“Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli haqlı olaraq elmlər doktoru mərhələsinin əleyhinə olduğu barədə çıxış edib. Onun müasir dövrdə elmlər doktoru mərhələsinin səmərəsiz olduğu, bunun gənc alimlərin inkişafına maneələr yaratdığı barədə fikrlərində tam haqlıdır. İnşallah, bu addım təhsilə vurulmuş düyünlərdən birinin açılmasına səbəb olar”.
Bu fikirləri
Bakupost.az -a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Onun sözlərinə görə, alimliyin iki pilləli (fəlsəfə doktoru və elmlər doktoru ) olması, başqa sözlə, balaca və böyük alim anlayışı mətiqdən kənardır:
“İki səviyyəli alimliyin olması sovet imperiyasının idarəçilik məntiqinə uyğun idi. Bunun siyasi səbəbi vardı. Belə ki, elimlər namizədi adı almış alimin gələcək fəaliyyətini və mövqeyini nəzarətdə saxlamaq istəyirdilər. O, ikinci dəfə müdafiə etməli idi ki, professor adı ala bilsin. Bunun üçün mütləq "partkom"un razılığın almalı idi. Bu sadə tələb alim dünyagörüşünə vurulmuş kilid idi. İddiaçı elmi dərəcəni mütəxəssislər qarşısında aldığı nəticələrini müdafiə etdikdən sonra qazanırdı. Bu ictimai rəy dövlət tərəfindən də təsdiqlənəndən sonra ona rəsmi alimlik diplom verilirdi".
Professor qeyd edib ki, çağdaş Elmi Şuralarda alimlik adı almaq üçün keçirilən müzakirələrdə təqribən 25-30 nəfər mütəxəssis və alim (rəhbər, opponent, şura üzvləri) iştirak edirlər:
"II Dünya müharibəsindən sonra bu yanaşma Sovetlərdə özünü doğruldu. Çünku o zamanlar dövlət mənafeyi bütün mənafelərdən üstün tutulurdu. Şuranın bütün üzvləri dövlətin mənafeyini qoruyurdu və layiqli tədqiqatçılar elmi dərəcəni asanlıqla alırdı. Ancaq sonrakı dövrürlərdə Elmi Şuralar işgüzar məclisdən ritual məclisə çevrildi. Çağdaş Müdafiə Şuralarında bir neçə mənafe üz-üzə gəlir. İddaçı şəxsi mənafeyinin, opponetlər dövlətin mənafeyinin müdafiəçisi kimi çıxış edirlər. Şura üzvləri həm dövlətin, həm də elmin mənafeyini müdafiə edirlər. İndiki, Müdafiə Şuralarında rəhbər və iddaçının mənafeyi digər iki mənafeyə çox vaxtı üstün gəlir. Bəzən rast gəlinir ki, opponet iddaçını rəhbərdən çox tərifləyir. Dövlət mənafeyi şəxsi mənafeyə satılır. Bu səbəbdən bəzən istənilən dəyərsiz, saxta elmi işin müəllifi çox asanlıqla alim adını ala bilir”.
Ş.Əsgərov qeyd edib ki, il ərzində müdafiə edənlərin cəni 25-30 faizi Ali Atestatsiya Komisiyasında təsdiqlənir:
"Bu o deməkdir ki, Elmi Şuralar milli mənafeni qoruya bilmir. Nəticədə alim adını almaq istəyən hər kəs bu adı ala bilir. Dünya praktikasında elmi dərəcələri universitetlər verirlər. Bu yanaşma daha doğru sayılır. Elmi dərəcə, bir neçə nəfər tanınmış alimin (fərdin) birgə məsuliyyəti altında verilir. İddiaçı müdafiədən sonra həmin gün diplomunu ala da bilir. Əgər hansı universitetdə alimlik adının veriməsində kobud səhv edilibsə, onda törədilən cinayətin məsuliyyəti bu 3-4 alim arasında bölüşülür və ictimailəşdirilir. Nəticədə bu alimlər cəmiyyətdə hörmətdən düşürlər. Mövcud müdafiə Şuralarının üçün belə bir qorxu yoxdur, çünki 30 nəfəri - kütləni cəzalandırmaq məqsədə uyğun sayılmaz. Qorxu fərd üçündür, kütlə üçün deyil. Başqa sözlə, fərdin məsuliyyəti var, kütlənin məsuliyyəti yoxdur. Bu səbəbdən elmi dərəcələrin verilməsində kütlə məsuliyyətindən fərdin məsuliyətinə keçmək lazımdır. Fikrimcə, cəmiyyətdə ictimai şüur artdıqca təhsilə vurulmuş digər yaralar da sağalacaq”.
Sevinc,
BakuPost