Ru
12:04 / 11 İyun 2024

Bakteriyalı mal və toyuq dönəri... - Ekspertlərdən xəbərdarlıq

2010
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 250 dönər satışı obyektində monitorinq keçirib.

Monitoqrinq zamanı 249 obyektdə nöqsan aşkarlanıb. Sözügedən obyektlərdə temperatur rejiminə əməl olunmadığı, yararlılıq müddəti ötmüş xammaldan istifadə edildiyi, çiy dönər ətinin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq-sanitariya ekspertizasından keçməsini təsdiq edən müvafiq sənədlərin olmadığı müəyyən olunub. Həmçinin müayinələr nəticəsində 47 müəssisədən götürülən 46 toyuq və 16 mal əti olmaqla, ümumilikdə 62 dönər nümunəsində E.Coli və 1 müəssisədən götürülən 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası aşkarlanıb.





Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakupost.az -a bildirib ki, dönər kimi qidaların hazırlanmasında bəzən mənşəyi bəlli olmayan, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama kimi açıq şəkildə saxlanılır. Hətta ət sağlam olsa da, bu şəraitdə saxlanılması onun tərkibinin fiziki çirklənməyə məruz qalmasına səbəb ola bilər. Belə olan halda həmin qidanı istehlak edən şəxsdə heyvandan insana yoluxan bir çox xəstəliklər, mikrob və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına səbəb olur:

“Ayaqüstü qidaların hazırlanmasında kimyəvi maddələrdən istifadə olunur. Bu qidalarda monosodium qlutamat və mononatrium qlutamatın sintetik mənşəlindən istifadə edilir. Bu maddə Çin duzu kimi tanınır. Çin duzu birbaşa olaraq asılılıq yaradır və ağızdakı ənənəvi dadı məhv edir”.




Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, dönər sanitariya norma və qaydalarına riayət edilməklə, müəyyən edilmiş reseptlər üzrə hazırlanmalıdır:

"Dönərin hazırlanması üçün istifadə edilən, tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanmalıdır. Təssüf ki, bəzi dönərxanalarda nəinki sadalanan qaydalara, heç gigiyena qaydalarına da əməl olunmur".

E.Hüseynovun sözlərinə görə, dönər hazırlamaq üçün ətlər xüsusi dondurmadan keçirən şirkətlərdən alınmalıdır:

"Ölkədə belə şirkətlər var. Bu şirkətlər ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Əksər dönərxanalar şok dondurmadan keçirilən dönər hazırlanmaq üçün ətləri almaqdan yayınırlar. Ölkəyə gətirilən xarab, murdar ətlərin realizə olunma yerlərindən biri də dönərxanalardır. Təəssüflər olsun ki, dövlət orqanlarının qəbul etdiyi standartlar ayaq altına atılır".

Birlik sədri bildirib ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub. Ancaq bu gün toyuq dönəri hər yerdə satılır:

“Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə dönərdən zəhərlənmə halları artıb”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər