Ru
08:36 / 03 Mart 2023

Hacı Şahin kim idi…

27994

Elməddin Behbud

İmanlı, əqidəli, savadlı, son dərəcə mütəvazi bir ziyalını, yüzminlərin ehtiram göstərdiyi ictimai xadimi, Azərbaycanın müstəqillik dövründə yetişən ruhaniləri içərisində ən çox sevilən və hörmət göstərilən qiymətli şəxsiyyəti itirmişik.


Bəlkə ondan da savadlı teoloqlar, ilahiyyatçı alimlər var idi, ancaq fəaliyyətlərinin, inanclı həyata dəvətlərinin onun qədər bərəkəti yox idi. Allah bunu məhz ona nəsib etmişdi.


Allaha sevgisi də, bəndələrə münasibəti də səmimi idi. Sakit, amma qaynar, mehriban ruhlu, sadə, amma dərin adam idi. İsmini zikr edən kimi göz önündə onun eradusiyalı, praqmatik, nurani, həlim və uzlaşdırıcı portreti gəlirdi. Tarixçi kimi mənsub olduğu millətin tarixdəki yerini və tarix qarşısındakı məsuliyyətini yaxşı dərk edirdi.



Olduğu platformada maarifçiliyə aşiqliyi, elm öyrənməyi təbliğ etməsi, cəhaləti qamçılamağı, tərəqqipərvərliyi ilə tanınırdı. Alim kimi hər çıxışında elmə üstünlük verməyi insanlara israrla tövsiyyə edirdi. Üzərinə düşən ictimai pedaqoq missiyasını həvəslə və diqqətlə icra edirdi.


Son dərəcə təsirli, məntiqi təfəkkürdən qaynaqlanan axıcı nitqi, qloballaşmanın amansızcasına hücum çəkdiyi və aşınmaya məruz qoyduğu cəmiyyətimizdə insanları özünəməxsus mehribanlıqla mənəvi saflığa, sağlam həyat tərzinə dəvət etməsi, fəaliyyətini yorulmadan, böyük səbirlə ardıcıl şəkildə davam etdirməsi ilə seçilirdi.


Döymədiyi şəhid qapısı yox idi. Şəhid analarının yanında dayanmağı da fərqli idi, onlara təsəlli verməkdən çox, yaralı qəlbləri dinləmək və qarşılarında baş əyməklə ifadə edirdi dəstəyini. Artıq bu gündən etibarən isə cənazə namazlarını qıldığı, ruhlarına Quran sovqatı yolladığı, ailə üzvlərinə mənəvi dayaq olmağa çalışdığı şəhidlərə haqq dünyasında qonşu olacaq. Həyatı, yer üzünün əşrəfi olan insanlara bəslədiyi münasibət adama belə düşünməyə əsas verir.


Azərbaycanda birləşdirici, barışdırıcı missiyası ilə, həmrəyliyi təşviq etməsi ilə də seçilirdi. Mötədilliyinə və insansevərliyinə görə onu hər kəs dinləyirdi, məzhəbindən və hətta konfessional mənsubiyyətindən asılı olmayaraq.

İmkanı çatan qədər məzhəbçiliyi yox, vahid islam əqidəsini təbliğ edirdi.




Gözü insanların zahirində olanları batinə baş vurmağa çağırırdı. Qüsurları yox, gözəllikləri görməyə dəvət edirdi hamını. Yalnız şifahi nitqi ilə deyil, həm də təvözəkarlığı, əxlaqı ilə nümunə olmağa çalışırdı.


İslam dinini riyakarcasına siyasi silaha çevirib Azərbaycanı ideoloji cəhətdən işğal etməyə çalışanlara qarşı da mövqeyi birmənalı idi. Bayrağımıza və milli maraqlarımıza sevgi aşılaması ilə sərhədlərimizdən kənardakıları narahat edirdi.


Allaha yalnız özü üçün əl açmadığına inandığımız iman sahiblərindən idi. Canlı və ya qiyabi şəkildə həmsöhbət olduğu hər bir kəsə müsbət impuls verirdi. İndiyədək kiminsə ondan mənfi enerji aldığını eşitməmişəm.


Həyat bir pəncərədir deyirlər. Hər kəs baxıb keçir. O, qısa, ancaq insanlar üçün faydalı ömrü ilə hər kəsə nurani sima və təbəssümlə baxdı və keçdi...


Yeri çox görünəcək Hacı Şahin Həsənlinin. Bu əsrdə özü kimisi bir də çətin yetişə...

Şərhlər
  • Semra aydin

    Heqiqetende bu insana bu haci sahine vurulmamaq olmur ele bil allahuteala onu nurdan insafdan pakliqdan merhemetden yaradib ona gorede yerden tez goturdu

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər