Əgər dəhliz Ermənistanın suverenliyini tanımamaq deməkdirsə, hesab edirəm ki, hətta Azərbaycan da bunu istəmir. İran şübhəsiz ki, Ermənistan da daxil olmaqla istənilən ölkənin ərazi bütövlüyünü və suverenliyini pozan hər hansı təşəbbüsün əleyhinədir.
Bakupost.az xəbər verir ki, bu sözləri İran XİN müavini Səid Xətibzadə Zəngəzur dəhlizindən danışarkən qeyd edib.
O, bu tip formulaların aydın şəkildə müəyyən edilməli olduğunu bildirib:
“Bizim mövqeyimiz çox aydındır. Biz Azərbaycanın, Ermənistanın və bütün region ölkələrinin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Çünki regionda bizə lazım olan beynəlxalq hüquqdur. Deməli, əgər dəhliz bizim regionumuzu iki-üç fərqli hissəyə bölən, yaxud Ermənistan Respublikasının suverenliyinə zidd olan, yaxud bu regionun geosiyasi və geostrateji mənzərəsini, geosiyasi xəritəsini dəyişdirən bir şeyi nəzərdə tutursa, bu, baş verə bilməyəcək bir şeydir.
İran hesab edir ki, kommunikasiya, nəqliyyat marşrutları və bütün ölkələrə şaxələndirilmiş birbaşa çıxış zəruridir və biz bunu həqiqətən dəstəkləyirik. Əgər Ermənistan və Azərbaycan sülhün qovşağını yaratmaq qərarına gəlsələr, biz, şübhəsiz ki, bundan çox sevinəcəyik. Bizim də təbii ki, öz proqramlarımız var. İqtisadiyyat baxımından ən yaxşısı olduğuna inandığımız ənənəvi marşrutlarımızı regional əlaqə baxımından təklif edə bilərik. Bununla belə, biz bu region ölkələri arasında qarşılıqlı razılaşmanın nəticəsi olan hər şeyi alqışlayırıq”.