Ru
09:23 / 23 Aprel 2022

Dastanlaşan ömürlər kitabı - FOTO

25496



Hələ uzun illər keçəcək, 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük möhtəşəm zəfər yolu bizi daha da qürurlandıracaq, şöhrətləndirəcək. O tarixi günlərdə dövlət-xalq birliyinin gücünü görən, Vətən sevdalı oğullarımızın qəhrəmanlığına şahidlik edən dünya torpaq sevgisinin “Azərbaycan brendi”nin təkrarsızlığını yaşadı. Sevinən sevindi, qəhr olan qəhr oldu. Bu tarixi hadisəni yaşayan şanslı insanlar kimi hər birimiz gördük ki, cəmiyyətimiz say-seçmə oğullarının itkisinə rəğmən qələbə ruhuna köklənərək yalnız sevinc, qürur hissinə büründü. Bəli, xalq, sərkərdə, dövlət və ərənlərimiz tarix qarşısında üzüağ imtahan verdi, 30 il qəddimizi əyən, gözümüzü kölgəli edən erməni işğalına son qoyuldu...


Bunlar bəlli və yaşanan təkrarsız xoşbəxtlik hissləridir. Amma mən düşünürəm ki, bu möhtəşəm qələbəmiz qədər mühüm daha bir vacib missiya var: 44 günlük Vətən müharibəsini peşakarcasına, soyuq ağılla və dəqiqliklə əbədiləşdirmək. Kitablarda, televiziya filmlərində, qəhrəmanlıq mahnılarında, Azərbaycan insanının yaradıcılıq potensialının imkan verdiyi bütün istiqamətlərdə dastanlaşdırmaq, dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırmaq...




Qarşımda bir kitab var. “Vətən öz şəhidləri ilə ucalır” devizi ilə araya-ərsəyə gətirilmiş “Biz Vətən üçün doğulduq” adlı publisistik düşüncələr, sənədli hekayələr toplusu. Müəllifi əməkdar jurnalist, “Tərəqqi” medallı Əminə Yusifqızıdır. Müasir tərtibata malik nəşr ikinci Qarabağ müharibəsində vətən olmağı bacarmış 65 nəfər yevlaxlı şəhidin şərəfli, örnək həyat yoluna güzgü tutur.


Mən Əminə xanımı çoxdan tanıyıram. Peşakar qələm əhli, fəal və işgüzar qadın, xeyirxahlıq və maarifçilik missiyasının layiqli daşıyıcısı kimi bu xanım həmişə dövlətçiliyimizə sədaqətlə xidmət edib. Öz yaradıcılığı, tutarlı və oxunaqlı qələmi ilə doğma Yevlağın inkişafına töhfə verib, insanların qəlbində özünə taxt qurub.


İnsan, xüsusilə yaradıcı şəxsiyyətlər cəmiyyətdə o zaman qəbul olunur, örnək amilinə çevrilir ki, varlıqları ilə əməlləri eyniyyət təşkil etsin. Mən həmişə Əminə Yusifqızını bir jurnalist, qəzet redaktoru kimi haqqın müdafiəsində görmüşəm. Gözləri, çöhrəsi ürəyindən güc alıb. Bir ana kimi şəhid ailələrinin, qazilərimizin problemlərini, dərdlərini, eyni zamanda yaşadıqları qürur hissini varlığına hopdurub.

Ona görə də şəhid oğullarımızla bağlı qələmə aldığı “Biz Vətən üçün doğulduq” adlı kitabın belə oxunaqlı, ürəyəyatımlı və təsiredici alınmasını tam təbii hesab edirəm.

Taleyi göylərə bülənd olan, ruhu uca Vətənimizə sevda toxumları əkən şəhidlərimizin ömür hekayələri ilə tanış olduqca, insanı heyrət bürüyür. Şəhid ata-anasının, şəhid yoldaşının, şəhid balasının, şəhid bacı-qardaşının taleyini yaşayan Əminə xanım çox həssas və incə məqamlarla oxucuları baş-başa buraxır. Onları düşünməyə, Vətən sevdalı aşiqə çevrilməyə sövq edir, həm də düşmənin acizliyini, alçaqlığını, namərdliyini aydın mənzərələrlə göz önünə gətirir.




“Övladlarına Vətən namusunu südü ilə bərabər içirən analar”ın müqəddəsliyindən, ömrü qəhrəmanlıq dastanlarına dönən şəhid xanımlarının sevgi qibləgahlarına pıçıldadıqları həzin nəğmələrdən, şəhid bacısının Vətən boyda bayatısından elə təbii, elə ürəkyanğısı ilə söz açır ki, qədirbilən oxucunun bu torpağa, bu yurdun oğullarına sevdalanmaqdan başqa çarəsi qalmır. O qənaətə gəlirsən ki, analar çöhrəsindən nur əskik olmayan bu oğulları elə torpaq üçün doğublarmış. Şəhid ərənlərimizin ilahi ömür yollarına işıq tutan sənədli hekayələrin, publisistik düşüncələrin dili elə kövrək, zəngin və yüyrək, məna tutumu o qədər dərin və düşündürücüdür ki, içini çəkməkdən, heyrətlənməkdən özünü saxlaya bilmirsən. Nə yaxşı ki, mən də bu yurdun övladıyam deyirsən.


Yazılanlardan aydınca duyulur ki, Əminə xanım 65 nəfər şəhidin ata ocağına, doğma ünvanlarına dəfələrlə ayaq basmaqdan nəinki usanmır, əksinə, hər gedişində indiki və gələcək nəslin vətənpərvərlik tərbiyəsində mühüm və təsiredici rol oynayacaq məqamlara işıq tutaraq mənəvi rahatlıq tapır.


Şəhid polkovnik-leytenant Soltan Akif oğlu Məmmədov haqqında qələmə alınan düşüncələrdə belə bir məqam var:


“ - Bir neçə gün əvvəl evə zəng edibmiş Soltan. Kiçik qızı Sümayə ilə də danışıb, birinci sinifdə oxuyan Sümayədən dərslərinin necə getdiyini soruşub: “Ata, erməni sözü “e” hərfilə başladığına görə e-ni öyrənmirəm, amma o biri hərflərin hamısını yaza bilirəm. Sən nə vaxt erməniləri öldürüb gəlsən, o vaxt öyrənəcəyəm, - deyir.


Və qəribədir, şəhid olanda əsgərləri cibindən balaca kağız parçası tapır. Bircə cümlə yazılıbmış: “Görəsən, “e” hərfini qızıma öyrətmək mənə nəsib olacaqmı?...”


Bu gün gərək
Hər anımız Vətən! – desin.
Qılıncımız, qalxanımız
Vətən! – desin.
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.

Əminə Yusifqızı bütün yazılarında haqlıdır, şəhidlik - ölümsüzlükdür. Bu gün də belədir, sabah da belə olacaq; hər bir Azərbaycan qadını şəhid anasıdır, şəhid bacısıdır, hər bir Azərbaycan oğlu şəhid atasıdır, şəhid qardaşıdır, şəhid oğludur. Elə gücümüz də, gələcəyimiz də bu hikmətdədir.


Və “Biz Vətən üçün doğulduq” kitabı hər birimizin canyoldaşı, stolüstü kitabı olmalıdır.


Nəhayət, bir məqamı da qeyd edim ki, Azərbaycanı Vətən edən, milli qürurumuza ucalıq gətirən şəhidlərimizin ölməz varlıqlarını dastanlaşdıran bu nəşr qrammatik qüsur və xətalardan tamamilə uzaqdır. Hətta oxucunun diqqətini daha çox cəlb etmək naminə bir çox hallarda mətnin həssas hissələri fərqləndirici şriftlərlə verilib.


Uca Tanrı cənnət timsallı şəhidlərimizə rəhmət eləsin!


Əminəm ki, əməkdar jurnalist Əminə Yusifqızının parlaq təfəkkürünün növbəti kitab məhsulu işğaldan azad edilmiş və çiçəklənən ulu yurd yerlərimizdən bəhs edəcək.






Samir Zəngəzurlu

yazıçı-publisist, “Qızıl qələm” mükafatçısı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Azərişıq” ASC-nin regionlar üzrə mətbuat xidmətinin rəhbəri
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər