Ru
13:59 / 17 İyun 2022

İcra başçıları və məmurlar 10 ildir hesabat vermir - Vəzifəli şəxslərin həbsinə REAKSİYA

3040
“Ölkədə korrupsiyaya qarşı mübarizəni qənaətbəxş hesab etmirəm”.


Bu sözləri Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn deyib.


O, vəzifəli şəxslərin həbsi ilə bağlı danışıb:


“Sonuncu dəfə 10 vəzifəli şəxs həbs olundu. Vaxtilə, Milli Təhlükəsizlik Nazirliyi, Rabitə Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyində də həbslər olub. Bu da həmin qəbildən olan hadisədir, amma onlar daha böyükmiqyaslı həbslər idi. Bunu siyasi xarakterli və ya ölkədə korrupsiyaya son qoyacaq həbslər hesab etmirəm. Korrupsiyanın irili-xırdalı olmasına baxmayaraq, korrupsiya cinayətdir və bununla bağlı həbslərlə, məhkəmə hökmləri vasitəsilə mübarizə aparılmalıdır. Ölkədə korrupsiyaya qarşı mübarizəni qənaətbəxş hesab etmirəm. Bunlar sistemli və əhəmiyyətli şəkildə korrupsiyanın aşağı salınmasına səbəb olacaq hərəkətlər deyildi. Ona görə də bir sıra hüquqi və siyasi qərarların verilməsinə ehtiyac var”.


Pənah Hüseyn korrupsiyaya qarşı ciddi tədbirlər görülməsinin zəruri olduğunu qeyd edib:


“Bu məsələdə ictimaiyyətin və siyasi partiyaların mübarizə sıralarına cəlb edilməsinə, parlamentin ictimai nəzarətinə ehtiyac var. Qanunvericilikdə ciddi təkmilləşdirilmə və icra ilə bağlı ciddi məsələlər var. İndiyə qədər ayrı-ayrı dövlət məmurlarının əmlak bəyannaməsini müəyyən edəcək normativ aktlar var ki, 10 ildən artıqdır hazırlanmır. Əmlak və xərc bəyannamələri verilmir. İcra başçıları və məmurlar barədə aparılan məhkəmə-istintaq hərəkətlərində bu hadisələrin kütləvi hal aldığı aşkar olunub. Ümumiyyətlə, cinayətlərə qarşı Prezident, parlament, Ali Məhkəmə tədbir görməlidir. Hər bir orqan öz funksiyalarını yerinə yetirməlidir. Korrupsiyaya qarşı xarici düşmənə olduğu kimi ciddi müharibə elan olunmalı, müharibə qanunlarına uyğun mübarizə aparılmalıdır”.


Fərid
Baku Post



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər