Ru
09:46 / 09 May 2025

Qəmli yerin ot basmış cığırları

Qəmli yerin ot basmış cığırları
Eye

Onları da xatırlayaq

Adam pis yuxuları mümkün qədər incələmək, yada salmaq istəmir. İstəmir ki, ayıq vaxtı ovqatı təlx olsun. Yuxudu, yatdım gördüm, qurtardı. Adama hərdən elə gəlir ki, COVID-19 pandemiyası da pis yuxu idi, gördük, əzabını yaşadıq, ən pisi isə bütün dünyanı bürüyən bu xəstəlik səbəbindən xeyli doğma, yaxın adamlarımızı itirdik.

2019-cu ilin dekabr ayının ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevnomiya xəstəliyi aşkar olundu. Bu, həmin pandemiya-təbii fəlakətlərin törətdiyi kataklizmlərdən biri- kütləvi insan ölümü ilə nəticələnən faciəvi hadisələrdən idi.

Bizim evdən də yan keçmədi. Harada yoluxduğumu bilməsəm də ağır xəstəliyə tutuldum. İndi olub-keçənləri xatırlamaq nə qədər çətin olsa da o günlərin son dərəcə ağır, acı saatları, dəqiqələri yaddaşımdan silinmir. Xəstəxanalarda demək olar ki, yer yox idi. Müalicəni evdə almağımı məsləhət bildilər. Həmin günlərdə evdə sanki həyat donmuşdu. Mənim qəti tələbimə əsasən yatdığım otağa heç kəs daxil olmurdu. Ağzı maskalı ev adamları yemək və dərmanları çarpayının yanına qoyub səssiz-səmirsiz qeyb olurdular. Normal müalicə təmin etmək üçün tibb bacısı soraqlaşıb tapmaq, onu razı salmaq son dərəcə çətin idi. Xəstələrin sayı hədsiz çox olduğundan tibb işçiləri çatışmır, əksəriyyəti yoluxmağa ehtiyat edib xidmətdən boyun qaçırırdı. Evdəkilər tibb bacısı tapmışdılar, ancaq onunla hər birimiz çox ehtiyatla davaranmalı olurduq.

Həyatdan təcrid vəziyyətdə idim. Telefonu söndürmüşdülər. Televizora baxmaq, radioya qulaq asmaq yasaq idi. Nəfəsim təngiyir, aramsız öskürək bədənimi heydən salırdı. Yazının bu yerində xəstəliyin bütün fəsadlarını incələməyə ehtiyac duymuram. Çətinliklə də olsa sağ qaldım. Bundan da ağır olaylar normal həyata qayıdandan sonra baş verdi. Xəstə yatdığım günlərdə mənə son dərəcə əziz olan insanlar həyatdan köçmüşdülər. Mənə xəbər verməyiblər ki, əlavə narahatlıq yaranmasın. Eşitdiklərim sözün əsl mənasında ağrılı idi. Dünyadan köçən əziz insanlar dəfn mərasimi qurulmadan, hətta ən yaxın adamları belə tabuta yaxın gəlməyi məsləhət bilinmədən torpağa tapşırılmışdılar. Xəstəliyin təbiəti-motivi belə tələb edirmiş. Dəfn olunandan sonra da yaxın adamlar yoluxmaya səbəb ola bilər deyə müəyyən müddət ərzində qəbiristana gedib məzarlara baş çəkməyiblər. Belə bir ritual yuxarıda qeyd etdiyimiz kataklizmlər, hətta müharibələr dövründə dünyadan köçənlərə tətbiq olunmayıb. Pandemiyanın fəsadları çox olub, ən pisi hətta ən əziz adamları, qohum-əqrəbanı bir-birindən uzaqlaşdırıb, arada soyuqluq yaradıb. Doğma qardaş-bacı, hətta ata-ana xəstəyə baş çəkib hal-əhval tutmayıblar ki, dəhşətli mərəzə mübtəla ola bilərlər. Çox təəssüf ki, o ağır günlərin simptomları bu gün də nəzərə çarpmaqdadır.

Ölümündən xeyli sonra xəbər tutub dəfnində iştirak edə bilmədiyimiz insanlaraın gec də olsa, xatirəsini yad etməyi özümüzə mənəvi borc bilməliyik. Nicat Gözəlov respublikamızın sayılıb-seçilən hüquqşünaslarından idi. Sabirabad rayonunun Mürsəlli kəndində dünyaya göz açan Nicat Bakının mərkəzində yaratdığı Milli Hüquq Evində gənc hüquqşünasları kursa qəbul edir, hüquqi əsaslara söykənən ölkəmizdə onlara bu çətin sənətin sirlərini öyrədirdi. Dəfələrlə gənc vəkillərin Nicata məsləhət üçün müraciət etdiyinin şahidi olmuşdum. Nicat ədəbiyyatımızı təmənnasız təbliğ edir, poeziyaya maraq göstərirdi. Abşeron rayonundakı Mərkəzi Kitabxanada poeziya gecələrinin təşkilində yaxından iştirak edirdi. Nicatın moderatorluğu ilə poeziya gecələrindən biri mənim yaradıcılığıma həsr olundu. Xalq şairi Musa Yaqubun yubiley tədbirinə kitabxana kollektivini qonaq aparmışdı. Nicat Kür sahilində yerləşən doğma Mürsəlli kəndində torpağa tapşırılıb.

Az adam tapılar ki, Şirvanda Balasəlim Əbilovla Səyyar Əzizovun dostluğu barədə eşitməmiş olsun. Biz üçümüz eyni vaxtda Əli Bayramlıda (Şirvan) əmək fəaliyyətinə başlamışdıq. Tez-tez görüşür, bir-birimizin xeyir-şər məclislərində iştirak edir, dünyanın düz vaxtlarında ailəlikcə Yessentukidə dincəlirdik. Hər ikisi bacarıqlı, savadlı mühəndis idi. Dövlətə, dövlətçiliyə sadiq mütəxəssis kimi rəhbər vəzifələrə təyinat almışdılar. Balasəlim şəhərdəki süni dəri, Pambıqtəmizləmə zavodlarının, Səyyar neft bazasının direktoru vəzifəsində işləyərkən şəhər sakinləri arasında hörmət qazanmışdılar. Ömrün sonrakı dönəmində dostlar sahibkarlıq fəaliyyətinə üstünlük verib yüzlərlə insana iş yeri açmağa müvəffəq olmuşdular.

Bu kədərli siyahıya uzun illər neft sahəsində əsl fədakarlıqla çalışan, təkcə Şirvanda deyil, ölkə neftçiləri arasında məşhur olan dostum Teyyub Quliyevin də adını daxil edirəm.

"Pandemiya qurbanları"nın xatirəsi necə yad olunur? Bu sualın cavabını, ilk növbədə, ağır xəstəliyin mənbəyi Çində axtarmaq istədim. Rəsmi statistikaya görə, Çin Xalq Respublikasının materik hissəsində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, ölkədə 3,3 mindən çox insan ölüb. ÇXR-in Dövlət Şurası yeni koronavirus pandemiyası qurbanları və onları xilas edərkən öz həyatını qurban vermiş həkimlərin xatirəsi qeyd olunub. Başqa faktlara rast gəlmirik.

Pandemiya dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də ağır fəsadlar törətsə də dövlət başçımızın tükənməz səyi nəticəsində bu böyük bəla az itkilərlə başa çatdı. Ölkənin bütün səhiyyə ocaqları səfərbər oldular. Ən xeyirli, müasir tibbin sınağından çıxmış dərman və preparatlar əhaliyə çatdırıldı. Bütün bunları biz hamımız, bütün xalq minnətdarlıq hissi ilə qiymətləndirir. Fikrimizcə, bu dəyərlərə pandemiya qurbanlarının xatirəsinin yad olunması məqsədilə hər hansı bir gün ayrılması hamımızın ürəyindən olar. Təki onların qəmli məkanda - qəbiristanlıqdakı məzarlarına gedən ot basmış cığırlara ayaq izi düşsün...

Tofiq HÜSEYN

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar