ABŞ-nin “Inter Miami CF” klubunda çıxış edən argentinalı ulduz futbolçu Lionel Messinin illik qazancı məlum olub.
Bakupost.az xəbər verir ki, klubun həmtəsisçilərindən olan amerikalı iş adamı Jorge Mas “Bloomberg”ə müsahibəsində Messi ilə bağlı diqqətçəkən açıqlama verib.
Mas bildirib ki, klub sponsorluk müqavilələrini və əlavə gəlir mənbələrini maksimum səviyyəyə çatdırmağa çalışır. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri futbolçuların yüksək maaş almasıdır.
Jorge Mas argentinalı ulduz futbolçu Linel Messinin qazancını açıqlayarkən, “Messiyə maaş ödəyirəm. Bu məbləğ hər şey daxil, ildə 70–80 milyon dollar arasında dəyişir. O, bu məbləğin hər qəpiyin haqq edir”, – deyib.
“Major League Soccer Players Association” tərəfindən dərc edilən maaş hesabatına görə, Messi 12 milyon dollar xalis maaş və 20,4 milyon dollar zəmanətli ödəniş ilə liqanın ən yüksək maaş alan futbolçusudur.
ESPN-in məlumatına görə, 38 yaşlı futbolçu əlavə olaraq sponsorluq və kommersiya müqavilələrindən də gəlir əldə edir. Bu gəlir mənbələrinə “Adidas” ilə sponsorluq müqaviləsi və “Apple” ilə MLS-in yayım tərəfdaşlığı çərçivəsində gəlir paylaşımı razılaşması daxildir.
Lionel Messi ötən ilin oktyabrında “Inter Miami” ilə müqaviləsini uzadaraq 31 dekabr 2028-ci ilə qədər klubda qalmağa razılaşıb.
Cavid, BakuPost