İngiltərədə yüzlərlə ata övladları ilə birlikdə London və Edinburq küçələrinə çıxaraq, "atalıq məzuniyyət"lərinin artırılmasını tələb ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.
Ataların bu aksiyası dünyada bir ilk olaraq tarixə düşüb.
Övladları ilə aralarında bağ qurmaq üçün zamanlarının az olduğuna etiraz edən atalar, uşaq arabalarındakı körpələri ilə gələrək, 2 həftəlik "atalıq məzuniyyəti" müddətinin qanunla uzadılmasını tələb ediblər.
Aksiyanın təşkilatçısı "Dad Shift" kampaniyasından Corc Qabriel bildirib ki, bu nümayişi keçirmək üçün islandiyalı qadınlardan ilham alıb:
"Onlar 70-ci illərdə ev işlərini dayandıraraq, dünyada ilk qadın tətilini keçirmişdilər. Nəticədə İslandiya dünyanın ən yaxşı gender bərabərliyi qanunvericiliyinə sahibdir. Biz isə istirahət üçün yox, ailəmizlə səmərəli keçirə biləcəyimiz vaxt istəyirik. Ən azından altı həftəlik "atalıq məzuniyyəti"ni müntəzəm maaşla görmək istəyirik. Bu, əsas minimum olmalıdır – Avropa üzrə orta göstərici səkkiz həftədir. Böyük Britaniyada atalıq məzuniyyəti Avropada ən aşağı göstəriciyə sahibdir və 43 inkişaf etmiş ölkə arasında 40-cı yerdədir".
Nümayişçilər bildirirlər ki, atalıq məzuniyyətinin artırılması həm də maaş fərqini aradan qaldırmağa kömək edəcək.
O da bildirilib ki, xüsusilə oğlan uşaqlarını qorumaq üçün onların həyatında aktiv ata fiqurunun, sağlam rol modelinin olması mütləqdir.
"Bizi Londonun şərqindən oyanmış atalar dəstəsi olmaqda günahlandıran bəzi insanlar var. Lakin sorğular göstərir ki, bu günlərdə ataların 90%-i uşaqlarının həyatının daha aktiv bir hissəsi olmaq istəyir", -nümayişə qatılan atalardan biri deyib.
BakuPost