Ru
14:31 / 05 May 2025

"Moskva əl altdan bizə dəyənək göstərib" - Açıqlama

"Moskva əl altdan bizə dəyənək göstərib" - Açıqlama
Eye

“Deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması və Moskva hava limanında heç bir izahat verilmədən geri göndərilməsi müəammalıdır. Doğrudur, belə bir versiya var ki, Rusiya tərəfi fevral ayında Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyeva media müstəvisində verdiyi açıqlamalarına görə deputat Azər Badamovu qara siyahıya salıb. Ancaq bu ikisi arasında böyük fərq var.

Birincisi, Valuyev açıqlamasında Azərbaycan əleyhinə təhqiedici ifadələr işlətmişdi, Azər Badamov isə Rusiyanı hədəf almadan rusiyalı deputata cavab vermişdi. Azər Badamovun Nikolay Valuyevin ünvanına yazdığı sərt cümlə sadəcə bu idi: “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”. Görünür, məhz bu cümlə Moskvanın xoşuna gəlməyib.”

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi analitik Elxan Şahinoğlu Azər Badamovun Rusiyada deportasiya olunması məsələsini şərh edərkən bildirib.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan XİN Nikolay Valuyevin ölkəyə girişinə rəsmi qadağa qoyduğunu bəyan etmişdi:

“Yəni Valuyev bu qadağanı bilərək bilet alıb Azərbaycana gəlməzdi. Rusiya Xarici İşlər Nazirliyi isə Azər Badamovun Rusiyaya girişinə qadağa qoyması barədə açıqlama verməmişdi. Azər Badamov əvvəlcədən bunu bilsəydi, Rusiyaya səfər etməzdi. Fərq bundadır. Azər Badamov qadağadan xəbərsiz deputat həmkarları ilə birgə Rusiyadakı tədbirə qatılmalıydı. Özü də söhbət o tədbirdən gedir ki, Rusiya tərəfi özü Azərbaycan Parlamentinin üzvlərini dəvət edib".

E.Şahinoğlu qeyd edib ki, hadisə ilə bağlı diqqətçəkən daha iki məqam da var:

"Birincisi, Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüdür. İkincisi, bu hadisədən 10 gün əvvəl Azər Badamov Rusiya ərazisində - Dağıstanda səfərdə olub. Əgər Rusiyanın müvafiq strukturları Azər Badamova “stop” qoyublarsa, Dağıstan ərazisinə niyə buraxıblar? Belə çıxır ki, Azər Badamovla bağlı qərar 10 gün içində verilib".

Ekspert bildirib ki, Azərbaycan XİN hadisəni “qeyri-dost addım” kimi qiymətləndirib, lakin Rusiya XİN hələ də bu barədə açıqlama verməyib:

“Moskva bu addımla bizə əl altdan dəyənəyini göstərib. Kreml bir tərəfdən emissarlarını Bakıya göndərir və gələnlər ağızdolusu dostluq və strateji tərəfdaşlıqdan danışırlar, o biri tərəfdən əvvəlcədən xəbərdar etmədən Azərbaycan Parlamentinin deputatını geri göndərirlər, üstəgəl də bəlli olur ki, Azərbaycan əleyhinə kiberhücumları həyata keçirən əsas qruplar Rusiya ərazisindədir. Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?”

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar