Ru
11:51 / 16 Mart 2023

Gün işığında sevgi - Xeybər Göyyallının hekayəsi

27861
Xeybər Göyyallı




GÜN İŞIĞINDA SEVGİ

Hekayə

Adnan hər gün qırx səkkiz il bundan əvvəl orta məktəbi bir yerdə bitirdikləri sinif yoldaşlarını görmək istəyirdi. Buna görə tez-tez min bir bəhanə ilə sinif yoldaşlarına zəng edər, ya özü onların yanına gedər, ya da onları qonaqlığa dəvət edərdi. Süfrə arxasında ancaq məktəb illərindən söhbət salar, kimsə siyasətdən-zaddan danışsaydı Adnan həmin adamın ağzını açmağa qoymaz, -“ boş, mənasız söhbətlərlə qanımıza qaraltmayaq, elə şeylərdən danışaq ki, onları yaşamışıq, gəlin özümüzə doğma olan hissləri xatırlayaq”,- deyərdi. Adnan ali təhsil alsa da, idarə müdiri olsa da, fikri-zikri hələ də məktəb illərində qalmışdı. Hər dəfə süfrə arxasında görüşəndə Adnan gözlərini sinif yoldaşlarının gözlərinə dikib bir müddət xəyala dalar, sonra kədər çökmüş bir səslə məktəb illərindən söhbət salardı:”Ay uşaqlar, sizi deyə bilmərəm, mən hələ də o illəri unuda bilmirəm, hər gün qulağıma zəng səsi gəlir, elə bilirəm sinifdəyəm, ədəbiyyat dərsindəyəm, Mahir müəllim dərsi yaxşı öyrənməyən uşaqları döyür, danlayır...” Sinif yoldaşı Hadi də üzbəüz oturduğu Sadığa göz vuraraq:” sən tərsliyinə salıb hələ də o sinifdən çölə çıxmırsan, elə orda qalmısan”, -əlini -əlinə vurub, ucadan gülərək dedi. Adnan Hadinin hansı simə vurduğunu yaxşı bilirdi. Həmişə söhbətin bu məqama gəlməsinin səbəbkarı Adnan özü olardı. O, qəsdən həmişə oxuduqları məktəbdən, dərs keçdikləri sinifdən söz salardı. Sinif yoldaşları da zarafata salıb qəsdən onun bostanına daş atanda Adnan da özünəməxsus bir tərzdə dərindən köks ötürərək, ancaq bir qədər emosional formada deyərdi:” Siz nə bilirsiniz məhəbbət nədir?!”. Adnandan bu sözləri sinif yoldaşları çox eşitdiklərindən onlar üçün bu sözlər artıq adiləşmişdir. Ancaq Adnan onlarla görüşəndə sevincindən ürəyi köksünə sığmırdı. O, sinif yoldaşlarını görəndə gözlərinə sanki işıq gəlirdi, gözləri parıldayırdı. Adnan sinif yoldaşlarının tikanlı sözlərindən daxilən həyəcanlansa da, bunu zahirən bir o qədər sezdirmirdi. O, bayaqkı söhbətinə qayıtdı: “İnsanların çoxu sevgi-məhəbbət məsələsinə çox primitiv yanaşırlar. Sevgi yalnız doğub-törəmək, artıb-çoxalmaq üçün deyildir. Nəsil artırmaq bu işdə birinci yox, bəlkə də, lap sonuncu işdir. Bir qədər diqqətlə yanaşsanız, görərsiniz ki, Tanrının nizamında da bu belədir, uşaq əkib-becərmək sevgidən çox sonra gəlir. Kim nə deyir desin, sevgi könül işidir. O, gözdən-könüldən başlayır, göz-könül doğub-törəmək işinə baxmır”.
Adnanın sözləri Sadıq üçün çox mənasız göründüyündən həmişə dediyini bir daha təkrarladı:” Yenə başladın filosofluğa, bir qızı almağa fərasətin çatmadı. Elə belə boş xəyallarla yaşadın ki, axırı da belə oldu”. Adnan təmkinli və səbirli insan idi. Bəlkə də, onu belə səbirli və təmkinli edən elə Xavərə olan sevgisi idi. Elə bil bu sözlər heç ona deyilmirdi. Bayaqdan əllərini bir-birinə kilidləyib, başını aşağı dikərək sinif yoldaşlarını təmkinlə dinləyən Adnan onların üzünə baxaraq dedi:”Qurtardınız, başqa sözünüz yoxdur? Sadıq, bu nə düşüncədir, hələ də qız almaqdan danışırsınız. Bu nə sözdür, hələ də işlənir. İnsan mal-heyvandı, mal-materialdı ki, onu alıb aparasan. İnsan insanı ya sevər, ya da nifrət edər. İnsan sevginin üstündə ucalır, nifrətin isə altında qalır. Mən Xavəri elə həmin sevgi ilə də sevirəm. O illərdə necə sevirdimsə, indi də elə sevirəm”.


Adnanın sözlərini ciddi qəbul etməyən: Hadi təəssüflə dedi: ”Özün-özünü aldadırsan. Özünün aldandıqlarına bizi də inandırmaq istəyirsən. Bu boyda ölkədə Xavərdən başqa bir qız yox idi? Xavər başqasına getdi, sən də onun acığına başqasını alardın”.


Adnan əlini-əlinə vurub gülərək,- “yenə almaq, a kişilər, bu ağıldan qurtarın. Mən başqasını sevə bilmədim. Əgər sevə bilsəydim, siz deyən kimi, başqasını alsaydım, onda Xavərə nifrət etmiş olardım. Bu nifrət də sonda xəyanətə bərabər sayılardı. Bir də, Hadi, deyirsən ki, Xavərin acığına başqası ilə... A kişi, sevgidə ancaq sevgi-məhəbbət, əvəzedilməz bir istək olur, ortada acıq-qıcıq varsa, orada sevgi yoxdu...”


Hadi Adnana sözünü bitirməyə imkan vermədi, bir qədər ucadan dilləndi:” Ə, bir saxla, nə sevgi-məhəbbət başlamısan, dədə-babamıza kimi deyiblər, onu da alıblar, xoşbəxt də olublar”. Hadi bu sözləri Adnanın gözlərinin içinə baxaraq deyirdi. Adnan Hadinin sözünü bitirdiyini görüb söhbətini davam etdirdi:”Məni ən çox narahat edən məni tanıyanların məni başa düşməməsidir. Sizlərin isə məni anlamaması məni lap çox üzür. İnsanlar üçün ən çətin şey elə bir-birlərini dərk edə bilməmələridir. İnsan bir-birini təkcə dil ilə deyil, daha çox duyğu-düşüncəsi ilə başa düşməlidir. Məni tanıyanların hamısı eyni sözü deyir. Siz mənim dediklərimi təsəvvür edə bilmirsiniz. Görünür, yaşantılarımız çox fərqlidir. Yəqin, elə buna görə bir-birimizi başa düşmürük. Sevgini yalnız bədən dili ilə başa düşmək lazım deyil. Bədənin əsiri olmaq sevgini öldürür. Bədənin əsiri olmaq ömürlük girov qalmaq kimi bir şeydir..
Dostlar, inciməyin, biz bir-birimizi başa düşmürük. Bayaq dediyim kimi, mən Xavəri bu gün də sevdiyimdən başqası barədə düşünə bilmirəm. Xavər uşaqlıqdan, uşaqlıq demək bir qədər gop oldu, on beş yaşımdan mənim həyatımdadır. Onun bu gün ailə-uşağı olsa da, güman edirəm ki, mən də onun həyatındayam, bizi bir-birimizin həyatından çıxarmaq mümkün deyil. Axı biz bu gün doğulmamışıq... Mən bütün ömrüm boyu onunla bir olmuşam. Bir an belə onu unutmuram, daha doğrusu, unuda bilmirəm. O, əbədi mənimlədir”.


Sinif yoldaşları Adnanın söz-söhbətinə daha adət etmişdilər. Onlar Adnanla görüşəndə çalışırdılar ki, onu qabaqlayıb söhbəti məktəbdən-sinifdən salsınlar. Çox vaxt da belə də olurdu. Hadi və Sadıq qəsdən söhbəti hərləyib-fırlayıb məktəb illərindən salar, sonra Xavərin üzərinə gətirib çıxarardılar. Adnan da bunu bilirdi, amma söhbətin bu məqama gəlib çıxması Adnanın ürəyincə olurdu. Söhbət məktəbdən düşən kimi Adnan güllənin haradan atıldığını bildiyindən onlara imkan vermirdi ki, sözlərinin dalının gətirsinlər. Bu dəfə də belə olduqda Adnan bir qədər həyəcanla dedi:”Heç narahat olmayın, biz Xavərlə qeybdən birlikdəyik. Bura gələndə, yolda qeybən yenə onunla danışdım. Ədəbiyyat dərsində olan bir əhvalatı yadına saldım. Xatırladı, hiss etdim ki, xeyli məmnun oldu. İndi sizə danışım həmin əhvalatı, görüm, yadınıza düşəcəkmi? Səkkizinci sinifdə oxuyurduq, ədəbiyyat dərsi idi, mən dərsə girməmişdim. Birdən elə güman edərsiniz ki, dərsə hazır olmadığım üçün dərsə girməmişdim. Yox, həmin dərs bu gün də yadımdadır. Dərsimiz Füzulinin “Məni candan usandırdı” qəzəli idi. Bu şeiri bu gün də tez-tez öz-özümə deyirəm. O vaxta qədər Xavərə ürəyimin sirrini yalnız gözlərim demişdi. Xavər də gözü ilə cavab vermişdi. Həmin gün isə könlümün harayını Xavərə gün işığının dili ilə çatdırdım. Evdən cibimə bir güzgü qoyub gətirmişdim. Günəşli bir gün idi, güzgünü bir neçə dəfə Xavərin gözünə saldım. Xavər gün işığından birtəhər olub, “bu nədir, bunu kim edir?”,- deyib qəflətən qışqırdı, sonra tez əlləri ilə gözünü qapayıb, başını partanın üstünə qoydu. Sinifdə bir gülüşmə başladı, hamı dönüb Xavərə baxdı. Mahir müəllim pəncərədən çölə baxdı ki, güzgünü kimin saldığını görsün, tələsik başımı əllərimin arasına alıb qaçdım. Sonra eşitdim ki, Mahir müəllim Xavərə əsəbiləşərək ,- sinifdə bu qədər uşaq var, niyə yalnız sənin gözünə güzgü salırlar”,- deyib. Xavər də bu sözdən sonra xeyli ağlamışdır. Elə həmin gündən günəş mənim üçün Xavərin üzündən doğur.


Yəqin ki, indi deyəcəklərimi nəinki ciddi qəbul etməyəcəksiniz, əksinə, mənə şübhə ilə yanaşacaqsınız, hələ bəlkə , öz içinizdə deyəcəksiniz, Adnanın başı xarab olub, bu, yəqin, komadan təzə ayılıb. Özünüz bilərsiniz, nə deyirsiniz , deyin. Mən hər gün Xavərin hərəkətlərini görürəm, danışıqlarını eşidirəm. Birdən elə bilərsiniz ki, telefonla danışıram, yox, heç telefonunu bilmirəm, bilməyə də ehtiyac duymuram. Biz qeybən-ruhən birik”.


Söhbətin bu məqamında Sadıq ani olaraq dilləndi:” Bax, onu yaxşı dedin ki, komadasan. Sən illərdir ki, Xavərin komasındasan, hələ də Xavərin komasından çıxmamısan”.


Bu söz-söhbətdən sonra Adnan xeyli rahatlanmışdı. Sinif yoldaşları da sözlərini deyib sakitləşmişdilər. Susqunluq yarandığını görən Adnan səbatlı bir görkəm alaraq dilləndi: “Mən könlümə-gözümə xəyanət etmədim, belə yaşadım. Onu da tam səmimi deyirəm ki, belə yaşamağıma da peşman deyiləm. Bəlkə, elə güman edirsiniz ki, mən narahatam, əksinə, rahat bir ömür yaşayıram. Hərdən fikir-xəyal edirəm ki, Xavərlə ailə qursaydım, bəlkə də, belə rahat ömür yaşaya bilməzdim. İnanın mənə, könül xoşluğum, qəlb rahatlığım var. Onu da bilin ki, Xavərlə ailə qursaydım, indiki adam olmayacaqdım”.


Adnan Xavəri səkkizinci sinifdə oxuyandan sevirdi. Onların sevgisindən bütün məktəb xəbərdar idi. Bəlkə də, bu söz-söhbət ata-analarının da qulağına çatmışdı. Yəqin, məktəbli olduqlarına görə bu söz-söhbəti hələ ciddiyə almırdılar. Xavər onuncu sinfi qurtaran kimi onu özündən beş-altı yaş böyük olan bir oğlana verdilər.


Adnan instituta girdi. Oranı bitirdikdən sonra doğma kəndinə qayıtdı. Rayonda idarələrin birində işə girdi, sonra həmin idarənin müdiri oldu. Xidməti maşını var idi, hər gün şax kostyum geyinir, ütülü qalstuk vurur, şux yerişi ilə hamının diqqətini özünə cəlb edirdi. Günlər keçirdi, aylar ötürdü, illər dolanırdı. Ancaq Adnan dəyişmirdi ki, dəyişmirdi, elə həmin Adnan idi. Hər yerdə eyni adam idi- sadə və səmimi. Qohum- qardaş, dost-tanış da Adnanın yüksək mənəvi dəyərlərinə rəğmən onun ailə qurmamasına çox əfsuslanırdılar. Bu səbəbdən onlar Adnanla hər dəfə görüşəndə onu töhmət-təhniz edirdilər. Bu sözlərin Adnan üçün daha heç bir isti-soyuğu yox idi. O, bu sözləri çox eşitdiyindən bu sözlərin onun üçün dadı-tamı çoxdan qaçmışdı, sözlərin yalnız boş qabığı qalmışdı.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər