Fərəh Pəhləvi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç xanımı arasında “şahbanu” titulunu alan yeganə xanım olub. Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Təbriz şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib.
Fərəh Pəhləvi şahın hakimiyyəti zamanında Azərbaycana - Bakıya gəlib. 1972-ci ildə Azərbaycana dəvət olunan Şahbanu üçün burada dəbdəbəli qonaqlıq təşkil edilib.
Hörmətli qonağın şərəfinə verilən ziyafətdə respublikanın ən yaxşı incəsənət ustaları çıxış etmişlər. Və təbii ki, gecə Azərbaycanın xalq artisti Müslüm Maqomayevin ifası olmadan olmazdı. Parisdə dünyəvi təhsil almış Şahbanunun incə zövqü var idi və görkəmli müğənninin istedadını bilirdi.
Şahbanu Maqomayevin daha çox oxumasını arzulayıb və ziyafət “Azərbaycan bülbülü”nün kiçik solo konserti ilə baş tutub. Və tezliklə Müslüm Maqomoyev imperator cütlüyündən İrana səfər etmək üçün şəxsi dəvət alıb. Dəvət Şah Məhəmməd Rza Pəhləvinin “Şahənşah” titulu ilə tacqoymasının beş illiyi ilə əlaqədar olub.
Adətən sovet rəsmiləri bu cür xahişləri ağlabatan bəhanələrlə rədd edirdilər. Amma bu dəfə İran sərfəli iqtisadi tərəfdaş olduğu və ABŞ-dan asılı olmayan xarici siyasət yürütməyə çalışdığı üçün müğənninin getməsinə icazə veriblər. Müslüm Maqomayevə özü ilə müşayiətçi, virtuoz pianoçu Rafiq Babayevi aparmağa icazə verilir.
Gedənlərin hər ikisinə xəbərdarlıq edilib ki, bu, rəsmi səfər deyil, şəxsi səfər olduğundan onlara heç bir haqq ödənilməyəcək. Maqomayev onun üçün pulun vacib olmadığını deyərək, sənəti ilə onu dəvət edən tərəfi sevindirmək, yeni ölkə görmək istədiyi bildirir.
Tehranda Maqomayev və Babayev ən yaxşı mehmanxanaya yerləşdirilir və onlara bar və restoran xidmətlərindən məhdudiyyətsiz istifadə edə biləcəkləri bildirilir. Amma bizimkilər özlərini varlı adamlar kimi göstərməyə əvvəlcədən razılaşırlar, ona görə də bütün pulsuz yeməklərdən imtina edirlər. Özləri isə otaqda gizlicə onlar üçün soyuducuya yüklənmiş çörək və kola ilə peçenye yeyirdilər.
Mirey Matye, Frenk Sinatra kimi nəhəng dünya ulduzları da Tehrana dəvət edilmişdi.
Maqomayev “Komsomolskaya Pravda” qəzetinə verdiyi bir müsahibədə deyirdi ki, bizimlə İrana gəlmiş KQB nümayəndəsi hər addımını izləyirdi, oteldən çıxıb sərbəst şəkildə şəhərdə gəzə bilmirdik. Hər günümüz üçün bizə iyirmi dollar verirdilər, digər xarici ölkələrin müğənniləri böyük qonorar alırdılar, bizə çatacaq pullar hara gedirdi, bilmirdik.
Şah evindəki təntənəli qəbulda Müslüm Maqomayev və Rafiq Babayev Azərbaycan mahnılarını ifa etdikcə şah da, arvadı da dəfələrlə rəqs ediblər.
Maqomayevi İran televiziyası üçün 40 dəqiqəlik proqram yazdırmağa razı salıblar. Və getməzdən əvvəl bir pulla dolu zərfi verməyə çalışırlar. Müslüm Maqomayev qəti şəkildə imtina edir. Deyir ki, Qafqazda qonaq gedəndə ev sahiblərindən pul almırlar.
Bu, şahın o qədər xoşuna gəlir ki, Müslim Moqamayevə hava limanında uçuşa az qalmış şəxsi hədiyyə verilir: Şah onun Neapolitan mahnılarını, Fiqaronun kavatinasını və Azərbaycan bəstələrini ifa etdiyinə görə xalça, qızıl üzük və saat hədiyyə göndərir.
İmtina etmək mümkün deyildi, bu, təhqir kimi görünəcəkdi.
Müslüm Maqomayev hədiyyələri qəbul edir. Şeremetyevoya çatdıqdan sonra gömrük onları müsadirə etməyə çalışır. Maqomayev deyir ki, əgər gömrük beynəlxalq qalmaqal istəyirsə, hədiyyələri alsın. Xüsusilə müğənnini və onun tərəfdaşını İran səfirliyinin nümayəndəsi qarşıladığından, əməkdaşlar hər hansı münaqişənin olmasını istəmirlər.
Zinyət əşyalarını sevməyən Müslüm Maqomayev üzüyü tez-tez taxırdı. Son İran şahının hədiyyəsini onun bir çox fotoşəklində görmək olar.
Şah yenə ölkəsinə onu dəvət edir, lakin Sovet rəhbərliyi bu səfər ona icazə vermir.
Emin Ağalarovun ad günü - 35 yaşının tamam olması günü Tamara Sinyavskaya Müslüm Maqomayevin 30 il müddətində barmağında gəzdirdiyi dəyərli üzüyü Eminə bağışlayıb. Qeyd edim ki, üzüyü Moqamayevin nikahdankənar oğlu olduğunu idda edən Müslüm-Daniel tələb edirdi ailəsindən.
Zaur Əliyev