Ermənistan İrana Sünik bölgəsindən keçən "Tramp marşrutunun" bölgənin sərhədlərini və ya geosiyasətini dəyişdirməyəcəyinə və Amerika qoşunlarının orada yerləşdirilməyəcəyinə zəmanət verib.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
"Bizə bu layihənin heç bir halda sərhədlərin və geosiyasi vəziyyətin dəyişməsinə gətirib çıxarmayacağına, tikinti işlərini Ermənistan şirkətlərinin həyata keçirəcəyinə və orada ABŞ hərbi qüvvələri yerləşdirilməyəcəyinə əminlik verilib", – Bəqai deyib.
Onun sözlərinə görə, İran nəqliyyat əlaqələrinin açılmasını həmişə dəstəkləyib, lakin belə layihələrin regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərini və geosiyasi vəziyyətini dəyişməməsini tələb edir.
Bəqai qeyd edib ki, Tehran ABŞ da daxil olmaqla, xarici qüvvələrin hərəkətlərinə ehtiyatla yanaşmaq üçün əsaslara malikdir, çünki onların regionda mövcudluğu həmişə qeyri-sabitliklə müşayiət olunub. Buna görə də İran narahatlığını dərhal İrəvanın diqqətinə çatdırıb.
Bəqai vurğulayıb ki, İran Ermənistanla çox yaxşı münasibətlərə malikdir, lakin Tehran hadisələrin inkişafını diqqətlə izləyəcək və zərurət yaranarsa, öz mövqeyini açıq şəkildə bəyan edəcək.
Siyasi şərhçi Oktay Qasımov
"Bakupost"a bildirib ki, nə Azərbaycan, nə də Ermənistan Zəngəzur dəhlizi layihəsinin beynəlxalq hüquq normalarının pozulması ilə həyata keçirilməsində maraqlıdır.
Onun sözlərinə görə, layihə çərçivəsində hər hansı geosiyasi dəyişikliyin baş verməsi də nəzərdə tutulmur:
"Sadəcə olaraq, İranın əsas məqsədi bu dəhlizin müəyyən formada İran ərazisindən keçməsinə nail olmaqdır. Azərbaycan da dörd il əvvəl İran tərəfinə belə bir təklif verib. Yəni Zəngəzur dəhlizinə paralel olaraq Araz dəhlizinin də yaradılması təklif olunub.Zəngəzur dəhlizi ilə həm dəmir yolları, həm avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də enerji xətləri, gələcəkdə isə internet xətləri də keçə bilər.İran tərəfində də hazırda avtomobil yollarının tikintisi davam etdirilir. Azərbaycan tərəfində isə Azərbaycanı İranla birləşdirən, Araz çayı üzərindəki Ağbənd körpüsünün tikintisi yekunlaşmaq üzrədir. Yəni İran tərəfinin, belə demək mümkündürsə, narahatlığına son qoyulur".
O.Qasımovun sözlərinə görə, İranın, xüsusilə də Vilayətinin son bəyanatları bu ölkədəki şovinist dairələrin bütün vasitələrlə prosesi əngəlləməyə çalışdığını göstərir:
"Hesab edirəm ki, onların problemi Ermənistanla bağlı deyil. İran daha çox Azərbaycanın güclənməsindən, Türkiyə ilə əlaqələrinin genişlənməsindən ehtiyat edir və bu siyasəti həyata keçirir. Lakin bu siyasəti Rusiya ilə koordinasiyalı şəkildə aparırlar.İrəvanın mövqeyinə gəlincə, bu barədə dəfələrlə fikirlər səsləndirilib. Pezeşkian da bunu bir neçə dəfə bəyan edib. Bu baxımdan hesab edirəm ki, həmin layihədə İran üçün hər hansı problem yoxdur. Ermənistan tərəfi də bildirib ki, orada ABŞ hərbçiləri olmayacaq. Layihədə Amerika şirkətləri iştirak edir və onlar Ermənistan hökuməti ilə birgə fəaliyyət göstərirlər".
Lalə, BakuPost