Ru
15:05 / 14 Yanvar 2022

Dövlətin informasiya siyasəti dayanıqlı inkişafın tərkib hissəsidir

1551

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin inkişaf strategiyasının hazırlanması əsas hədəflərdəndir. Artıq bu istiqamətdə ciddi addımlar atılmış, hətta postpandemiya və postmüharibə dövrü üçün zəruri tədqiqatlar da öz bəhrəsini vermişdir.

Belə ki, keçən il Milli Məclisin payız sessiyasında “Media haqqında” yeni qanun layihəsi qəbul olunmuş və Azərbaycanda peşəkar jurnalistika fəaliyyətinin əlaqələndirilməsi qanunvericilikdə öz əksini tapmışdır.

Parlamentdə “Media haqqında” yeni qanun layihəsinin qəbulu kifayət qədər geniş müzakirə olunmuş, müzakirələr zamanı müxtəlif müstəqil, korporativ maraqları ifadə edən, eləcə də beynəlxalq təcrübədən irəli gələn ekspert fikirləri səsləndirilmişdir. Bu fikirlərdə innovasiyada, texnologiyalarda olan yeni çağırışların ifadə olunması ölkə mətbuatını daha da güclü etmək və istər dünyada, istərsə də regionda mətbuat rəqabətinə davamlılığı təmin etmək məqsədi daşıyır.

Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin 12 yanvar 2022-ci il tarixində yerli media kanallarının nümayəndələri ilə görüşünün keçirilməsi, istər ölkə, istərsə də beynəlxalq siyasətə dair yeni formatda Prezidentin fikirlərinin alınması, postmüharibə dövrünə, doğma Qarabağımızın dirçəlməsinə, iqtisadi vəziyyətə, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətlərə dair sualların cavablandırılması, eyni zamanda bu görüşün 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən daha bir böyük hadisə kimi də qiymətləndirilir.

Bu görüş eyni zamanda dövlət-cəmiyyət münasibətlərinin, iqtidar-müxalifət əlaqələrinin də ən sivil müstəvidə inkişafını və məsuliyyətini göstərməkdədir. Müsahibə zamanı Prezident İlham Əliyevin “Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir” ifadəsi sözün əsl mənasında bütün sahələrdə qanunun aliliyinin təminatına, nizam-intizamın mükəmməl icrasına və hökumətin əsas hədəfi olan vətəndaşların söz azadlığına, plyuralizmin inkişafına da öz müsbət təsirini göstərəcəkdir.

Həmçinin, Cənab Prezidentin jurnalistlərin suallarına dolğun, hərtərəfli cavablar verməsi ondan xəbər verir ki, hökumət cəmiyyətdə baş verən bütün hadisələrin hər birinin həllində, xarici siyasətdə və gələcəyə doğru aparılan strategiyalarda belə məlumatların düzgün formada məhz mətbuat vasitəsilə dünyaya çatdırılmasında birbaşa maraqlıdır.

Bu gün ölkə mətbuatının sağlam, peşəkar, ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir, xüsusilə nəzərə alsaq ki, Azərbaycan geosiyasi olaraq hal-hazırda bir tərəfdən erməni faşizmi ideologiyasını təbliğ etməli, digər tərəfdən isə ölkəmizin davamlı inkişafında, ölkə quruculuğunda nəzərdə tutulan məlumatların dünyaya düzgün çatdırılması kimi məsələləri təmin etməlidir.

İstər müharibə vaxtı, istər müharibədən sonrakı ildə Prezident İlham Əliyevin beynəlxalq və yerli mətbuatla ünsiyyətinin formatı, eləcə də apardığı informasiya siyasəti ölkə mətbuatının yeniləşməsində və daha da inkişaf etməsində özünü biruzə verərək bu işin dayanıqlı olacağını bildirməyə əsas verir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər