Ru
11:50 / 20 Fevral 2023

İranın Bakıdakı casusları - Bütün qurumlara yerləşiblər, sayları çoxdur... - MÜSAHİBƏ - VİDEO

36179
"İran nə şiə, nə də müsəlman dövlətidir"

"Səfirliyə hücum edən terrorçunu öldürəcəklər"

"Küçədə yoldaşınla, qızınla gedirsən, gəlib deyir ki, bu, sənin nəyindi?"


Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlının Bakupost.az -a müsahibəsi:


- Babək bəy, ötən ilin sentyabrında Məhsə Əminin qətli ilə əlaqədar İrada başlayan etirazlar ötən aylarda fəal şəkildə davam etdi. İnsanlar müxtəlif şəhərlərdə hər gün küçələrə çıxaraq İran rejiminə etiraz etdilər. Ancaq son günlər iri şəhərlərdə kütləvi aksiya və yürüşlər müşahidə olunmur. Artıq demək olarmı, bu aksiyalar səngiyib?


- Düzdür, əvvəl kütləvi aksiyalar ardıcıl şəkildə bütün şəhərlərdə keçirilirdi. Ancaq bu etirazların səngidiyini demək olmaz. Aksiyalar davam edir. Rejimin qəddarlığı artsa da, hər gecə bütün bina və məhəllələrdə həmin şüarlar səslənir, mübarizə gedir. Bu aksiyalar zamanı İranda 25 min nəfərə yaxın adam tutuldu. Nə qədər insan İran rejimi əsgərlərinin saçma güllələri (biz "qırma" deyirik) kor oldu.

Son vaxtlar İran inqilabının 44-cü ildönümü münüsibətilə rejim kütləvi şəkildə həbs olanları azad etməyə başladı. Bizim milli fəalların da çoxunu azad etdilər. Ancaq o rejim islahata gedən deyil. Düzdü, o qığılcım Məhsa Əminin ölümü ilə başladı. Daha dəqiqi, əxlaq polisinin o qadını öldürməsi ilə. Onu da deyim ki, mən orda olan dövrdə də, ondan sonra da əxlaq polisi var idi. Yəni bu məsələ indi qabardılır. Amma elə deyil. Şəxsən mən özüm yoldaşımla maşınla gedəndə gəlib nikah kağızı, şəxsiyyət vəsiqəsi istəyirdilər. Bu da axırda belə bir partlayışa gətirdi çıxardı.





- Yəni siz hesab edirsiz baş verənlər əxlaq polisinin uzun illər ərzində əhalini təngə gətirməsi ilə bağlıdır?


- Təsəvvür edin, yoldaşınla, qızınla gedirsən, gəlib deyirdi ki, bu, sənin nəyindir? Yəni sənin evində, küçədə, şəhərdə, bir sözlə, heç yerdə sənə rahatlıq yox idi. Əxlaq polisi 1980-cl ildən bu yana var. Ancaq vəziyyət partlayış həddinə indi gəlib çıxdı. Deyirlər, bu etirazlar əsasən hicab məsələsinə görə idi. Amma əsas məsələ hicab deyildi. Səbəb xalqın canının boğazına yığılmasıdır. Xalq bir yol axatrırdı ki, bu aksiyaları keçirsin. Özü də aksiyalar Kürdüstandan deyil, Tehrandan başladı. Əvvəlcə Məhsə Əmininin ölümü ilə bağlı Tehranda xəstəxananın qabağında etiraz oldu. Bununla da etirazlar bütün şəhərlərə sıçradı. Şüalar da bəlli di. Əvvəl şüarlar qadın, yaşam, azadlıq ilə bağlı idi. Ancaq sonradan şüarlar tamam dəyişdi. "Ölüm olsun diktatora", "Ölüm olsun molla rejiminə", "Ölüm olsun Xamrneyiyə" kimi şüarlarla millət İranın bütün şəhərlərində ayağa qalxdı.

- Bu hərəkatın, etirazların siyasi xarakteri ilə bağlı nə deyə bilərsiz? Bəziləri hesab edir ki, ümumiyyətlə, bunlar kortəbii etirazlardır.


- Bu aksiyaların heç birinə kortəbii demək olmaz. Kortəbii o vaxt olar ki, 5 nəfər yığılıb etiraz edər. Ancaq İranda 120 şəhərdə aksiyalar keçirildi. Bunlar hamısı təşkilatlanmış şəkildə oldu, hamısı bir-birilə bağlı idi.


- Amma ciddi koordinasiyanın şahidi olmadıq. Aksiyalar aylarla davam etsə də, deyək ki, vahid ümumiran mitinqi komitəsi kimi bir qurum yaradılmadı. Hətta aksiyalar, zərərçəkənlərlə bağlı statistik məlumatları İran xaricində olan mərkəzlər yayırdılar...


- İrandakı çağırışların əksəriyyəti da xaricdən idi. Bu yaxında Xalq Mücahidləri Fransada, Pəhləviçilər Amerikada böyük bir mitinq keçirdilər. 120 min adam toplaşmışdı. Daxildə etirazlar bir qığılcıma bənd idi. Qalanları da hamısı xaricdən çağırışlar əsasında idarə olundu. Yəni vahid lider yox idi ki, təşkilatlanma, aksiyaçıları yönəltmək işi ilə məşğul olsun, bu qədər şəhərlərlə əlaqə saxlasın ki, bu gün aksiyaya çıxacağıq. Zahidanda bu günə qədər hər cümə günü aksiyalar keçirilir, minlərlə insan bu etirazlara qatılır. Təbriz bir vaxt Zahidana dəstək oldu. Eləcə də Kürdüstan. Kürdüstanda böyük hadisələr oldu. Orda nə qədər gənc, - istər fars, istər ərəb, istər türk olsun, heç fərqi yoxdur, - öldürüldü.

Düz deyirsiz, vahid bir təşkilat yox idi. Amma bu aksiyalar hamısı xaricdən dəstək alırdı. Yəni reallıq budur. Xaricdən çağırışlar və içəridəkilərin də buna hazır olması sayəsində belə izdihamlı aksiyalar baş verirdi.

- Bəs Pəhləvilər və Xalq Mücahidlərinin bu hərəkatdan istifadə edib İran rejiminə qarşı mübarizə aparması bu ölkədə demokratikləşmə, eləcə də İrandakı xalqların milli azadlıq mübarizəsi baxımından nə dərəcədə uyğundur? Bu dəstək etnik xalqların, məsələn, azərbaycanlı milli fəalların maraqlarına cavab verir.


- Bu yaxınlarda xaricdə Pəhləvilər və onların ətrafına yığışanların şüarları belə idi: "Biz İranı geri alacağıq". Orada digər millətlər, etnik xalqlarla bağlı heç bir söhbət yox idi.


- Bəs demokratik dəyişikliklə bağlı da şüarlar yox idi?


- Xeyr, heç bir şüar yox idi. Rza Pəhləvinin çıxışına baxanda mən bunu görmədim. O deyir ki, bu avtobus pulsuzdur, hamı minə bilər. Yəni, hamı İrana qarşı hərəkət edə bilər. Hamıya çağırış edir. Amma hanı orada türklərin, kürdlərin, ərəblərin nümayəndəsi? Heç kim yoxdur. Təsəvvür edin, iki-üç aktrisa gətiriblər, başqa heç kim yoxdu. Çox gülünc vəziyyətdir. Heç bir demokratiyadan söhbət getmir. Eləcə də İrandakı xalqlardan. Necə ki İran dövləti deyir, Zəngəzur, Ermənistan mənim qırmızı xəttimdir, həmin sözləri onlar da başqa cür təkrar edirlər.

Xalq Mücahidlərinə gəlincə, onların da 12 maddədən ibarət konsepsiyaları var. Orada Kürdüstana muxtariyyət vəd edirlər. Amma həmin konsepsiyada Güney Azərbaycana muxtariyyət verilməsi ilə bağlı bir şey yoxdur. Düzdü, deyirlər ki, bütün xalqlar azaddır. Amma bunlar hamısı sözdədir. Xomeneyi də gələndə deyirdi ki, bütün təşkilatlar azaddır. Ancaq gələndən sonra dedi ki, tək təşkilat "Hizbullah"dır. Yəni şahçılar bu məsələdə Xomeneyidən fərqlənmir.

Mənim qohumlarım Tehranda yaşayır, ora gedəndə mən fars dilini bilməsəm onlarla danışa bilmərəm. Azərbaycanca bilmirlər. Bilirlər azərbaycanlıdılar, türkdülər. Amma dili bilmirlər. Mənim oğlum da Tehranda oxuyur. Məcburdu fars dilində oxusun. Çünki mühit odur. Keçmişdə şah dövründə Tehran türkcə danışanda bizim ləhcəni məsxərəyə qoyurdular. Yəni istəyir mücahidlər olsun, istəyir pəhləviçilər, etnik xalqlardan kürdlərdən başqa heç kimi qəbul etmirlər?


- Niyə kürdlərlə digər xalqlara fərq qoyurlar?


- Vallah, bəzi şeyləri açıqlamaq istəmirəm. Xaricdə - ABŞ-da, Fransada olan təşkilatlarımızdan 1000 nəfər bir yerə yığışsa, bizə də yer verərlər. Bizim təşkilatlar öz içindən dağıdılır. Güney Azərbaycandan olan milli fəalların hamısı həbsdədir. Hazırda biz xaricdə onlarla bağlı məlumatları yaymaqla məşğuluq. Dünən bir nəfər həbsdən azad olunub, təsəvvür edin, 150 nəfər onun evinə yığışıb. Azərbaycan himnini orda sərbəst oxuyublar. Amma burda sən 150 nəfəri bir yerə yığa bilməzsən. Haqqımızı Güney Azərbaycanda olanlar alacaq, geci-tezi var.


- Hesab edirsiz ki, sentyabrdan başlayan etirazlar milli hərəkatın genişlənməsinə təkan verdi?


- Bəli. Biz görürük ki, tək-tək adamlar həbs olunur. Xüsusi bir fəallıq yox idi. Mən dəfələrlə demişəm, Təbrizlə İsfəhanı bir yerə qoymaq olmaz. O şəhərlərin hamısı əhəmiyyətli şəhərlərdir. Təbrizə o qədər adam yeridiblər, 1 nəfərə bəlkə də 5 casus, ya polis düşür. Orada etirazlara imkan vermirlər. Onların gözü həmişə Təbrizdə olub. Həmişə hərəkatın mərkəzi Təbriz olub. Amma bu dəfə biz uduzmamalıyıq. Səttərxan hərəkatında, Məşrutə hərəkatında uduzduq. Bütün inqilablarda başda gedən Təbriz olub, ancaq hər dəfə uduzmuşuq. Bu dəfə ayıq olmalıyıq ki, uduzmayaq. Təbriz, Urmiyə, Ərdəbil mühüm şəhərlərdir. Yəni Şirazda 100 polis olsa, Təbrizdə 500-ü olacaq.

- Amma hələ də milli hərəkat lidersizdir. Siz kimi lider kimi görürsüz? Hansı təşkilat bu mübarizəni uğurla başa çatdıra bilər? Ümumiyyətlə, belə bir təşkilat varmı?


- Xaricdə təşkilatlarımız çoxdu. Onların birləşib ümumi bir lider seçməsi lazımdır ki, hamı onun ətrafında toplansın. Əksəriyyəti ağsaqqal, yaşlı, savadlı adamlardır. Bir yerə yığışıb bir lider seçməlidirlər. O da olacaq. Onun da geci-tezi var. Lider olsa, içəridə hərəkat da güclənər.




- Siz elə bir ad çəkə bilərsiz?


- Yox, mən heç bir ad çəkə bilmərəm. Kimin adını çəkim? Təşkilatların hamısını tanıyıram. Yaxın tanışlarım, dostlarımdı hamısı.


- Çöhrəqanlını da görmürsüz hərəkatın başında?


- Mən hələ ki heç kimi görmürəm. Lider dediyin həm ağsaqqal, həm siyasi baxımdan çox savadlı, həm də əlaqələri güclü olmalıdır. Bütün millət ona sayğı duymalıdır.

- Bəs bu etirazlar İranın siyasi elitasında hansısa dəyişiklilərə, parçalanmalara səbəb oldumu?

- İran rejimi totalitar rejimdir. Amma artıq SEPAH daxilində ciddi çəkişmələr var. Bu etirazlar zamanı hətta dilə gəlib dedilər ki, niyə ayətullalar gəlib fətva vermir, niyə dəstəkləmirlər bu aksiyaları? Şah zamanı deyirdilər ki, mürtəcelər çox qırmızıdır. Kommunistəri deyirdilər. Mollalara da siyah deyirdilər. İndiki rejim isə hər şeyi xaricə bağlayır. Bütün İranı aksiyalar bürüyüb, deyirlər ki, bu, İsrailin, Amerikanın işidir. Demək, sən ölkəni qoruya bilmirsən ki, İsrail istədiyi vaxt gəlib sənin ölkəndə aksiya keçirir. İsrail gəlib İsfahani vurursa, bəs onda sən orda nəyi idarə edirsən? İçəridə də çəkişmələr var, yuxarı təbəqədə olanlar arasında. Ancaq bunların islahata getməsi mümkün deyil. İslahata getmək bu rejimin getməsi deməkdir. İndi hicab məsələsinə qarşı görün necə mübarizə aparırlar?! Deyirlər, kim hicabı atsa, şəxsiyyət vəsiqəsi verilməsin, 3 ay qadağa qoyacağıq, bank hesablarını bağlayacağıq. Gücləri çatmır ki, desinlər ki, başını ört. Deyir, hicabsız gəzə bilərsiz, amma bank hesablarınızı bağlayacağıq, şəxsiyyət vəsiqəsi ilə bağlı probleminiz olacaq. O gün İranda bir nəfər polisə deyir ki, bu xanım hicabsızdır. Polis də deyir ki, qanunda hicabla bağlı bir məcburiyyət yoxdu. Polis belə hicabsızlığa biganə yanaşır.




- Bu günlərdə Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı İran tərəfindən rəsmi açıqlama verildi. İran Məhkəməsinin sədri bildirdi ki, bu proses konfidensial xarakter daşıyır, məxfi dosyedır. Azərbaycan tərəfi isə prosesin şəffaf, ədalətli aparılmasını tələb edir. Hesab etmək olar ki, bu açıqlama cinayətin ört-basdır edilməsinə xidmət edir?


- Bizim səfirliyə hücumu İran gülməli vəziyyətə gətirib çıxardı. Guya, bu ailə münaqişəsidir. Elə şey yoxdu. Bu terror qabaqcadan hazırlanıb. Baxırsız, orda cinayətkar səfirliyin qapısını sındırır, polis isə buna seyrçi qalır. İran Azərbaycana qarşı qılıncı üstdən bağlayıb. 30 il torpaqlarımız işğalda olanda heç vaxt demədi ki, bu, mənim qırmızı xəttimdir. Ordan narkotik daşıyırdılar. O ərazilərdə terrorçu yetişdirirdilər. İran burda ilan yuvaları yaratmışdı. Mollacıq Amiri Azərbaycan əleyhinə təbliğat aparırdı. İndi biz bunun zərərini çəkirik. Burdan səhər tezdən cümə günü gedirdilər Ərdəbilə, mollacıq Amirinin tövsiyələrinə qulaq asırdılar. Azərbaycan buna göz yumurdu bəlkə də. Ancaq gördülər ki, bu adamlar oradan qayıdıb təbliğatla məşğuldular. Mən bunların şahidiyəm. Türkiyə və başqa ölkələr Azərbaycana humanitar yardım gətirirdilər. Qaçqın düşərgələrinə gedirdilər. İran isə qaçqın düşərgələrinə yardım kimi bir qutu xurma, təsbeh və canamaz verirdi. Yəni təbliğatları ordan başlanmışdı. İndi də deyir ki, Ermənistanın ərazi bütövlüyü mənim qırmızı xəttimdir. Quranda, bir söz vardı, deyirdilər, hər bir müsəlman öz müsəlman qardaşının fəryadını kömək kafirdir. Sən kafir bir dövlətsən. Xocalıda sənin şiələrini qırdılar, onların fəryadına çatmadın, əksinə bura agentlər göndərdin, gəlib təxribatla məşğul oldular. Hətta general Süleymaniyə qədər gəlib bura. Yəni demək istədiyim odur ki, İran nə bir şiə, nə də bir müsəlman dövlətidir. Bu rejimin liderlərindən biri demişdi ki, İran nə qədər ki bölgədə təxribat, böhranlar yaradır, onun hakimiyyəti yaşayacaq. Böhranlar bitəndən sonra bu rejim də gedəcək. Baxın Suriyada, İraqda böyük dövlətlərin təxribatları var. İran onların əlaltısıdır. Bir tərəfdən Rusiya ilə qardaşdır. Rusiyanın göstərişi ilə Ermənistana kömək edir. O tərəfdən də Çinlə müttəfiqlik edir. İranın ABŞ-a etdiyi xidmətləri də heç kim etməyib.

Qayıdıram səfirliyə hücumla bağlı məhkəmə sədrinin açıqlamasına. O adamı aparıb saldılar dəlixanaya. Guya, psixi problem var. Ola bilər ki, onu orada öldürsünlər və desinlər ki, özünə qəsd edibdir. Bununla da işi bağlaya bilərlər. Ya da orada bir azərbaycanlı tapıb deyəcəklər ki, bunu öldür. Min oyun qura bilərlər. İran hakimiyyətindən nə desən, gözləmək olar. Mən belə düşünürəm ki, bu iş yarımçıq qalacaq.

Çünki İran terrorçu bir dövlətdir. Harda terror varsa, orda İranın barmağı var. Hətta səfirliyə hücumdan sonra da İran mediası susmur. Azərbaycanla bağlı nə istəyirlər yazırlar.

- Həmin terror hadisəsindən sonra Azərbaycanda İrana bağlı casus şəbəkəsi ilə bağlı əməliyyat keçirildi. Müəyyən həbslər oldu. Bu şəbəkə ilə bağlı nə deyə bilərsiz? Nə dərəcədə zəiflədilib bu şəbəkə?


- Bəli, müəyyən həbslər oldu, casuslar tutuldu. Ancaq bu casuslar bir deyil, iki deyil. Bunları təmizləmək çox uzun çəkəcək. Çox yerlərə nüfuz ediblər. Azərbaycanda hələ təmizlənmə işi gedəcək. Düzdür, səfirliyə hücumdan sonra geri oturma oldu, rəsmi şəxslər səviyyəsində. Dedilər ki, azərbaycanlılar bizim qardaşımızdır. Ancaq digər tərəfdən İranın bəzi dövlət orqanları Azərbaycan barədə ağızlarına gələni danışırlar. Son 30 ildə İran kəşfiyyatı burda bir çox insanların düşüncəsini zəhərləyiblər. Bütün qurumlarda, təşkilatlarda onların casusları var.


- Babək bəy, bizdə belə bir təəssürat var idi ki, artıq Güney Azərbaycanda ciddi oyanma prosesi baş verir. Amma İranın Azərbaycana açıq təhdidi, səfirliyə hücumdan sonra gözlənilən bir reaksiya olmadı. Düşünürdük ki, belə bir şey olsa, insanlar ayağa qalxar. Müharibə dövründə sərhəddə adamlar gəlib ordumuza dəstək verirdilər. Amma hu dəfə belə reaksiya olmadı. Bunun səbəbi nədir? Doğrudanmı hələ orda milli oyanış üçün çox işlər görülməlidir?

- Orda çox işlər görülüb. Amma hazırda Təbrizə nəzarət güclüdür. Heç kim rahat çıxıb sözünü deyə bilmir. İsfahana, Şiraza baxmayın. Bütün inqilabların başında həmişə Təbriz dayanıb. Təbrizdə hər şey o mollaların kontrolu altındadır.


- Amma ərəblərin yaşadığı bölgədə, Bəlucitistanda insanlar daha fəaldırlar. Yaxud Məhsa Əmini məsələsində kürdlərin yaşadığı bölgədə insanlar çox fəal oldu. Amma səfirliyə hücum zamanı azərbaycanlıların reaksiyası zəif oldu. Yəni rejim ərəblərdə də qarşı qəddardır. Amma onlar hətta rejimlə silahlı mübarizəyə qədər gedirlər...


- Səfirliyə hücumdan sonra insanlar Təbrizdə konsulluğun qarşısına çələnglər qoydular. Daha sonra bu barədə sosial şəbəkələrdə yazdılar. Düzdür, zülm bütün bölgələrdə var. Ancaq yenə təkrar edirəm, Təbrizdə, Ərdəbildə, Zəncanda, Urmiyədə daha sərt rejim qurublar. Heç kim hərəkət edə bilmir. Tehranda terror aktından sonra bütün xalq küçəyə çıxa bilərdi. Amma şəhərə o qədər polis tökmüşdülər ki, heç kim çölə çıxa bilmirdi. Ancaq yazmağa imkan tapa bilirdilər.

- Amma Məhsa Əmini qətlə yetiriləndə çıxdılar...

- Məhsa Əmini məsələsində Təbriz aktiv iştirak etmədi. Düzdü, 3-4 dəfə aksiyalar oldu. Ərdəbildə Məhsa Əmini məsələsində çölə çıxanda camaatı nə günə saldılar? 12-14 yaşında uşaqları vurub öldürdülər. Bundan betər qəddarlıq heç yerdə olmadı. Ərdəbili məhv etdilər. Ərdəbildə uşaqdan böyüyə hamı küçədə idi. Ancaq polis elə qəddarlıq etdi ki, hər şey tar-mar oldu.

Bütün bunlara rəğmən, bu rejimin çökməsinə çox qalmayıb. Çünki İranda həm siyasi, həm sosial-iqtisadi baxımdan vəziyyət fəlakətlidir. Ərzaq məhsullarının qiyməti fantastik dərəcədə bahalaşıb. Dollar bahalaşır. Mollalar deyir, dollar Amerikanındı, qoy qalxsın, bizə dəxili yoxdur. Bu cür savadsız danışırlar. Başlarını itiriblər. İranın iqtisadiyyatı çökür. Orda insanların durumu çox ağırdır. Uzun müddət belə davam edə bilməz. Hazırda davam edən aksiyalar bu rejimin dəyişməsi ilə nəticələnəcək.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər