Ru
11:11 / 27 Dekabr 2022

Naxçıvanda yeni idarəçilik: nələr dəyişməlidir?

35044
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru

Nəhayət, müqəddəs yurd yerimiz olan Naxçıvan yerli-yersiz, bayağı və ucuz müzakirələrin predmeti, obyekti və subyekti olmayacaq. Ümidvarıq ki, yeni qərar və təyinat, bir sözlə, yeni idarəetmə metodunun tətbiqi Naxçıvanın kompleks tərəqqisini şərtləndirərək, rayonlar arasında ayrı-seçkiliyi aradan qaldıracaq və onların hər birinin təbii potensialına uyğun inkişafını təmin edəcək. Elə universal mexanizm qurulacaq ki, buranın fundamental və bərabər şəkildə inkişafına təkan veriləcək. İnanırıq ki, Naxçıvan ümid və inamın astanasındadır və müasir mərhələdə uğurlu yola qədəm qoyur.

Naxçıvanda cərəyan edən “boz rəngli” hadisələr dövlətçilik baxımından və milli təhlükəsizlik dərəcəsinə görə həyati vacib əhəmiyyət daşıyır. Dövlət səviyyəsində atılan addımlar unikal xarakterə malik olmaqla yanaşı, öz-özlüyündə dövlətə və cəmiyyətə bütöv orqanizm yanaşması meyarını ehtiva edir.

Bu fövqəladə dəyişikliklərə yeni dövrün təkidli tələbi kimi iki aspektdən baxa bilərik:

1.İndiki Azərbaycan Respublikasının Konstitusiyası;

2.Hazırkı Naxçıvan Muxtar Respublikasının Konstitusiyası.

Naxçıvanın idarəçiliyi ilə bağlı atılan yeni addım Azərbaycan Respublikasının Konstitusiyasının VIII Fəslində yer alan “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir” prinsipinə uyğundur. Eyni zamanda bu addım Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasında qeyd edildiyi kimi, “haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq;” prinsipini sözdə deyil, əməldə qət edəcəkdir.


Əsil məram və mətləbin incəlməsi

Nəhayət, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın üzünə gün doğdu.
“Ümid körpüsü”ndən “İnam çırağı”nadək baş verən proses və hadisələr kökündən dəyişdi və yeniləşdi. Nuhun diyarında qaranlıqdan işığa doğru bir addım atıldı. Qoca Şərqin nimdaş qapısı açıldı. Türkün göy qübbəsi genişləndi. Üfüqümüz aydınlandı...

Hüququn aliliyinin müəyyən edilməsi

22 dekabr 2022-ci ildə Prezident Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Fərman imzaladı. Prezident cənab İlham Əliyev düz 27 il sonra Azərbaycan Respublikasının müasir inkişaf tempi ilə ayaqlaşmayan, köhnəlmiş, yeni tələblərə cavab verməyən üsul-idarəni ləğv etdi və müvafiq tipli inzibati-amirlik sisteminə son qoydu.

Bu optimal idarəetmə üsulu Azərbaycan üçün yeni model hesab oluna bilər.

Kardinal dəyişikliklərin başlıca səbəbi

Uzun illərdən bəri mərkəzdənqaçma qüvvəsi ilə fəaliyyətini, istiqamətini və ümumiyyətlə, mövcudluğunu qoruyan, həmçinin öz ampulasında olan koordinat sisteminə nəzərən müəyyən edilən hərəkətə nöqtə qoyulur.

Mənəm-mənəmlik zərif missiya ilə əvəz edilir.
Mövcud reallığa əsaslanmayan, müasir çağırışlarla uzlaşmayan, tərs-mütənasiblik və qeyri-adekvatlıq təşkil edən Naxçıvandakı dövlət-hakimiyyət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində dəyişikliklər “Alçaldılmış və təhqir olunmuşlar”ın duasının qəbul edilməsidir.

Milli dövlətçiliyə şüurlarda ümidin yaranması və mərkəzi hakimiyyətə inamın artmasına bir səbəbdir.

Həyatın tələb-təklif prinsipini heçə sayaraq, öz fəaliyyət ansambılı - “yeni idarəetmə forması” əsasında qurulan bir qərinə tarixin dərinliklərinə gömüldü.

Məşhur "91-lər"dən mərhum Mirzə Əsgərov təsis etdiyi “Naxçıvan” qəzeti üçün şüar məsləhətləşəndə dahi öndər Heydər Əliyev demişdi: “Haqq Tanrıdan ucadır”.

Subyektiv nəticə və obyektiv gözləntilər

Naxçıvanla bağlı yeni qərar illərdən bəri itirilmiş hüquqların bərpasından xəbər verir. Hər bir addım elimizin dirilişinə - əhalinin gün-güzəranının dirçəlişinə öz töhfəsini verəcək.

Nəticə etibarilə Naxçıvanın fundamental və kompleks inkişafının şahidi olacağıq.

Qədim dövlətçilik ənənələrinə və paytaxt mədəniyyətinə sahib olan bu məkan Kordova, Səmərqənd, Bursa və s. şəhərlərlə müqayisə olunacaq. Bura kampusları olan cəlbedici Beynəlxalq Tələbə Mərkəzinə çevriləcək.


Seçim qarşısında olan təklif və tövsiyələr

2020-ci ildə 7 saylı Ordubad-Culfa seçki Dairəsindən Milli Məclisə növbədənkənar seçkilərdə platformamızda qeyd etdiyimiz məsələlərin həllini tapmasını gözləyirik.
Belə ki, Ordubad kimi tarixi və etnoqrafik xüsusiyyətlər baxımından seçilən bir yerdə ekoturizm inkişaf etdirilməyibsə, otel, motel və ya hostel yoxdursa, habelə İpək fabriki və Konserv zavodu tam gücü ilə işləmirsə, onda hansı inkişafdan söhbət gedə bilər.?

İnfrastruktur obyektləri icra edilməmişdən, şəhərlərdə, qəsəbə və kəndlərdə xüsusilə məktəblər tikilməmişdən öncə uşaqların valideynləri üçün məşğuliyyət, iş yerləri düşünülməli və sərbəst hərəkət fəaliyyətlərinə imkan verilməlidir. Kiçik və orta sahibkarlığa stimul yaradılmalı, mini istehsal müəssisələri - mini sexlər qurulmalıdır. Culfada Tibbi Turizm və Azad İqtisadi Zona yaradılmalıdır. Təcrübəli şəxslər, bura cani-könüldən bağlı, müştaq olan insanlar, sözün əsil mənasında kadrlar irəli çəkilməlidir.

İnanırıq ki, yeni təyinat itirilmiş ümid və inamın bərpası olacaqdır. Bu məkan, yurd, el üçün çəkilən əziyyətlər öz bəhrəsini verəcəkdir.

İctimai rəyə əsaslanan gözləntilər

Naxçıvan strateji mövqeyə və həssas coğrafiyaya malikdir. Ötən dövrün keşməkeşləri burada “haqqı naziltsə də, üzə bilməyib”. Bu nöqteyi-nəzərdən imkanlar açılmalı, genişləndirilməli və “şoranlaşmış torpaq” duzdan, daşdan, kəsəkdən təmizlənməlidir.

Elə bir şərait yaradılmalıdır ki, Naxçıvandan Bakıya deyil, Bakıdan Naxçıvana üz tutulsun. Öz evini tərk edənlər, ata ocağını söndürərək, darvazasını kilidləyərək gedənlər geri dönməlidir.
Bir evdə bir necə ailənin qalması məcburiyyətinə son qoyulmalıdır…

İdarəetmədə insan faktorunun danılmazlığı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi olan cənab Fuad Nəcəflinin özəl sektorda, ələlxüsus sənaye-istehsalat sahəsində iş təcrübəsi çox önəmlidir.
İnzibati, ən əsası, yerli idarəetmənin bazis və yüksəliş fəlsəfəsini bu xüsuslar təşkil edir.
Əmin olmaq istərdik ki, məhz bu təyinat itirilmiş ümid və inamın bərpası olacaqdır. Bu məkan, yurd, elimiz üçün yararlı, faydalı olacaq və çəkilən əziyyətlər öz bəhrəsini verəcəkdir.

Ümid edirik ki, burada aparılan islahatlar Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorumasına, dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsinə və “Türk dünyası” birliyinin məntiqinə söykənəcəkdir.



Şərhlər
  • ASƏF Səttarov

    Tekliflerinizi beyenib destekliyirem.Heyata keçmesi ūçun elimden gelen kömeklikliyi etmeye haziram

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər