Ru
13:55 / 24 Mart 2023

"İran təxribatları davam etdirsə, cavabı veriləcək" - Politoloq

2600
İranın Azərbaycana qarşı təhdidləri günbəgün artmaqda davam edir. İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzinin Azərbaycanla sərhəddə gəlməsi və təhdid xarakterli açıqlamalr verməsi, SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpurun da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkməsi, eləcə də Azərbaycanla sərhəddə İran qırıcılarının növbəti manevrləri də buna dəlalət edir. Artmaqda davam edən təhdidlər Azərbaycanla İran arasında hərbi qarşıdurmaya səbəb ola bilərmi?

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, İran hazırkı siyasətini davam etdirəcəyi təqdirdə Azərbaycan öz xarici siyasətində dəyişiklik edə bilər.

Politoloqun sözlərinə görə, İran öz ordusunun böyük bir hissəsini Azərbaycanla sərhədə cəmləşdirib:

"Eyni zamanda mütəmadi olaraq generallarını sərhədə göndərərək vəziyyətlə tanış olurlar. Digər tərəfdən, Azərbaycan torpaqlarına qəsd ediləcəyinə dair videoçarxların da şahidi oluruq. Ancaq qarşı tərəf başa düşməlidir ki, Azərbaycan İrana qarşı hər hansı koalisiyada iştirak etmək niyyətində deyil. Onu da anlamalıdırlar ki, əgər Azərbaycana qarşı təzyiqlər və təhdidlər davam edərsə, biz buna qarşılıq vermək məcburiyyətində qalacağıq. Azərbaycanı hər hansı bir məsələdə günahlandıran İran ilk növbədə öz əməllərinə baxmalıdır. Məgər Ermənistan əraziləri ilə bağlı Azərbaycana xəbərdarlıq edən, Qarabağda separatçıların qalmasını dəstəkləyən, Zərgəzur dəhlizinin açılmasına qarşı çıxan İran deyilmi?”

Politoloq qeyd edib ki, İran İsrail silahları və hərbi texnikalarının sərhəddə cəmləşməsini istəyirsə, öz bildiyi kimi siyasətinə davam etsin:

“Azərbaycan İsrail münasibətləri daha da inkişaf edib. Lazım olsa, İsrail bizə dəstək olacaq. Amma bölgəyə müharibə lazım deyil. Bu, yaxşı heç nə vəd etmir. Azərbaycan daim mehriban qonşuluq siyasətinin tərəfdarı olub. Belə olmasaydı, 44 günlük müharibədən sonra İrana “Altılı platforma”nı, Şimal-Cənub dəhlizini təklif etməzdik. Bu təkliflər indi də qüvvədədir. Nə qədər gec deyil, İran Azərbaycanla dialoqa gəlməlidir”.

Əfsanə Rəcəb,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər