Ru
17:45 / 08 Sentyabr 2022

Kənan Hacıdan yeni kitab - Haşim bəy Saqibin həyatı roman oldu

41883
Tanınmış yazıçı Kənan Hacının yeni kitabı çapdan çıxıb.


“Fəna fasiləsi” romanı XIX-XX əsrlərdə məşhur Azərbaycan ziyalısı, şair, qəzəlxan Haşim bəy Saqibin ömür yolundan bəhs edir.


Əsərdə XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda və Bakıətrafı bölgələrdə baş verən hadisələr, Cümhuriyyətin qurulması, Qafqaz İslam Ordusunun Bakıya gəlişi və digər ictimai-siyasi proseslər geniş təsvir edilib. Yazıçı romanda həmçinin, Xurşudbanu Natavanın, Seyid Əzim Şirvaninin, Cabbar Qaryağdıoğlunun, Hacı Zeynəlabdin Tağıyevin və bir sıra tarixi şəxsiyyətlərin obrazını yaradıb.


Xatırladaq ki, Haşım bəy Saqib ötən əsrin əvvəllərində fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Eyni zamanda tacir və xeyriyyəçi kimi də Cümhuriyyətin qurulmasında, “Difai” təşkilatının erməni zülmünə qarşı mübarizəsində maddi dəstək göstərmişdir. Haşım bəy Saqib qüdrətli qələm sahibi kimi zəngin ədəbi irs qoyub getmişdir. Onun 700 səhifəlik “Divan”ı M. Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəfis tərtibatla çap olunmuşdur.


Haşım bəy Saqib Azərbaycan səhnəsinin və kinosunun sevilən aktrisalarından olmuş Xalq artisti Nəcibə Məlikovanın atasıdır.

“Fəna fasiləsi” Haşım bəy Saqibin ədəbiyyatımızda bədii obrazını yaratmaq baxımından ilk əsərdir. İnanırıq ki, roman geniş oxucu kütləsinin marağına səbəb olacaq.


Kitabın təqdimatı 11 sentyabr saat 11:00-da Gənclik Mall CinemaPlus VİP zalında keçiriləcək.


Qeyd edək ki, kitab Çapar Yayınları tərəfindən nəşr edilib. Naşiri Yusif İlhamoğlu, redaktoru İlhamə Dağlıdır.




Kənan Hacıdan yeni kitab - Haşim bəy Saqibin həyatı roman oldu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər