Xəbər verdiyimiz kimi, Rusiyanın İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi tanınmış azərbaycanlı bloqer və müğənni Subo (Sübhan Məmmədov) barəsində 50 milyon rubl məbləğində vergi ödəməkdən yayınma ittihamı ilə cinayət işi açıb. Təqsiri sübuta yetirilərsə, tanınmış bloqer 10 ilədək həbs oluna bilər.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Subo Rusiya Federasiyası Cinayət Məcəlləsinin 198-ci maddəsinin 2-ci bəndi (Fiziki şəxsin vergi, yığımların və ya sığorta haqqı ödəyicisi olan fiziki şəxsin sığorta haqlarının ödənilməsindən yayınması) və 174.1-ci maddənin 4-cü bəndi (Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması) üzrə ittiham olunur.
Birinci maddəyə görə, 200 min rubl ilə 500 min rubl arasında cərimə, üç ilədək müddətə məcburi əmək və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. İkinci maddəyə əsasən isə 7 ilədək həbs və 1 milyon rubla qədər cərimə nəzərdə tutulur.
İstintaqın məlumatına görə, Məmmədov qardaşı və atası ilə birlikdə vergidən yayınma sxemi qurub. Bloqer ümumilikdə 50 milyon rubl vergi ödəməyib. Onlar təxminən 10 milyon rublu cinayət yolu ilə əldə edərək avtomobil alıblar. Hazırda müğənninin 20 milyon rubl məbləğində cərimə və faiz borcu da mövcuddur.
Lalə,
BakuPost