Ru
22:50 / 09 İyul 2025

BƏƏ görüşü təcili qabağa çəkildi: Əliyev sabah Əbu-Dabidən dünyaya sürpriz edəcək?

BƏƏ görüşü təcili qabağa çəkildi: Əliyev sabah Əbu-Dabidən dünyaya sürpriz edəcək?
Eye

Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında BƏƏ-də görüş olacağı rəsmən təsdiqlənib.

Bakupost.az xəbər verir ki, iyulun 3-də “Middle East Eye” nəşri Əliyev və Paşinyanın Dubayda görüşəcəyi ilə bağlı məlumat yayanda siyasi müşahidəçilərin bəziləri buna skeptik yanaşmışdılar. Çünki Əliyev və Paşinyanın BƏƏ-də görüşü nə qədər təəccüblüdürsə, ümumiyyətlə görüşün özü bir o qədər təəccüblü sayılırdı. Məsələ ondadır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni tam olaraq razılaşdırılsa da, rəsmi Bakının iki şərti – Ermənitanın Azərbaycana ərazi iddiasının konstitusiyasından çıxarılması və ATƏT-in Minsk Qrupunun buraxılması – qüvvəsindədir. Azərbaycan bu şərtlərin qəbul olunmayacağı halda sülh sazişinin imzalanmayacağını da elan edib. Doğrudur, Ermənistan baş naziri sülh sazişi imzalanan anda ATƏT-in Minsk Qrupunun buraxılması haqda sənədin də imzalana biləcəyi haqda açıqlama ilə çıxış etsə də, konstitusiya dəyişikliyi Ermənistanda yaxın bir ildə gözlənilmir.

Beləliklə, şərtlər dəyişməyibsə, liderlərin görüşünə heç bir ehtiyac yoxdur. Əgər sülhlə bağlı hansısa müzakirələr nəzərədə tutulurdusa, onda Əliyev və Paşinyanın görüşməsi vacib deyildi, nazirlər səviyyəsində detallar müəyyənləşdirilə bilərdi və liderlər yalnız təntənəli mərasimə toplanardılar.

Buna baxmayaraq, Əliyev və Paşinyanın görüşü haqda məlumat 6 gün keçmədi ki, təsdiqləndi. Və ölkə də Birləşmiş Ərəb Əmirliyi, yalnız şəhərdə dəqiqləşməyə ehtiyac oldu – Dubay deyil, BƏƏ-nin paytaxtında görüş olacaq.

Daha bir dəqiqləşmə də var: “Middle East Eye” nəşri diplomatik mənbələrə istinadla görüşün iyulun sonunda ola biləcəyini yazmışdı. Amma görüş sabah – 10 iyulda baş tutacaq.

İlham Əliyev və Paşinyan görüşünün, belə demək mümkünsə, “irəli çəkilməsi”nin səbəbi nədir və ümumiyyətlə, liderlərin görüşünü nə zəruri edib?

Xatırladaq ki, Dubayda görüş haqda məlumat Azərbaycan-Rusiya və Ermənistan-Rusiya münasibətlərində gərginliyin artması fonunda yayıldı. Ermənistanda hakimiyyət Rusiyanın təsir dairəsində olan kilsəyə və rus iş adamlarına qarşı ciddi kampaniyaya başlayıb, Azərbaycanda isə Yekaterinburq şəhərindəki zorakılığa qarşılıq verildi. Məhz bu ərəfədə ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvana təklif verməsi və təhlükəsizliyi təmin etmək üçün “ABŞ şirkətinin namizədliyini irəli sürməsi” haqda məlumat gündəmə gəldi.
Cəlbedici təklifdir və müşahidəçilər bunu Rusiyanın bölgədən tamamilə uzaqlaşdırılması cəhdi kimi qəbul etdilər.

Ötən gün isə ABŞ dövlət katibi Rubionun “qəfildən” yadına Cənubi Qafqaz düşdü və Prezident Trampa Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirdi. Bu gün ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirdiyini etiraf etdi.

Hadisələrin ardıcıllığı sabah Abu-Dabidə sülh üzrə çərçivə sazişinin imzalanması ehtimalını gücləndirir.

Daha bir mühüm fakt:

Mərhum dövlət müşaviri Vəfa Quluzadə Ümummilli lider Heydər Əliyevin 90-cı illərdə Rusiyanın aqressiv müdaxilələrini neytrallaşdırmaq üçün hansı mükəmməl gedişlər etməsindən bəhs edərkən iki faktı açıqlamışdı: 1. Ermənistanla atəşkəs Rusiya kəşfiyyatının xəbəri olmadan əldə edilmişdi və Yeltsinin planları suya düşmüşdü; 2. 20 sentyabr 1994-cü ildə “Əsrin kontraktları” olaraq imzalanan sənəd cəmi bir neçə vərəqdən ibarət idi. İmzalanan sənədlərdə heç bir detal əks olunmamışdı. Kontraktın detalları hazırlanmadığı üçün Rusiya belə bir sazişin imzalanacağını qətiyyən gözləmirdi. Ona görə də qlobal neft şirkətləri ilə imzalanan saziş Rusiya üçün “sürpriz” olmuşdu, hətta bunu “Rusiya kəşfiyyatının ələ salınması” kimi qiymətləndirənlər də var.

Sabah da Rusiya növbəti “sürpriz”lə qarşılaşa bilər...

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar