Ru
13:27 / 04 Oktyabr 2022

Deputatın harın tərzi və özümüzə qarşı manipulyasiyamız...

11911
Millət vəkili Rüfət Quliyevin Milli Məclisin komitə iclasında dediyi fikirləri yaydıqdan sonra sosial şəbəkələrdə gözlənilməz müzakirələr başladı.


Onun marketlərdə müştərilərin aldadılması ilə bağlı hamımızın bildiyi və narahat olduğu məsələni səsləndirməsi, açığı, bizim üçün də gözlənilməz idi.


Adətən, təriflər üzərində qurulan çıxışlarıyla yadda qalan oliqarx-deputatın ittiham dolu fikirləri əslində rəğbətlə qarşılanmalıydı. Deputat supermarketlərdəki yeni növ fırıldaqçılıqdan danışmış, piştaxtada qiyməti 1 manat 45 qəpik göstərilən bakuşun kassada1 manat 90 qəpiyə satılmaqla müştərilərin aldadılmağından danışmışdı.



Hamıya bəlli olan və getdikcə daha çoxalan market fırıldaqçılığının Milli Məclis kürsüsündən səslənməsi bizim üçün adi məsələ deyil.


Bundan sonra nə baş verməliydi?


İnsanlarımız bu çıxışı yaymağa, məsələni bir qədər də genişləndirməyə, mətbuat deputatın bu sözlərinə əsaslanıb mövzular işləməyə, aidiyyəti qurumların münasibətini öyrənməyə, cavabdeh şəxsləri tapıb üzə çıxarmağa... sonda isə nəticəyə nail olmağa çalışmalıydı.

Buna aldadılmağımızın qarşısının alınması üçün bir fürsət kimi də baxmaq olardı. Hadisənin nə qədər inkişaf etməsindən asılı olaraq, bu problem (piştaxtada bir, kassada başqa qiymət) bəlkə dövlət başçısına kimi gedib çıxa bilərdi. Amma bu, baş vermədi.


Problem qaldı bir tərəfə, əksər adamlar millət vəkilinin bakuş sözünə fokuslandı. Onun çıxışını təqdir etmək əvəzinə tənqid etməyə başladılar. Daha çox millət vəkilinə neqtiv gətirən hissəsini kəsib paylaşdılar. Düzdü, millət vəkilini danışığında bir harınlıq tonu var idi. “1 manat 45 qəpiyə bakuş satılır. Onu götürüb, deyirsən ki, gedim yetim-yesirin uşaqlarına verim, sevindirim” kimi ifadələr adamda müəyyən qıcıq yarada bilər. Çünki millətin vəkili olan bir şəxsin dediklərindən belə çıxır ki, bakuşu yalnız yetim-yesir yeyir. Burada bir aşığılamaq tonu da var. Amma axı, əsas məsələ problemin qaldırılmasıdır. Və bunu da millət vəkili, hətta bəlkə də özünü riskə ataraq qaldırıb.


Biz bunu nəzərə almayıb, bir ifadəyə niyə bu qədər diqqət edirik?


Başa düşürük, deputatlara, məmurlara ümumi bir qıcıq var, nifrət var. Onlar nə desələr belə, səmimiyyətlərinə inanılmır. Amma bütün bunlar məsələyə obyektiv munasibət göstərməyimizə mane olursa, deməli, dəyişmək lazımdır. Çünki bu dəyişikliklər bəlkə də deputatlara, məmurlara heç lazım da deyil. Bakuşun 45 qəpik qalxması milyonçu millət vəkilini narahat etməz. O bizim, əsasən, imkanı zəif olan insanların problemini dilə gətirib. Necə ki, bu ilin yazında başqa bir millət vəkili - Fəzail Ağamalı gilasın baha olduğunu, onun 8-10 manata satıldığını demişdi. O zaman da məsələnin mahiyyəti kənarda qaldı və sosial şəbəkə istifadəçiləri Fəzail Ağamalını lağ hədəfinə çevirdilər. Bu adamlar toplumun problemini qaldıranda niyə biz onları daş-qalaq edirik? Axı bir sözü manipuliyasiya etmək, özünə qarşı çevirmək deputatın harın tərzindən daha pis, eyni zamanda, həm cəmiyyət, həm də özümüz üçün daha təhlükəlidir.


E.Mirzəyev
BakuPost


Həmçinin oxuyun:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər