Ru
07:00 / 11 Aprel 2026

Birilliant Dadaşovanın rus köləliyi - VİDEO

Birilliant Dadaşovanın rus köləliyi -  VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 19-cu buraxılışının yazılı variantını təqdim edir:

ABŞ... İran... İsrail... Qalib kimdir?

– Doğrudan da həftənin ən böyük hadisəsi ABŞ-İsrail tərəfi ilə İran arasında atəşkəsin elan edilməsi oldu. Bu, təbii ki, hamımızı sevindirir. Həm də bir qələm adamı kimi bombardmanın olmaması və qanın tökülməməsinə sevinirik. Ancaq həm də iki həftədən sonra nəyin baş verəcəyi ilə bağlı qayğılanırıq. Ekspetlər də konkret bir qərara gələ bilmirlər. Ümid eləyək ki, necəsə ortaq bir məxrəcə gələcəklər və müharibə olmayacaq.

Maraqlı burasıdır ki, həm İran, həm ABŞ qələbə şüarları səsləndirir. İranda insanlar qələbəni qeyd edir və bu hadisə mənə bir balaca absurd görünür. Çünki cəmi 38 gün sürən əməliyyatda ölkənin 30-dan çox ən yüksək lideri və hərbçisi nöqtə atışı ilə öldürülüb. Mərhum ali dini liderin dəfnini keçirə bilmirdilər. İranın rəhbəri faktiki olaraq açıq şəkildə kameralar qarşısına çıxa bilmir. ABŞ ölkəyə müdaxilə edib və indi müdaxiləni dayandırıb. Bu necə qələbə ola bilər? İran təslim olmadı demək məntiqə uyğundur və təslim olmamaq qələbə sayıla bilməz.

Totalitar sistemlərdə analoji halları çox görmüşük. Bir düşmən uydurur, onunla münaqişəni təbliğat ruporuna çevirir və yalançı qələbə eyforiyası yaradırlar. Yadınızdadırsa, 8 il çəkən İran-İraq müharibəsindən sonra İraq yalandan qələbə şənlikləri keçirirdi. Halbuki haradan müharibəyə başlamışdılarsa, elə o nöqtəyə də qayıdıb sülh bağladılar. Hər iki ölkəyə qalan 1 milyona yaxın insan ölümü və böyük dağıntı və itkilər oldu.

ABŞ müharibə başlayanda bu haqda heç bir iddia və müzakirə olmadığı halda Hörmüz boğazının açılmasını öz üstünlüyü kimi qələmə verir. Halbuki boğaz müharibə başlamamış elə işləyirdi.

Məni indi başqa bir məsələ düşündürür: İran xalqı bu müharibədə rejimin yanında oldu, görəsən, buna görə hansı mükafatı alacaq? Mən bu barədə çox da nikbin deyiləm. Totalitar sistemlər və diktaturalar, adətən öz xalqına bu cür sədaqəti bağışlamır. Onu həmişə cəzalandırır. Yaşayarıq görərik. Mən deyənlər baş verəndə, sizə bu sözlərimi xatırladacam.

Zori Balayan öldü...

– Zori Balayanı nə ciddi jurnalist kimi, nə ciddi yazıçı kimi qəbul edirəm. Təbii, erməni olduğuna görə yox. Qrant Matevosyan da ermənidir, amma çox ciddi yazıçıdır. Başqa müasir yazıçılar da var. Qarabağdan da yazıblar, passifist mövqe tutublar, Azərbaycan xalqının üstün cəhətlərindən bəhs ediblər. Zori Balayan bu cərgəyə aid deyil. O, beyni qatı millətçiliklə zəhərlənmiş bir adam olub və öz ətrafına, oxucularına bunu aşılayıb. 80-90-cı illərin romantik ab-havasında bəlkə bir az ictimai məzmun qazanmışdı. Belə məqamlarda adətən ciddi siyasətçilərlə yanaşı çox boş adamlar da önə çıxıb tanınır, lider səviyyəsinə qalxır.

Zori Balayan başıpozuq bir hərəkatın dalğasında səhnəyə gəldi. Daşnaksütun ideyalarını ehtiva edən “Ocaq” kitabı da həmin vaxtlarda yayıldı. Yeri gəlmişkən, o məşhur əhvalat – uşağı öldürüb ciyərini anasına yedirtmək söhbətini Zori Balayan yazmayıb. Bu feyk məlumatdır. Zori Balayan o qədər ağılsız deyil ki, elə şeyləri qələmə alıb əlimizə fakt versin. “Ocaq” kitabının əsas ideyası Azərbaycanın və Türkiyənin əraziləri hesabına Böyük Ermənistan yaratmaqdır. Yadımdadır o dövrün gənc siyasətçisi İsa Qəmbər tarixi faktlarla ona tutarlı cavab vermişdi. Sonra şair Eldar Baxış şeirlə cavab yazdı.

Zori Balayanı sonuncu dəfə biz Şuşada – Xan bağında rəqs eləyən gördük. Elə bununla da kitabı bağlandı. Qırx dörd günlük müharibə başladı və təkcə Qarabağ iddialarına yox, ümumilikdə Böyük Ermənistan xülyalarına son qoyuldu.

Sosial şəbəklərdə Zori Balayanı möhkəm söyürlər. Lakin mənə görə bizi bu qədər qəzəbləndirəcək gücə malik biri deyil. Onun ən böyük cəzası Şuşaya asılan Azərbaycan bayrağı idi. 90 il yaşadı və Tanrı Azərbaycanın qələbəsini ona göstərdi.

Oğlu ilə rusca danışan Xalq artisti...

– Çoxu yanlış olaraq düşünə bilər ki, Brilliant Dadaşovanın öz oğlu ilə rusca danışması şəxsi məsələdir. Lap özü də durub deyə bilər ki, oğlumu uşaqlıqdan rus sektoruna qoymuşam və indi də onunla rusca danışıram, sizə nə? Lakin deyə bilməz! Çünki o Xalq artistidir və dərhal sual yaranır: xalqın adı yaxşıdır, tiitulları yaxşıdır, sizə toylardan qazandırdığı sərvət yaxşıdır, dili pisdir? Beləliklə, məsələ şəxsilikdən çıxır və sosial-siyasi mahiyyət daşıyır.

Brilliant insafən yaxşı müğənnidir. Sevə-sevə dinləmişəm həmişə. Yadımdadır, mərhum Mirzə Babayev də onu yüksək qiymətləndirirdi. Deyirdi, yeni dövr xanım müğənnilər arasında bircə oxuya bilən odur.

Ancaq son dövrlərdə efirdə o qədər də görünmür. Birdən-birə oğlu ilə rusca danışması ilə gündəmə gəldi və sosial şəbəkələrdə haqlı qınağa tuş gəldi. Təbii, onun davranışı heç bir inzibati məsuliyyət yaratmır, lakin mənəvi məsuliyyəti çox ağırdır.

Bizim kimi ölkələrdə xüsusilə...

Ümumilikdə övladlarını rusdilli məktəblərə qoymaq ənənəsi son vaxtlar çox geniş müzakirə olunur. Bir müddət əvvəl Ayaz Salayevin də bu məsələ ilə bağlı çıxışı böyük qalmqala səbəb olmuşdu. Mən o vaxt fikirlərimi bildirdim. Rus dilində təhsil almaq məsələsi siyasiləşməməlidir. Dövlət büdcədən bunun üçün ayrıca pul ayırmamalıdır. Əgər ayırırsa, o zaman türk, ingilis, alman və başqa dillər üçün də etməlidir, hansı dili seçmək isə insanların öz ixtiyarına buraxılmalıdır.

Səmimi deyim ki, övladını rus məktəbinə qoyan valideynləri başa düşmürəm. Bu ənənə bir az da köləlikdən qaynaqlanır. Rus dili vaxtilə funksional idi, dünyaya yalnız bu dillə çıxa bilirdik. Azərbaycanda de-fakto ikinci dövlət dili səviyyəsində qalmışdı. Hətta çox vaxt önə də keçirdi. Amma indi dövr dəyişib. Bəzən zarafatla deyirəm ki, indi rus dilində heç ruslar özü danışmırlar. Putin hakimiyyəti Rusiyanı təkcə dünya iqtisadiyyatından deyil, həm də dünya mədəniyyətindən təcrid vəziyyətində saxlayıb və indi orada əvvəlki kimi beynəlxalq səviyyəli sənət əsərləri yaranmır. Bu gün bir azərbaycanlının rus dili aşiqliyi və onu öz ana dilindən yüksəkdə saxlaması ən yaxşı halda sadəlövhlükdür. Ancaq bütün hallarda mənəvi məsuliyyət yaradır. Mütləq ictimai qınağa tuş gəlməli, mütləq tənqid olunmalıdır.

Yəqin, Brilliant xanım bilmir ki, Xalq yazıçısı Mirzə İbrahimov Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi üçün həyatını riskə atıb. Onu Ali Sovetin sədri vəzifəsindən çıxarıblar. Övladlarını yazılarının qonorarı ilə dolandırmaq məcburiyyətində qalıb. Brilliant xanım kimi xalqın hesabına on minlərlə manatı qatlayıb cibinə qoymayıb. Mən hələ bir nəfərdən danışıram. Axundovdan danışmıram, Mirzə Cəlildən danışmıram, Bəxtiyar Vahzadənin dillə bağlı zəhmətlərindən danışmıram. Əbülfəz Elçibəydən danışmıram. Onu həbsxanaya aparan səbəblərdən biri də dilimizə verdiyi üstünlük idi. Azərbayacanın böyük kişiləri bu dil üçün ömürlərini şam kimi yandırıblar. Ona görə yox ki, hansısa Xalq artisti evində övladı ilə rus dilində danışsın. Son otuz-qırx ildə Azərbaycanın başına gələn ən böyük faciələrin kökündə bu manqurtluq, bu beyinsizlik dayanır.

Seyran Səxavətin demokratiya söhbəti...

– Ötən həftə Dövlət Filarmoniyasında yazıçı Seyran Səxavətin 80 illik yubileyi qeyd olundu. Mən Seyran müəllimi təbrik edirəm və ona sağlamlıq arzu edirəm. Yubiley ərəfəsi o bir çox müsahibələr verdi. Özü deyir, yeddi min beş yüz müsahibə vermişəm. Yəqin bir az mübaliğə edir. Məncə, bütün hallarda yazıçı çox müsahibə verməməlidr. Və bu müsahibələrin çoxunda Seyran müəllim mürtəce fikirlər səsləndirir. Cəmiyyəti geri salmağa hesablanan sözlər deyir. Həmin fikirlərdən birində deyir ki, demokratiya anti-insani bir şeydir. Bu fikir məni heyrətə gətirdi. Dedim, bəlkə, mən emosional yanaşıram, götürüb feysbukda paylaşdım, gör, insanlar nə deyir.

Çox ciddi etirazlar gəldi!

Tək-tük müdafiə edənlər isə işin mahiyyətini bilmirdilər. Onların bəziləri elə hesab edirdi ki, mən onun fikrini kontekstdən çıxarıb vermişəm. Belə deyil. Seyran müəllim hələ Azərbaycan Yazıçılar Birliyinin sonuncudan əvvəlki qurultayında, yəni, təxminən, on il əvvəl Türkiyədən qonaq kimi gələn Məmməd İsmayılın mütərəqqi çıxışına görə ona elə hücum çəkmişdi ki, o vaxt da Məmməd müəllim mənim kimi heyrətlənmişdi. Çünki qoyub getdiyi azad, istedadlı, heç kimə bənzəməyən, müstəqil yazıçı ömrü yaşayan Seyranı görə bilmirdi. Sanki yaşlı bir Seyran Səxavət gəlib gənc Seyran Səxavəti öldürmüş və yerinə keçərək onun tam əksinə danışmağa başlamışdı.

Sonra Seyran müəllim Yazıçılar Birliyində işə düzəldi, ona bir kabinet, ardınca da bir ev verdilər. Təbii, mürtəce fikirlərin mükafatı idi bütün bunlar. 80 yaşın ərəfəsində isə geriçi fikirləri bir az da inkişaf etdirdi. Görünür, fəxri ad istəyir. Mən arzu edirəm ki, o fəxri adı Seyran müəllimə tez versinlər, bizi yazıçıya yaraşmayan bu müsahibələrin cəngindən qurtarsınlar. Təbii, mənim bu haqda danışmağımın səbəbi odur ki, Seyran müəllimi ciddi bir yazıçı kimi qəbul etmişəm. Bir neçə il əvvəl Ramiz Rövşən də azadlığın fəsadlarından danışanda oxşar hissləri yaşadım. Belə çıxışlar insanın nəinki yazmaq, hətta yaşamaq eşqini də öldürə bilər. Adamı depressiyaya salar. Çünki biz bu adamlara inanmışıq, onları sevə-sevə oxumuşuq, onların ardınca gəlmişik. Yolun yarısında sevdiyin, bəzən ideal kimi baxdığın adamları bu vəziyyətdə görəndə, sarsılmaya bilmirsən.

Doğrudanmı bir istinsa da mümkün deyil bu ölkədə?

Təsəvvür edin, Ramiz Rövşən deyir, Avropada uşaqların cinsiyyətini seçmək hüququ yoxdur. Guya milli mentalitetimizin qeydinə qalır, Azərbaycan uşaqlarının dərdini çəkir. Əgər belədirsə, niyə, məsəl üçün, uşaqpulu haqqında məsələ qaldırmır?

Demokratiyanı anti-insani şey hesab edən hansı zəkadır? Yaxşı, alternativi nədir? Diktatura? Bəzən düşünürsən, bəlkə, demokratiyanın nə olduğunu başa düşməyib. Amma belə deyil. Ramiz Rövşənin azadlığı, Seyran Səxavətin demokratiyanı anlamamasını düşünmək sadəlövhlük olardı. Hamısı hesablanmış çıxışlardır. Nəsə əldə eləməyə görə belə danışırlar. Eyni məqsədlə də Anarı müdafiə edirlər. Özləri qırx illik AYB sədrinin təbliğatını qururlar, xalqın demolkratiyaya hazır olmamasından danışırlar. Bəs siz özünüz demokratiyaya hazırsınızmı? Yazıçısı yeni dövrə hazır olmayan cəmiyyət özü necə hazır ola bilər?

Mən bəziləri kimi istedadlı insanların fiaskosunu görəndə sevinmirəm, təəssüflənirəm. Demək, bizdə heç nə mümkün deyil. Hamı hərlənib-fırlanıb boynunu eyni kəməndə keçirir. Amma inanın heç kimi buna məcbur etmirlər. Adamlar boyunduruğu özü seçir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar