq qurumlar eşşək arabası ilə də olsa, zibili yığsaydılar. Beləliklə, qəsəbə sakinləri həm əziyyətdən, həm də əlavə maddi yükdən qurtulardılar.
20:10
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi görüntüləri araşdırıb və məsələ ilə bağlı
Bakupost.az -a açıqlama verib. Qurumdan bildirilib ki, rayon ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir:
"Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.
Həmçinin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.
Bununla əlaqədar gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb".
Aysel,
Bakupost