Ru
20:19 / 21 Avqust 2026

İki dinin bir araya gəldiyi rayon – Azərbaycan məhz burada ikiyə bölündü

İki dinin bir araya gəldiyi rayon –  Azərbaycan məhz burada ikiyə bölündü
Eye

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Goranboy özündə əsrlərin izlərini, müxtəlif inanclı tayfalarının məskunlaşma tarixini birləşdirir. Coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bu rayonun taleyinə əsrlər boyu böyük başların toplantı məkanı olmaq, bütöv ölkənin, millətin taleyinin müəyyənləşdirilməsinə şahidlik etmək düşüb. Goranboy sözü ilk dəfə eradan əvvəl antik tədqiqatçı Strabonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində göstərilən müxtəlifdilli 26 tayfadan biri olan "ger" tayfasının adı ilə bağlanır.

"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, qədim dövrlərdən bəri Goranboy ərazisi Cənubi Qafqazda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların yaşadığı bir region olub. Rayonda aşkarlanan arxeoloji tapıntılar burada insan məskənlərinin eramızdan əvvəlki dövrlərə qədər uzandığını göstərir. Goran stansiyasından 2,5 km şimalda bizim eradan əvvəl I minilliyə aid insan məskənlərinin qalıqları var. Mərkəzdən 2 km şimal-şərqdə tunc dövrünə aid Qoçtəpə yaşayış yeri, Qızılhacılı qəsəbəsi yaxınlığında orta əsrlərə aid Təpəyazılan məskəni yerləşir.

Niyə məhz Gülüstan kəndi?

Rayonun ərazisi qədim zamanlarda Qafqaz Albaniyası dövlətinin tərkibində olub və bu ərazidə müxtəlif qəbilələr, o cümlədən albanlar və türk tayfaları məskunlaşıb. Sonrakı dövrlərdə də Goranboy Azərbaycan tarixində mühüm rol oynayan hadisələrlə zəngin olub. Orta əsrlərdə bölgə Səfəvilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olub. XIX əsrdə isə bu ərazi Çar Rusiyası tərəfindən işğal edilib.

Goranboyun 80-ə yaxın kəndi var, amma bunların içində ən məşhuru Gülüstan kəndidir.

O kənd ki burada Azərbaycan ikiyə bölündü, sinəsində Araz boyda yara axmağa başladı. 1813-cü ildə Rusiya və İran dövlətləri arasında Gülüstan sülh müqaviləsi kənddə yerləşən XII əsrə aid tarixi Gülüstan qalasında imzalanıb. Qəribədir ki, ta qədimdən atəşpərəstlərlə, xaçpərəslərin ortaq məskəni olan Goranboyda bu dəfə də keçmişi atəşpərəst olmuş İranla xristian Rusiya tarixin yönünü dəyişəcək qərar verdi.

Bir vaxtlar müdafiə üçün tikilmiş Gülüstan qalası, bu dəfə başıbəlalı xalqı müdafiəsiz qoydu... 1828-ci ildən sonra İran və digər ərazilərdən məqsədyönlü şəkildə Azərbaycana köçürülən və bu ərazidə yerləşdirilən erməni hiyləgərləri torpaqlarımıza qarşı çirkin əməllərinə başlayıblar. Göranboydakı qədim alban məbədlərindəki yazıları dəyişdirərək öz adlarına çıxıblar.


Goranboy rayonunun tarixi təkcə müharibələr və müqavilələrlə deyil, həm də zəngin mədəniyyəti, alimləri, yazarları ilə seçilir. Rayon Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ziyalıların və döyüşçülərin vətənidir.

Çar süfrəsində əyləşən Azərbaycan qaçağı

Goranboy xalq qəhrəmanları ilə də məhşur olub. Onlardan ən məşhuru çar hakimiyyətinə qarşı vuruşmuş Dəli Alı idi. Ermənilərin törətdikləri vəhşilikləri görən Dəli Alı başına topladığı dəstəsi ilə ermənilərə və rus jandarmına qarşı vuruşub. Amma qoçaqlığı və mərdliyi haqqında əfsanələr o qədər geniş yayılıb ki, çar özü onu şəxsən görmək istəyib. Həmin vaxt həbsdə olan Alı çar hökumətinin amnistiya haqqında fərmanı ilə bağışlanır və bundan dərhal sonra Romanovlar sülaləsinin 300 illiyi münasibətilə Peterburqda keçirilən məclisə dəvət edilir.

Goranboy həmçinin el şairləri, yazıçıları və incəsənət xadimləri ilə də məhşurdur. Azərbaycan şairi, XX əsr realist ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzmi, maarifçi, teatr xadimi və ictimai xadim Əsgər ağa Gorani, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü İsmayıl Qarayev, ilk azərbaycanlı rejissor qadın Ulduz Rəfili, şairə, bəstəkar Xanım İsmayılqızı, dilçi alim, tərcüməçi Mikayıl Rəfilini buna misal göstərmək olar.

Bəs bu qədər tarixi, mədəni arxivi olan Goranboyun adı haradan qaynaqlanır?

Öncə onu qeyd edək ki, 1930-cu ilədək rayon Goranboy-Əhmədli adlandırılıb, daha sonra ta 1991-ci ilə qədər Qasım İsmayılov adı ilə tanınıb. Azərbaycanın müstəqilliyindən sonra Goranboyun tarixi adı bərpa edilib. Sözun ikinci hecasındakı "boy" hissəsi aydındır: türk mənşəli sözdür, “nəsil, qəbilə” deməkdir.

"Goran" hissəsi isə müxtəlif mənbələri əks etdirir. Məqalənin girişində qeyd etdiyimiz Strabonun kitabındakı tayfalardan biri də Ger tayfalarıdır ki, antik tədqiqatçı həmin tayfanın məhz indiki Goranboy ərazisində yaşadığını göstərirdi. Burada xüsusi qeydi diqqətinizə çatdıraq: rayonun adı rus dilində məhz GERanboydur.


Başqa mənbələrdə Goranboy sözünü "Kitabi-Dədə Qorqud"da işlədilən "gor" sözü ilə bağlayır, "məzar yeri, insanın son məskəni" anlamında başa düşüldüyünü göstərirlər. Digər qrup alimlər isə "goran" sözünü türk-monqol dillərində işlənən "güryan" sözündən yarandığını, “düşərgə, ordugah, müharibə edən tərəf” mənasını verdiyini bildirirlər.

XIV əsr tarixçisi Rəşidəddinə görə, səhrada 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi “koran” adlanıb, mərkəzində isə tayfa başçısının alaçığı yerləşib. Hər hansı tayfanın koran şəklində düzülməsi müdafiə məqsədilə olub. Bir sözlə, Goranboy bölgənin tarixini, coğrafiyasını, həyat tərzini, mədəniyyətini özündə əks etdirir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar