“Hürriyyət” qəzetinin və eyni adlı internet televiziyasının baş redaktoru Vüqar Tofiqoğlunun hansı səbəbdən həbs olunduğu məlum olub.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallı yayıb.
Ə.Zeynallının sözlərinə görə, jurnalistin həbsi ilə bağlı məhkəməyə təqdimatı Baş Prokurorluq verib. Təqdimatda Ramiz Mehdiyevin cinayət işi qeyd olunsa da, onun Vüqar Tofiqoğlunun məsələsi ilə bağlılığı göstərilməyib. Ə.Zeynəllı V.Tofiqoğlunun həbsinin R.Mehdiyevin həbsi ilə əlaqəli olduğun bu təqdimatdan üzə çıxdığını vurğulayıb.
Konkret ittihamlara gəldikdə, təqdimatda qeyd olunur ki, Vüqar Tofiqoğlu “Azərlotereya” və “Veysəloğlu” şirkətləri ilə hədə-qorxu əsasında reklam müqavilələri imzalayıb. İddia olunur ki, “Azərlotereya” ilə ayda 1000 manat, “Veysəloğlu” ilə isə ayda 200 manat məbləğində müvafiq olaraq iki və bir illik müqavilələr imzalanıb.
Bu ittiham əsasında jurnalist barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (“Hədə-qorxu yolu ilə tələb etmə, təkrar törədildikdə və ya külli miqdarda zərər vurduqda”) ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, Vüqar Tofiqoğlu 29 oktyabr 2025-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.