Ru
11:37 / 16 İyul 2025

İrandan görünməmiş qəddarlıq: Ac-susuz saxlanılan 8 nəfər öldü - Güllələnənlər var - FOTO

İrandan görünməmiş qəddarlıq: Ac-susuz saxlanılan 8 nəfər öldü - Güllələnənlər var  - FOTO
Eye

İran rejimi uzun illərdir ki, regionda İslam dəyərlərini qoruduğunu iddia etsə də, əslində həm ölkədəki azərbaycanlılara, həm də qonşu ölkələrdən olan müsəlmanlara qarşı sərt və qəddar davranışlar sərgiləyir. Bu siyasətin əsas nümunələrindən biri isə İrandakı əfqan qaçqınlara qarşı tətbiq edilən qeyri-insani rəftardır.

Bakupost.az xəbər verir ki, BBC-nin məlumatına görə, İran-Əfqanıstan sərhədində yerləşən Zabul deportasiya düşərgəsində səkkiz əfqan aclıq və susuzluqdan ölüblər. Susuzluq və dözülməz istilər səbəbindən ölənlərdən biri 60 yaşlı əfqan qaçqın Məhəmməd Baqir Rzayidir. Ailəsinə yaxın şəxslər onun Kerman şəhərində yaşadığını, lakin qeydiyyat sənədləri yenilənmədiyi üçün Əfqanıstana qayıtmaq məcburiyyətində qaldığını bildiriblər. Qeyd olunur ki, deportasiya düşərgəsinə aparılmaq istəməyən Rzayi oradakı şəraitin ağır, rəftarın isə qəddar olduğunu bilirdi. Onun cəsədində şiddət izləri aşkar edilib.

Digər bir hadisə isə İran hərbi qüvvələrinin sərhəddə açdığı atəş nəticəsində 27 yaşlı Əbdulmannan Nurzehinin həyatını itirməsidir. O, ailəsini aparmaq məqsədilə İrandan rəsmi yollarla çıxmaq istəyərkən xəbərdarlıq edilmədən güllələnib. Nurzehinin meyiti sərhəddə qalıb və təsadüfən yoldan keçən insanlar tərəfindən aşkar edilib. Yaralanan digər əfqanın isə vəziyyəti hələ də naməlumdur.

Qəribəsi budur ki, bütün bu baş verənlər fonunda ötən gün İran ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Azərbaycanı “islam dünyasının fikirlərinə zidd olan tədbirlər” görməkdə ittiham etmişdi.

Əslində isə İran tərəfindən müsəlman əfqanlara qarşı göstərilən bu münasibət islam dünyasının təməl dəyərlərindən olan mərhəmət, qardaşlıq və ədalət ilə açıq ziddiyyət təşkil edir.

Əgər Vilayəti həqiqətən islam dünyasının maraqlarından danışmaq istəyirsə, ilk növbədə əfqan qaçqın düşərgələrində baş verən cinayətləri görməlidir. Əfqanların döyülməsi, güllələnməsi və qeyri-insani şəraitdə ölümə tərk edilməsi islam dünyasının heç bir fikri ilə uzlaşmır. Əksinə, bu əməllər İslamın adına ləkə gətirir.

Əslində təəccüblənmək lazım deyil. 2020-ci ildə Azərbaycanda müsəlmanların yaşadığı binaları bombalayan, məscidləri zədələyən Ermənistana dəstək verən də “islam təəssübkeşi” İran idi.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar