Ru
13:41 / 19 Noyabr 2025

Şabranda IV əsrin abidəsi baxımsızlıqdan dağılır - FOTOLAR

Şabranda IV əsrin abidəsi baxımsızlıqdan dağılır - FOTOLAR
Eye

“Şabran rayonunun Giləvar (Kilvar) kəndində yerləşən, IV–VI əsrlərdə tikildiyi ehtimal olunan qədim alban kilsəsi acınacaqlı vəziyyətdədir. Uzun illərdir baxımsız qalan və heç bir bərpa işi aparılmayan abidə sürətlə dağılmaqdadır”.

Bu barədə VHP sədrinin müavini Samir Əsədli Bakupost.az -a bildirib.

Onun sözlərinə görə, abidənin divarlarında iri çatlar yaranıb, tikilinin bir hissəsi artıq uçub, dam örtüyü isə tamamilə sıradan çıxıb:

"Kilsə Qafqaz Albaniyasının erkən xristian memarlığının nümunələrindən biridir və dini-mədəni irs baxımından böyük əhəmiyyət daşıyır. Lakin hazırkı şəraitdə abidənin uzun müddət mövcud qala bilməyəcəyi bildirilir. Bitki köklərinin divarlara dolması, qar-yağışın aşınma prosesini sürətləndirməsi, eləcə də ətrafın zibil atıldığı sahəyə çevrilməsi kilsənin vəziyyətini daha da pisləşdirir.

Tarixçilər və memar-restavratorlar hesab edir ki, Giləvar abidəsinin xilas edilməsi həm elmi, həm mədəni, həm də ictimai əhəmiyyət kəsb edir. Onların sözlərinə görə, bu cür abidələr ölkənin çoxkonfessiyalı və çoxmədəniyyətli irsinin canlı sübutudur. Abidənin tam bərpa edilməsi turizm potensialı baxımından da böyük imkanlar yarada bilər".

S.Əsədli qeyd edib ki, kənd camaatı illərdir abidənin qorunması üçün aidiyyəti qurumlara müraciətlər edir, lakin nəticəsi yoxdur:

“Bu abidə bizim kəndin tarixidir, nəsillərimizin mirasıdır. İllərdir uçub-dağılır, amma heç kim maraqlanmır.

Giləvar kəndindəki qədim alban abidəsi mövcud vəziyyəti ölkədə tarixi irsin qorunması ilə bağlı yenidən müzakirələr yaradır. Vaxtında tədbirlər görülməzsə, dəyərli bir abidə tamamilə məhv ola bilər".

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar