Chat GPT - dünyanı dəyişən süni intellekt modeli getdikcə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Artıq dünyada 200 milyondan çox insan onun xidmətindən aktiv istifadə edir.
Əvvəlcə ondan məlumat toplamaq və ya iş üçün istifadə edilirdisə, artıq Chat GPT insanların şəxsi həyatına da daxil olmağa başlayıb. Belə ki, bəzi istifadəçilər şəxsi həyatları ilə bağlı məsləhət almaq üçün öz sirlərini süni intellektə verir, özlərinə aid bir sıra detalları onunla bölüşürlər.
Ancaq mütəxəssislər “yaxın dost”muzun təhlükəsizliyimizi riskə ata biləcəyini deyirlər.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun
Bakupost.az -a bildirdiyinə görə, şəxsi məlumatları ChatGPT ilə bölüşmək təhlükəsizlik baxımından diqqətli yanaşma tələb edir:
“Unutmaq olmaz ki, ChatGPT və digər süni intellekt sistemləri nə qədər inkişaf etmiş olsalar da, şəxsi məlumatların məxfiliyini tam zəmanətli şəkildə qoruya bilməzlər. Bu cür sistemlərdə paylaşdığınız hər bir məlumat texniki baxımdan sistemlərin işlənməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə istifadə oluna bilər. Bu səbəbdən şəxsi, məxfi və ya maliyyə xarakterli məlumatları belə platformalarda paylaşmaq məsləhət deyil.
Bundan başqa, ChatGPT-nin mənfi tərəflərindən biri də istifadəçinin texnologiyaya həddindən artıq emosional bağlanması, real insani münasibətlərdən uzaqlaşması və yanlış mənbəyə etibar etməsidir. Süni intellektlərlə ünsiyyətdə olarkən insanlar ehtiyatlı davranmalı, şəxsi və həssas məlumatları bölüşməkdən çəkinməli, sistemin cavablarını birbaşa qərarvermə vasitəsi kimi istifadə etməməlidirlər”.
ChatGPT-nin gücü insanların yazı və danışıq tərzini təqlid etmək qabiliyyətidir. Bu model bir çox mürəkkəb suallara dəqiq cavab versə də, onun ciddi səhvlər etdiyi və və yalan məzmun yaratdığı da məlumdur.
Ona görə də ChatGPT və ya hər hansı digər generativ süni intellektdən istifadə etdiyiniz zaman onun dərc etdiyi məlumatı yoxlamaq çox vacibdir. Çünki informasiya yanlış, köhnə və ya qeyri-obyektiv ola bilər.
Beləliklə, süni intellektin imkanları böyük olsa da, onunla ünsiyyət zamanı ehtiyatlı davranmaq vacibdir. Texnologiyanın həyatımıza gətirdiyi rahatlıqlardan düzgün istifadə etmək faydalıdır, amma sərhədlər aşılarsa, bu, arzuolunmaz nəticələrə səbəb olub. ChatGPT və digər dil modelləri həyatımıza kömək məqsədilə yaradılıb, lakin şəxsi sərhədlərimizi qorumaq bizim məsuliyyətimizdir.
Aysel Məmmədli,
BakuPost