Ru
12:19 / 27 Sentyabr 2025

İctimai nəqliyyatda yeni model - Gediş haqqı artacaq?

İctimai nəqliyyatda yeni model - Gediş haqqı artacaq?
Eye

Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə Azərbaycanda ictimai nəqliyyat sahəsində yeni mərhələyə keçid elan edilib. Bu istiqamətdə atılacaq addımlar son zamanlar həm ekspert dairələrində, həm də cəmiyyətdə geniş müzakirə olunur. Müzakirələrdə ən çox diqqət çəkən məqamlar beynəlxalq təcrübədə uğurla tətbiq olunan “brutto müqavilə” sisteminin və zaman əsaslı ödənişsiz keçid modelinin tətbiq olunacağı barədə yayılan məlumatlardır.

Bakupost.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bununla bağlı keçirilən brifinqdə yeni sistemi labüd edən səbələrdən danışıb:

“Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur. Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800 ədəd olacağı gözlənilir. Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək. Model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq”.

“Brutto müqavilə” modeli Azərbaycanda dövlətin nəqliyyat siyasətinə daha güclü nəzarət imkanı yarada bilər. Bu sistemdə sərnişinlərdən toplanan gediş haqları nəqliyyat operatorlarına deyil, birbaşa dövlətə və ya nəzarətçi quruma yönəlir. Operatorlar isə göstərdikləri xidmətə görə sabit ödəniş alırlar. Bu yanaşmada məqsəd yalnız daha çox sərnişin daşıyan deyil, həm də keyfiyyətli xidmət təqdim edən daşıyıcıları təşviq etməkdir.

Daha bir yenilik kimi nəzərdə tutulan zaman əsaslı keçid sistemi isə ictimai nəqliyyatdan istifadəni daha çevik və sərfəli edəcək. Bu sistemdə sərnişin bir avtobusdan düşüb, müəyyən zaman ərzində digərinə keçid etdikdə, ikinci səyahət üçün ödəniş etməyə bilər.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakupost.az -a açıqlamasında bildirib ki, nəzərdə tutulan sistem uğurlu bir modeldir və bunu dünya təcrübəsinə əsasən, Azərbaycana uyğunlaşdırmaq olar:

“”Brutto müqaviləsi” dövlətlə daşıyıcı şirkətlər arasında bağlanır. Burada əsas məqsəd odur ki, daşıyıcı şirkət sərnişinləri vaxtı-vaxtında, keyfiyyətli və təhlükəsiz daşınmağnı öz öhdəsinə götürür. Dövlət isə bunun müqavilində daşıcı şirkəti maliyyələşdirir. Beləliklə, daşıcı şirkət də artıq təminat əldə etmiş olur, yəni maliyyə dayanıqlılığını yaxşılaşdırır. Həmçinin də dövlətin tələbinə əsasən, keyfiyyətli və saz vəziyyətdə olan, müasir tələblərə cavab verən avtobusların sayını artırır. Təbii ki, bu da sərnişinlər üçün əlverişlidir. Çünki sərnişinlər artıq uzun müddət avtobus gözləməyəcəklər. Avtobusların sayı artırılacaq, daha komfortlu hərəkət edəcəklər. Həmçinin, məsələn, əgər daşıyıcı şirkət bu gün saat 22:00-da artıq avtobusları qaraja göndərirsə, “brutto müqaviləsi”ndən sonra daşıyıcı şirkətin qarşısına öhdəlik qoyula bilər ki, məsələn, gecə yarı saat 12-ə qədər çalış. Bu daşıyıcı şirkət üçün də maraqlı olacaq. Çünki nə qədər işləyəcəksə bir o qədər də dövlətdən maliyyə dəstəyi olacaq”.

Ekspertin fikrincə, gediş haqqı ilə bağlı qiymət dəyişikliyi ola bilər, lakin güzəştlər də nəzərdə tutulur:

“Sonrakı mərhələdə gediş haqqı da differensiallaşdırıla bilər. Bu, məsafəyə və ya avtobusun növünə görə dəyişə bilər. Bu halda sərnişin üçün də imkan yaranır ki, o, məsələn, həftəlik, aylıq və ya illik ödəmə paketləri əldə etsin, bu zaman nəqliyyat ona daha ucuz qiymətə başa gələcək. Bu sistemə keçiddən sonra ola bilər ki, müəyyən təbəqələr üçün gediş haqqı daha güzəştli olsun.

Ümümilikdə isə düşünmürəm ki, qiymət kəskin yüksələcək, sadəcə fərqli qiymətlər ola bilər”.

Bəs, dünya təcrübəsində bu sistem necə işləyir?

Bakupost.az ictimai nəqliyyatın daha çox istifadə olunduğu şəhərlərdə zaman əsaslı ödəniş sistemini araşdırıb.

Berlin: Zonalar üzrə inteqrasiya və zaman əsaslı tarif sistemi

Berlinin ictimai nəqliyyat sistemi Almaniyanın ən inkişaf etmiş və nümunəvi modellərindən biri kimi tanınır. Burada sərnişinlərə təqdim edilən zaman əsaslı və inteqrasiya olunmuş tarif modeli, onların müxtəlif nəqliyyat vasitələri arasında sərbəst və rahat keçid etməsini təmin edir. Şəhər üç zona üzrə bölünür: A, B və C. Biletin qiyməti səyahət edilən zonaların sayına görə dəyişir, lakin bu biletlər eyni zamanda metro, avtobus, tramvay və regional qatarlarda da keçərlidir. Məsələn, A və B zonaları üçün bir günlük bilet alan sərnişin bu biletlə 24 saat ərzində bütün uyğun nəqliyyat vasitələrindən limitsiz istifadə edə bilir. Bu model sərnişinlərə nəqliyyat xətlərini sərbəst dəyişmək, əlavə bilet almadan səyahət imkanı verir. Azərbaycanda planlaşdırılan zaman əsaslı keçid sistemi də məhz bu yanaşmaya yaxın bir məntiqə söykənir.

“Deutschland-Ticket”: Regional sərhədləri aşan sərbəst aylıq model

Almaniyanın bütövlükdə tətbiq etdiyi “Deutschland-Ticket” modeli isə bir qədər daha geniş miqyasda, regional sərhədləri də aşan bir sistemdir. Ayda təqribən 49-58 avroya əldə olunan bu bilet, sərnişinlərə ölkə üzrə bütün yerli və regional ictimai nəqliyyat vasitələrindən məhdudiyyətsiz istifadə imkanı yaradır. Bura şəhərdaxili metro və tramvaylar, eləcə də regional qatarlara qədər bütün nəqliyyat növləri daxildir. Ən vacibi bu üsulun təkrar bilet almaq məcburiyyətini aradan qaldırması və səyahəti həm büdcə, həm də vaxt baxımından daha əlverişli hala gətirməsidir. Əgər Azərbaycanda planlaşdırılan zaman əsaslı keçid sistemi ilə birlikdə abunəlik əsaslı tarif modelləri də tətbiq olunarsa, bu, Almaniyanın təcrübəsinə bənzər bir genişlənməyə gətirib çıxara bilər.

İstanbul: İstanbulkart və zaman əsaslı transfer haqqı sistemi

İstanbulun ictimai nəqliyyat sistemində zaman əsaslı transfer haqqı tətbiqi uzun illərdir uğurla istifadə olunur. Burada sərnişinlər “İstanbulkart” vasitəsilə bir nəqliyyat vasitəsindən digərinə keçərkən 2 saat ərzində müəyyən sayda keçidi ya tam pulsuz, ya da endirimli qiymətlərlə edə bilirlər. Bu sistem sərnişinlərə marşrutlar arasında çevik keçid imkanı verərək, səyahətin ümumi dəyərini azaldır. Azərbaycanın yeni planlaşdırdığı model də İstanbulun bu təcrübəsinə oxşar bir yanaşmadır. Xüsusilə Bakıda sərnişinlərin avtobuslar arasında sıx keçid etdiyi nəzərə alınsa, bu cür zaman əsaslı transfer sistemi həm texniki, həm iqtisadi baxımdan səmərəli ola bilər.

San Fransisko: İki saatlıq sərbəst keçid hüququ


ABŞ-nin San Fransisko şəhərində “Muni” ictimai nəqliyyat sistemində tətbiq olunan zaman əsaslı transfer haqqı modeli də konkret zaman çərçivəsinə əsaslanır. Burada sərnişin bir bilet alaraq 2 saat ərzində fərqli avtobus və tramvaylar arasında əlavə ödənişsiz keçid edə bilir. Bu sistem sərnişinlərə səyahətlərini rahat şəkildə planlaşdırmaq, qısa məsafələr üçün marşrutlar arasında manevr etmək imkanı yaradır. Bu yanaşma, Azərbaycanda nəzərdə tutulan 1 saatlıq ödənişsiz keçid sistemi ilə demək olar ki, paralel bir mexanizmdir. Bu modelin uğurlu nəticə verməsi üçün texniki infrastrukturun düzgün qurulması, ödəmə sistemlərinin birləşdirilməsi və rəqəmsal nəzarətin təmin olunması əsas şərtlərdəndir.

Hazırkı mərhələdə Azərbaycanın planlaşdırdığı “brutto müqavilə” modeli və mümkün zaman əsaslı keçid sistemi beynəlxalq təcrübələrlə uyğunluq təşkil edir. Berlin, İstanbul, Almaniya və San Fransisko kimi şəhərlərin təcrübələri göstərir ki, inteqrasiya olunmuş, zaman əsaslı və sosial baxımdan ədalətli nəqliyyat sistemləri həm sərnişin rahatlığını, həm də şəhər nəqliyyatının effektivliyini əhəmiyyətli dərəcədə artırır. Azərbaycanda bu modellərin yerli şəraitə uyğunlaşdırılaraq tətbiqi ictimai nəqliyyatın keyfiyyətində ciddi dönüş nöqtəsi ola bilər.

Aysel,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar