Ru
20:10 / 28 Mart 2023

Bilmirsən harada yetişib, gəlib birdən-birə nazir olur… - Sabir Rüstəmxanlı Söhbətləri - VİDEO

22176
“Prezident bu gün Sərəncam verir ki, təqaüd və maaşlar artırılacaq. Yarım saat sonra bazarda qiymət 5 qat artır”.

Bakupost.az xəbər verir ki, bu fikirləri VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sosial sahədə bir çox işlər görülsə də, həllini gözləyən problemlər də çoxdur. Millət vəkili qəbul olunan müxtəlif qanunların işləməməsinə də diqqət çəkib:

“Neçə ildir deyirik ki, bizim büdcə sosial yönümlüdür, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bəli, bu sahədə çox işlər görülüb. Amma buna baxmayaraq, yenə narazılıqlar var. Bunlardan biri də təqaüd sahəsində yaranan problemdir. Guya təqaüdlə bağlı yeni sistem yaradılır. Amma bu zaman bir sıra adamlar təqaüddən məhrum olur. Bir çox şəxslər zəng vurub deyir ki, Maştağaya, həkimə göndərirlər, bütün sənədləri alıb gətiririk, amma sonda qəbul olunmur".

S.Rüstəmxanlı ölkədə baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrlə bağlı qanunlar qəbul edilsə də, bu gün onların heç birinin işləmədiyini bildirib:

"Azərbaycan aqrar ölkə olub. Bizim qədər ərazisi olan Avropa ölkələri var ki, büdcəsinin böyük hissəsi torpaqdan gəlir. Amma bizim torpaqalarımız şoranlaşmağa davam edir. Bəzi qoluzorlu adamlar tərəfindən işğal olunur. Camaat da məcbur olur ki, gedib kiminsə himayəsində bir tikə çörək üçün işləsin.

Qanunların bir hissəsinə nazirliklər tərəfindən onlara sərf edəcək şəkildə dəyişikliklər edilir, yamaq vurulur. Bazar iqtisadiyyatının müəyyən qanunları var. Azərbaycanda isə bu qanunlar işləmir”.

Millət vəkili təhsil və ixtisaslı kadrların yetişdirilməsi sahəsində də ölkədə ciddi problemlər olduğunu bildirib:

"Bir problem də dövlət müəssisələrinə qəbul imtahanlarıdır. İnsanlar imtahandan keçib gəlir, amma müsahibə mərhələsində keçə bilmir. Çünki orada qohumluq məsələsi var. Yüksək bal toplayan kənarda qalır, ondan aşağı bal toplayan keçir. İşsizlik, sosial yardımların düzgün bölünməməsi, məmur özbaşınalığı, təqaüd məsələsində subyektiv amillər, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış vəsaitin oğurlanması və s. üzdə olan, hamının bildiyi hallardır. Amma bunun arxa tərəfi də var. Kadrlar düzgün müəyyənləşmir. Yeni nəsil xarici universitetləri bitirib gəlir, əlbəttə, sevinirik. Amma adekvat işlər görülməlidir. Vaxtikən böyük məktəb keçmiş insanlar vəzifəyə gəlirdilər. Amma indi bilmirsən haranı qurtarıb, harada böyüyüb, harada tərbiyə alıb, gəlib müəyyən nazirliklərdə işə düzəlir və deyir ki, mənim öz komandam var, onlarla işləyəcəm. 20-30 illik işçiləri uzaqlaşdırılır”.

S.Rüstəmxanlı bölgələrimizdəki problemlər, süründürməçilik və bürokratik əngəllər barədə də danışıb.

Daha ətraflı Bakupost.az -ın "Sabir Rüstəmxanlı söhbətləri" layihəsində...




Aynur
BakuPost

Şərhlər
  • İ.Mustafaoğlu

    Hörmətli Sabir müəllim ! Həqiqətəndə Hakimliyin və Vəkilliyin test imtahanından ən yüksək bal toplayan namizədi Hakim və Vəkil olmasına imkan vermədilər ? 96 bal toplayan namizədin Vəkil olmasına imkan vermədilər, 92 bal toplayan namizədin Hakim olmasına imkan vermədilər..., ancaq 60 bal toplayan namizəd Vəkil və Hakim olub... Beləı hallar vətəndaşın dövlətə olan inamına balta çalmırmı ? Yüksək bal toplayan namizədlərin Vəkil və Hakim olmasına imkan verməyən məmurlar haqqında ciddi tədbirlər görülməlidir !

  • t.ədalət

    Kənd təsərrüfatı nazirliyi ən geridə qalmış nazirlikdir.Bura nazir tərəfindən öz yerlilərinin vəzifə yerlərinə çevrilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər