Ru
15:42 / 18 Yanvar 2023

Erməni nazirin qənimi - Qəzada ölən Monastırski necə nazir olmuşdu?

Erməni nazirin qənimi - Qəzada ölən Monastırski necə nazir olmuşdu?
Eye

Bu gün Ukraynanın Brovarı şəhərində baş verən vertolyot qəzasında həlak olanlardan biri də Ukraynanın Daxili İşlər naziri Denis Monastırskidir. Zelenski komandasının gənc üzvlərindən olan Monastırski 2014-2021-ci illərdə bu vəzifəni tutan və xalq arasında ironiya ilə "əbədi nazir" adlandırılan Bakı əsilli erməni Arsen Avakovu əvəz etmişdi.

Bakupost.az Monastırskinin bioqrafiyası ilə bağlı yazını təqdim edir:



2021-ci il iyulun 13-də Ukraynanın "əbədi" daxili işlər naziri Arsen Avakov istefa verdi. Elə həmin gün onun varisinin adı açıqlandı. Aydın oldu ki, Prezident Zelenski deputat Denis Monastırskinin simasında DİN rəhbəri üçün bütün lazımi keyfiyyətləri görür.

Böyük qurbanlar tələb edən vəzifə

Denis Monastırski isə bu təyinata qədər gələcək vəzifəsini "böyük qurbanlar tələb edən iş" kimi dəyərləndirmişdi:

"Mən nəyi qurban verdiyimi başa düşürəm. Bir insan, bir şəxsiyyət, bir siyasətçi kimi nəyə getdiyimi anlayıram. Ancaq seçim etdim və bu vəzifə üçün müraciət edəcəyəm".

Gələcək siyasətçi 12 iyun 1980-ci ildə Xmelnitskidə anadan olub. Təhsilini kiçik vətənində - Xmelnitski İdarəetmə və Hüquq Universitetində alıb. Gənc universitet çox nüfuzlu deyildi, lakin o dövrdə dəbdə olan istiqamətlər üzrə diplomlar verirdi. Həmçinin öz "KVN" komandası var idi. Bu komanda məşhur "Üç kök kişi" komandasının bir hissəsi idi. Hazırkı vitse-spiker Ruslan Stefançuk da bu komandanın üzvü idi.

Geraşenkonun köməkçisi

Zelenskinin rəhbərlik etdiyi “Xalqın xidmətçisi” partiyasının qələbəsi siyasi səhnəyə bir çox yeni simaları gətirdi. Onlardan biri də Monastırski idi. Ali təhsil haqda diplomunu aldıqdan sonra o, təhsilini Kiyevdə davam etdirmək qərarına gəlmişdi. 2009-cu ildə Koretski adına Dövlət və Hüquq İnstitutunda “qanunun sabitliyi” mövzusunda disstertasiya müdafiə edən gənc hüquqşünas paralel olaraq Alma Mater-də dərs deyir və özəl sektorda çalışırdı. Belə ki, Monastırski “Hillmont Partners” və “Liqal Consalting” şirkətinin hüquqşünası idi. Bundan əlavə, o, ictimai işlərdə fəal iştirak edir, hətta bir sıra mədəniyyət təşkilatlarının üzvü idi.


Daha sonra Monastırski hüquq-mühafizə və məhkəmə sistemlərinin islahatı üzrə ekspert kimi Ukrayna Gələcək İnstitutuna qoşulur. Bu qurumun təsisçisi və ən məşhur siması uzun müddət Daxili İşlər naziri Arsen Avakovun müavini və faktiki ruporu olan Anton Geraşenko idi.

Geraşenkonun deputat olduğu illərdə Denis Monastırski onun köməkçisi idi. O, bu dönəmdən etibarən "parlamağa" başladı. Belə ki, tezliklə Monastırskı Dövlət Təhqiqat Bürosunun yaradılması üzrə müsabiqə komissiyasının katibi oldu. Qeyd edək ki, hazırda mərhum nazirin həyat yoldaşı Janna Monastırskaya bu qurumda işləyir.


Zelenskinin seçki qərargahının hüquqşünası

Daha sonra Xmelnitski və Kiyevdəki əlaqələri Monastırskinin Zelenskinin komandasının üzvü olmasına kömək edir. O, Bihus.info araşdırması nəticəsində üzə çıxan Ze-komandanın qeyri-rəsmi "Nijnie" qruplaşmasının üzvü olur. Onlar mərhum Sergey Nijninin “Hillmont Partners” hüquq firmasının yetirmələri idi. Bu şirkət "Kvartal 95"ə hüquqi dəstək göstərirdi. Beləliklə, Monastırski faktiki olaraq, yeni bir siyasi layihəyə cəlb edilir.

Daha sonra o, Ze-komandanın ilk ekspertlərindən biri olur. Onun iş sahəsi hüquq-mühafizə sistemində islahatların aparılması idi. Monastırski həm də Zelenskinin seçki qərargahının hüquqşünası idi.


Xalq deputatı

Sabiq gülüş ustası prezident seçkilərində qalib gəldikdən sonra onun komandasının üzvlərinə necə deyərlər, “fil paylamaq” vaxtı gəlib çatdı. 2019-cu il parlament seçkilərində Monastırski ən yüksək adla - "19 nömrə" adı altında iştirak etdi. Qalib gələn hüquqşünas mono-çoxluğun üzvü kimi Ukrayna Ali Radasının hüquq-mühafizə məsələləri üzrə komitəsinə rəhbərlik etdi. Xalq arasında bu komitəni “polis komitəsi” adlandırırdılar.

Deputat kimi 2 illik fəaliyyəti ərzində Monastırski bir çox həmkarlarından fərqli olaraq, öz imici və nüfuzunu qoruya bildi. O, son dərəcə fəal parlamentari idi. CESNO hərəkatının məlumatına görə, ən çox qanunvericilik təşəbbüsü ilə çıxış edən xalq deputatlarından biri olduşdu. Monastırski həmçinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Şuranın üzvü idi.

Deputat həmçinin Baş Prokurorluq ilə əməkdaşlıq qurdu və Korrupsiyaya qarşı Mübarizə İdarəsi ətrafında yaranan çıxılmaz vəziyyəti həll etməyə, polis işçilərinin maaşlarını artırmağa, korrupsiyaya və "qanuni oğrular"a qarşı mübarizədə prezidentin ideyalarının məzmununu təmin etməyə çalışdı.




Ehtiyatlı tənqiddən istefaya qədər uzun yol

Deputat həm də Daxili İşlər Nazirliyini ehtiyatlı tənqid edirdi. Məhz onun sədrliyi ilə DİN-də Avakovun rezonans doğuran kobud səhvlərinə baxıldı və dəfələrlə nazirin istefası məsələsi gündəmə gətirildi. Lakin istefa məsələsi uzun müddət yalnız müzakirə olaraq qaldı və yalnız 2021-ci ilin iyulunda Ze-komanda Avakovun istefasına nail oldu.

Qeyd edək ki, Monastırskinin həyat yoldaşı Janna da hüquqşünasdır və onların iki oğlu var.




Zaur
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar