Ru
13:50 / 18 Oktyabr 2022

İranın kamikadze PUA-ları nə dərəcədə effektivdir? - ARAŞDIRMA

11583
Rusiyanın Ukrayna paytaxtı Kiyevə təşkil etdiyi hava hücumlarında İran istehsalı olan silahlı pilotsuz uçuş aparatlarından istifadə etməsi iki məsələni gündəmə gətirib. Birincisi, Rusiyanın yerli istehsal olan PUA-lar sahəsində problemləri, digəri isə Tehranın bu sahədə fəaliyyətini artırmasıdır.


Bakupost.az xəbər verir ki, bu barədə "CNN-Türk"ün yaydığı məqalədə bildirilir.


Qeyd olunur ki, Ağ Evin bildirdiyinə görə, İran bu yay Rusiyaya yüzlərlə PUA göndərib və onlar Rusiya hərbçiləri tərəfindən mütəmadi olaraq istifadə olunur.


Bəs, Rusiya İran istehsalı olan hansı pilotsuz uçüş aparatlardan istifadə edir, onların xüsusiyyətləri nədir və nə dərəcədə effektivdirlər?


İndiyədək Rusiyanın istifadə etdiyi müxtəlif məqsədlərə xidmət edən iki növ İran istehsalı olan pilotsuz təyyarələr müəyyən edilib. Parisdə yerləşən Sirice şirkətinin tədqiqatçısı Pyer Qrasserin sözlərinə görə, “Shahed-136”lar nisbətən böyük və ucuz kamikadze dronlardır. Bu dronlar uçuşdan əvvəl daxil edilən GPS koordinatı ilə təyinat yerinə çatırlar. Havaya qalxdıqdan sonra avtopilotla uçan dron aşağı hündürlükdə hərəkət edə və bir neçə yüz kilometr məsafədə sabit hədəfləri vura bilir. Bunlar Rusiyanın Ukraynada ən çox istifadə etdiyi modellərdir.

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Jan Kristof Noel İran "Mühacir-6"larının alınmasının Rusiyanın Bayraktar TB-2-yə cavabı olduğunu vurğulayıb.


Noelin sözlərinə görə, "Mühacir-6"lar bu silaha qarşı hazırlanmış xüsusi mühafizə sistemləri olmayan hər hansı düşmənə qarşı digər zərbə PUA-ları və ya qanadlı raketlər qədər effektivdir.


Mittal isə bildirib ki, bu PUA-ların ilkin uğuru onların hələ bu sahədə çox yeni olmalarıdır: "Ukraynalılar onları ələ keçirəndən, xüsusiyyətlərini müəyyən edəndən və əks-sistemləri inkişaf etdirdikdən sonra onlar effektiv olmayacaq".




Onun sözlərinə görə, müvafiq müdafiə sistemlər hazırlanmayana qədər Ukrayna ordusu bu PUA-ları gündüzlər çiyindən atılan zenit silahları, gecələr isə radar avadanlıqları ilə vurmağa çalışacaq.


Mütəxəssislərin fikrincə, “Shahed-136”ya qarşı tətbiq oluna biləcək digər müdafiə üsulu GPS siqnalına müdaxilə etmək(qarışdırmaq) və onun hədəfə çatmasının qarşısını almaq ola bilər. GPS olmasa, bu dronlar təyinat yerinə çata bilməyəcək, lakin o zaman onları manevr etdirmək dı çox çətin olacaq.


Ukraynalılar son bir neçə həftə ərzində onlarla kamikadze pilotsuz uçuş aparatını vurduqlarını iddia edirlər. Qrasserin sözlərinə görə, kamikadze dronları Rusiya üçün problemin iqtisadi həll yoludur. Belə ki, bu dronlara görə ruslar hər birinin qiyməti 1,5-2 milyon dollar olan qanadlı raketlərdən istifadə etmirlər. Kamikadze dronların ən böyük qüsuru onların yalnız sabit hədəflərə bağlana bilmələridir. Hərəkət edən birliklərə çox az təsir etdiyi üçün kamikadze dronlar cəbhədəki tarazlığı dəyişə biləcək bir silah hesab olunmur.




Bəs niyə dünyanın ən böyük müdafiə sənayesi məhsulları istehsalçılarından biri olan Rusiya İrandan zərbə PUA-ları alır?


Bu yaxınlarda rusiyalı general İqor İççuk TASS xəbər agentliyinə bildirib ki, Rusiya Müdafiə Nazirliyi pilotsuz təyyarələrin alınması üçün taktiki və texniki şərtlər hazırlayıb, lakin heç bir rus istehsalçısı həmin şərtlərə cavab verən PUA hazırlaya bilməyib.


Pyer Qrasser isə müdafiə sənayesindəki infrastruktur probleminə diqqət çəkib: "Rusiyada "Orlan" müşahidə pilotsuz uçüş aparatlarını istehsal edən STC 24 saat işləmək üçün 3 növbəyə keçəcəklərini açıqladı, lakin onlar bunun üçün qrupları təşkil edəbilmədilər. Cəbhədə olduğu kimi, istehsalda da Rusiyanın əsas problemi insan resurslarıdır. Bundan əlavə, Rusiya strateji olaraq planını “Shahed-136” kimi uzaq mənzilli pilotsuz təyyarələr əvəzinə, maksimum 40 kilometr məsafəyə malik modellərə uyğun tərtib edib.


Qrasserin fikrincə, İrandan “Muhacir-6” kimi uzaq mənzilli PUA-ların alınması Rusiyanın öz müdafiə sənayesinin uğursuzluğunu qəbul etməsi deməkdir: "Çünki normalda onların bu sinifdən olan PUA-ları olmalıdır". Mütəxəssislər qeyd ediblər ki, Qərbin sanksiyaları Covid-dən sonra Rusiyada idxal çatışmazlığı yaradıb. Noel vurğulayıb ki, rusların artıq Qərb texnoloji bazarına çıxışı yoxdur və bu, kütləvi istehsalda problemlər yaradır.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər