Xəbər verdiyimiz kimi, son günlər Hindistanda Azərbaycan qarşı kütləvi boykot kampaniyası başladılıb. Buna səbəb kimi Azərbaycanın Pakistana verdiyi siyasi dəstək göstərilir. Hindistan rəsmiləri Azərbaycana səfər etməməyi və Azərbaycan malları almamağa çağırış ediblər.
Bəs bu boykotun Azərbayacan iqtisadiyyatına təsiri olacaqmı?
Mövzu ilə bağlı
Bakupost.az -a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Hindistanın siyasi bəyanatları iqtisadi münasibətlərə ciddi təsir göstərməyəcək:
"Bu siyasi bəyanatlarla iqtisadi münasibətlər arasında o qədər də əlaqə olmur. Yəni siyasətçilər daha çox boğazdan yuxarı danışırlar. Dünyanın ən qüdrətli dövləti olan ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyurdu, bu gün isə öz səhvlərini düzəltməklə məşğuldur. Hesab edirəm ki, bunlar sadəcə, bəyanat olaraq qalacaq. Çünki Hindistanla Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri elə səviyyədə qurulub ki, biz bu ölkəyə ixrac etdiyimizdən 7-8 dəfə çox məhsulu oradan idxal edirik. Əgər aramızdakı ticarət dövriyyəsi 1 milyard dollardırsa, bunun yalnız 100 milyon dolları Azərbaycanın ixracına, 900 milyon dolları isə Hindistandan idxala aiddir.”
Akif Nəsirli əlavə edib ki, Azərbaycanın Hindistandan idxal etdiyi məhsullar başqa ölkələrdən də asanlıqla əldə oluna bilər:
“Hindistanın bizi boykot etməsi əslində onun özünə ziyandır. Biz Hindistandan kənd təsərrüfatı məhsulları, kimyəvi maddələr, düyü və digər məhsullar alırıq. Amma bu məhsulları başqa ölkələrdən də əldə edə bilərik. Məsələn, onların münaqişə yaşadığı Pakistandan.
Əgər Hindistan siyasətçiləri verdikləri bəyanatların ardınca gedib öz dövlətlərinin iqtisadi menecerlərinə bizi boykot etməyi tapşırsalar, o zaman Azərbaycan kimi bir bazarı itirəcəklər. Azərbayacana ixracatı dayandıra bilərlər, amma oradan aldığımız məhsulların yüzlərlə alternativi var. Yəni biz heç nə itirməyəcəyik.Ona görə də itirən yalnız özləri olacaq. Çünki gələcəkdə ola bilər ki, Hindistanın başqa ehtiyacları yaransın və o zaman Azərbaycan bu ehtiyacları ödəməyəcək.”
İqtisadçı qeyd edib ki, Hindistan gələcəkdə Azərbaycan neftinə ehtiyac duya bilər:
“Hazırda Hindistan Rusiyadan neft idxalını kəskin şəkildə azaldıb, maye qaz idxalını isə minimuma endirib, demək olar ki, dayandırıb. Bunu isə ABŞ və Avropa sanksiyalarından qorxduğu üçün edib. Əvvəllər Hindistan Rusiyadan neft alır, onu emal edib neft məhsulları hazırlayaraq bölgədəki digər ölkələrə satırdı. Amma Trampın sanksiya bəyanatından sonra yalnız Rusiyaya yox, həm də Rusiya ilə dərin ticarət əlaqələri olan ölkələrə sanksiya tətbiq ediləcəyi bildirildiyi üçün Hindistan Rusiyadan neft alışını dayandırıb. Ola bilər ki, gələcəkdə Hindistan Azərbaycan neftinə möhtac qalsın. Əslində, İrandan da neft ala bilər, amma bunun üçün Pakistanla münaqişəni dayandırmalıdır. Elə Azərbaycandan da neft almaq üçün Pakistanla münasibətləri normal səviyyəyə gətirməlidir."
Lalə Novruz,
BakuPost