Aprelin 28-də tanınmış jurnalist, publisist, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi 60 illik yubileyini qeyd etdi. Biz də yubilyarla həmsöhbət olub, 60 ildir gəldiyi ömür yolunun qısa hesabatını dinlədik. Bakupost.az həmin müsahibəni təqdim edir:
- Bahəddin müəllim, 60 il geridə qaldı, düzdür, Feysbuk səhifənizdə “ahıl uşağın etirafı”nı oxuduq. Bəs özünüzə necə, bu 60 illə bağlı hesabat verə bildiniz? Ömrün yarıdan çoxunu geridə qoymuş Bahəddindən daha çox razı qaldınız, yoxsa narazı?
- Yox, tam razı qalmadım. Çünki hər insan öz keçmişinə, ümumiyyətlə, həyatına kənardan baxanda, doğrularla yanaşı, yanlışları da görür. Uğurları da görür, qüsurları da. Bir yazını yazırsan, ertəsi gün oxuyursan, narazı qalırsan. Deyirsən: "İndi yazsaydım, başqa cür yazardım". Həyat haqqında da elə düşündüyümüz zamanlar olur: "Yenidən yaşamaq fürsətim olsa, başqa cür yaşayardım, səhvlərimi təkrarlamazdım". Bu, təbii duyğular, düşüncələrdir. İnsan yanlışları, doğruları ilə insandır. Mükəmməllik Allaha xasdır, bəndəyə deyil.
- Bəs jurnalist kimi necə, bu sahədə fəaliyyətiniz özünüzü qane elədi?
- Əlbəttə, razı və narazı qaldığım məqamlar var. Ümumən götürəndə, yəqin ki, qürur duyacağımız işlərimiz də var. Bu, daha çox Azərbaycanın müstəqilliyi uğrunda gedən proseslərə dair yazılar, müharibə cəbhəsindən yazdığımız reportajlar, eləcə də jurnalist araşdırmalarıdır. Bədii yaradıcılıqda da müəyyən işlər var. Bəzi esselər var. Amma, əlbəttə, yazılacaqlar yazılanlardan çoxdur.
- Deyirsiniz ki, dünyanın mərkəzində doğulsaydınız, xoşbəxt uşaqlıq dövrü keçsəydiniz, bəlkə tamam başqa biri olardınız. Onda da jurnalistikanı seçərdiniz?
- Mən jurnalistikanı seçməmişəm. Düşünürəm, o, məni seçib. Niyə belə düşünürəm? Ona görə ki, jurnalistika peşə deyil, sənətdir, hətta sənət də deyil, taledir. Sizinlə mən tale ortağıyıq. Qədərimiz şərikdir. İnsan da öz taleyini bəlli ölçüdə dəyişə bilər, seçə bilməz. Məsələn, biz ata-anamızı özümüz seçmirik. Doğulduğumuz yeri də. Sənət də belədir. Əgər onu seviriksə, Allahın lütfü kimi qəbul etmişiksə, deməli, sənət bizi seçib, biz sənəti yox. Amma yenidən "seç" desəydilər, düşünmədən yenə bu sənəti seçərdim. Təbii ki, seçmək imkanım vardısa...
- Bəs medianın indiki vəziyyətini necə dəyərləndirirsiz?
- Hər dövrün mediası özünü əks etdirir, hər xalqın mətbuatı özünə oxşayır. Biz də öz dövrümüzün məhsuluyuq. Bizim nəsil jurnalistikaya gələndə başqa dövr, başqa mətbuat var idi. İndikini qiymətləndirməyə gəlincə, müxtəlif parametrlərə görə dəyərləndirə bilərik. İndi bizdən də talantlı və savadlı nəsil var, amma bizim dövrün şərtləri yoxdur. Ya da azdır. İndinin də öz sıxıntıları var.
Bizim dövrün yazıçıları da, jurnalistləri də özünü əsgər saya bilər. Çünki biz savaş nəsliyik. Rahat, dinc dövrün uşaqları deyilik. Ona görə mən çətinliklərə bir az fəlsəfi baxıram. Bu, bizim taleyimizdir.

4, ya 5 yaşı olanda oğlumu Şəhidlər Xiyabanına aparmışdım. Məndən soruşdu: "Ata, sənin şəklin niyə burada yoxdur?" O suala indiyə qədər verəcək bir cavabım yoxdur. Orada şəklimi asmaq üçün şansım olub, yəqin mən bilməmişəm. Ya da bu şansdan yararlanmaq fürsətim olmayıb. Ancaq başqa tərəfdən baxsaq, mənim payıma həyatda qalmaq şansı düşübmüş. Həzrət Əli böyük tarixi şəxsiyyətdir; həm müdrik dövlət adamı, həm din alimidir. Həm dərin filosofdur, həm cəsur sərkərdədir. Onun bir məşhur kəlamı var: "Əgər sənin düşmənin yoxdursa, deməli, heç vaxt haqqı deməmisən". Kişilərin dostları da olar, düşmənləri də. Hamının bizi sevmək borcu, bizim hamını sevmək öhdəliyimiz yoxdur. Ona görə də mənim də yaradıcılıq taleyimdə nə çətinliklər olubsa, bunu sınaqlar kimi qəbul edirəm. Hər halda hər kəsin öz əməlinə görə cavab verəcəyi məhkəmə bir gün bir yerdə mütləq vardır.
Mən qəzetçilik üçün darıxıram. Özümü həmişə qəzetçi sayıram. Ona görə də qəzetçilik dövrünə bir nostalji duyuram ara-sıra. Amma bunlar duyğulardır. Məntiq isə başqa şey deyir. Emosiya ilə deyil, ağılla yanaşanda zamanın tələblərinin dəyişdiyini görürsən. Sən o tələblərə cavab verməlisən. Sənin o tələblərə sual verməyin - sorğulamağın mənasızdır. Mən obyektiv şərtləri deyirəm. Əlbəttə, subyektiv tələblər də var. Bu da təbiidir, nəticədə insan faktoru həlledicidir. Dediyim kimi, heç kəs mükəmməl deyil. Heç bir dövr də. Hər dövrün öz çətinliyi, öz üstünlüyü var. Ümumilikdə proses necə inkişaf edəcək? Rəqəmsallaşma istiqamətində inkişaf edəcək. Süni intellekt bizim sənətə çox nüfuz edəcək. Biz bu perspektivə hazırlaşmalıyıq. Bu, əlbəttə, medianın texnoloji innovasiyalara həssaslığı ilə bağlıdır. Media əsasən, informasiya və interpretasiya üzərində qurulub. İnformasiya xəbərçilik, fikir, rəy, izah deməkdir. Hüquqda təfsir, tövsif kimi. Bunlar da yeni texnologiyalarla sıx bağlıdır. Hər bir xəbər istehsalçısı xəbərinin, hər bir şərhçi fikrinin, versiyasının daha çox yayılmasında maraqlıdır. Artıq buna kağızın gücü çatmır, deməli, rəqəmsallaşma qaçılmazdır və daha da sürətlənəcək. Bir zamanların bir dastanlıq mətləbini indi bir neçə, hətta bir cümlədə anlatmaq tələb olunur. Çünki insan artır, resurs azalır, iş çox, vaxt isə azdır. Buna görə mediada vizuallıq və operativlik xassələri daha da qabaracaq. Bu tendensiyanın şifrəli kodu bizim folklorumuzda da var idi: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Zamanında əlifba da, kitab çapı da bu üzdən meydana gəldi. Adamlar xəbəri eşitməkdənsə, gözləri ilə görmək istədilər. Elə radionun özü də televiziyaya bu səbəbdən uduzdu. Qəzetlər elektron mediaya, saytlar sosial şəbəkələrə uduzduğu kimi. Ancaq bu, heç kimin məğlubiyyəti deyil. Hər kəs öz dövrünün qəhrəmanıdır. Biz özümüzü "qəzet bumu"nun "qəhrəman"ları saya bilərik. Bir başqası rəqəmsallaşma mərhələsinin, ya da bu mərhələyə keçidin əsas personajıdır və sair. Kimsə kimsənin yerini əlindən almır, bu dünyada hər kəsin öz yeri var. Sadəcə, hər kəs öz yerini düzgün tapsa və bilsə. İndiki resursları ilə Yer kürəsi 20 milyard insanı barındıra bilər. Amma, sadəcə, 8 milyardıq və bir-birimizi qırırıq.
Əlbəttə, hər dövlət istəyir ki, media onun sözünü desin. Dünyada "distillə edilmiş" media yoxdur. Heç bir ölkədə hakimiyyət medianı sevmir və sevmək məcburiyyətində də deyil. Eləcə də media. Ancaq bir-biri ilə işləməyə məhkumdurlar. Sözün yaxşı mənasında. Ancaq bu, məhz işbirliyi - tərəfdaşlıq formatında olanda faydalıdır. Biz orta çağların qaranlığında deyil, informasiya əsrinin, rəqəmsallaşma erasının işığında yaşamaq istəyiriksə, "hakim-vassal" yanaşması olmalı deyil. Dövlət mediaya rəqibi və ya daha pisi, lakeyi kimi deyil, müttəfiqi kimi baxanda, hər iki tərəf bundan qazanır. Əks halda isə hər iki tərəf itirər. Məncə, proses bu gerçəyin dərk olunmasına doğru gedəcək, tərk olunmasına doğru deyil.
Qəzetçilik mənim üçün savaşlar dövrünün dincliyi deməkdir. Rəqəmsal media isə dinc dövrün savaşlarıdır.
- İçi özümüz qarışıq, jurnalistikanı qınayırıq. Ancaq son illər ciddi oxucu qıtlığı da hökm sürür. Çox maraqlı bir fikrinizi oxudum, “Biz oxuyub-oynadığımız qədər yox, oxuyub-oyandığımız qədər varıq, var olacağıq”. Biz indi oyanmaq üçün oxumuruq axı, daha çox oxuyub-oynamaq dəbdədi...
- Anamız bizi "Qalx, dərsə gecikirsən" deyə oyadanda, dərhal yataqdan qalxıb məktəbə qaçmırdıq, bir dəqiqəlik yuxunu da qənimət bilirdik. Dərsə getməyin qaçılmaz və faydalı olduğunu az-çox dərk eləsək də, yuxudan da əl çəkmək istəmirdik. Cəmiyyət, millət də uşaq kimidir. Oyanmaq lazım olduğunu bilir, amma bir yanı da oyanmaq istəmir. Ona görə gərək tələbkar ata və ana ola ki, onu oyada. Ana ədəbiyyat, mədəniyyət, təhsil, media, ata isə dövlətdir. Milləti oyandırma prosesində dövlət maraqlı olmasa, özü birbaşa çiynimizdən tutub silkələməsə: "Qalx, dərsə gecikirsən" deyib, bizi ayağa qaldırmasa, bu iş əmələ gəlməz. Ananın çağırışı bəs etməz. Çünki ananın nəvazişlə oyandırmağa çalışdığı uşaq gözünü açsa da, ilk fürsətdə qayıdıb yorğanı təzədən başına çəkər. Bu yerdə atanın zəhmli səsi eşidilməlidir. Oxucu var. Həm də kifayət qədər var. Necə olur, insanlar əyləncəyə vaxt tapır, oxumağa yox?! Ölkədə yüz minlərlə potensial oxucu var, hələ "milyonlarla" demirəm. Amma kitabların tirajı yüzlərlədir. Dövlət bu potensialı hərəkətə gətirə bilər. Məsələn, Mədəniyyət Nazirliyi əvvəllər hər nəşr olunan kitabdan 100 nüsxə alırdı, indi bu rəqəmi yarıbayarı azaldıb. Hərçənd dövlət kitabların yüz minlərə çatmasında maraqlı olmalıdır. Bu məsələdə də inhisar var: özlərinə yaxın müəlliflərin kitablarını maliyyələşdirirlər. Bu, başqa sahələrdə də eynilə baş verir. Millət oxuyub oyanmaq əvəzinə, oxuyub-oynamağa aludə olubsa, bunun səbəbləri çoxdur. Bizdən asılı olanı da var, dövlətdən asılı olanı da. Medianın ya istəyi yoxdur milləti oyandırmağa, ya gücü yoxdur. Bəlkə də heç biri yoxdur. Ona görə də dövlətin gücünə qalıb çox şey. Məsələn, mən tarixi qələbə haqqında məmnuniyyətlə bir kitab yazaram. Buna öz gücüm yetməz. Eləcə də, başqaları da mənim kimidir.
- Sizi yorduğumu bilirəm, amma bir-iki şəxsi sualım da olacaq. Deyirsiz ki, “Odu söndürülmüş ata ocağımın külü ilə oynayan ahıl uşağam”. Təbii ki, ermənilər tərəfindən talanmış ata evinizi, Füzulinin Seyid Əhmədli kəndində doğulub-böyüdüyünüz ocağı nəzərdə tutursuz. Ancaq nədənsə mənə elə gəlir ki bu ifadənin alt qatında çox böyük mətləblər yatır. Bəlkə özünüz etiraf edəsiz?
- Mən bu fikrin yozumunu oxuculara buraxmışam. Tək bir cümlə deyəcəm, bir ipucu verəcəm: dünyamız təkcə bir ev, bir ocaq deyil.
- O zaman belə soruşum. Deyirlər ki, dərd adamı şair edir. 60 ilin yarıdan çoxunu yurd həsrəti ilə yaşayan Bahəddin Həzi də ədəbiyyata bu dərdlə sığındı? Yoxsa bilmədiyimiz daha ölümcül həqiqətlər var?
- Əslində ədəbiyyata maraq da, həvəs də məndə uşaqlıqdan var. Talant da varmı, bilmirəm. Yeniyetməlikdə mən də şeirlər qaralamışam. Tələbəlik illərində iki hekayəm dərc olunmuşdu. İndi isə həm siz dediyiniz səbəbdən, həm də dövrün qovğalarından qaçıb, bir az ədəbiyyata sığınmışam. Bunun özü də özlüyündə bir ədəbiyyatdır. Elə mənalar var, ifadəsinə publisistikanın da gücü çatmır, bədii təhkiyəyə ehtiyac yaranır.
Bir də mən yaşlandıqca daha çox anladım ki, şəhər adamı deyiləm. İçərişəhər tarixi sərvətimizdir, ancaq mən ora gedəndə çox darıxıram. Dar küçələr, dalanlar-filan məni sıxır. Çox vacib olmasa, şəhərin mərkəzinə getmirəm. Mən kəndə - genişliyə məxsusam, ancaq darkeşliyə məhkum olunmuşam. Parisə, Londona, Barselonaya, Romaya-filan getməyə həvəsli deyiləm, imkanım olsa, İtaliyanın, İspaniyanın kəndlərinə gedərəm. Ən yaxşısı isə, məsələn, Qarabağın, Şirvanın, Şəkinin, Astaranın... kəndlərinə getməkdir. Çoxdan istəyirəm, gedib Yardımlının dağ kəndində Bəhmən Sultanlının çayını içim, amma qismət olmur. Mən genişlikdə özümü hiss edə bilirəm. M
- Son sualımı da verim, yekunlaşdıraq. “Bir gün ayılıb görürük: bütün hakim yüksəkliklər əldən gedib və biz Hakimin qarşısında - Haqq divanındayıq. Gəl, indi cavab ver, görüm necə cavab verirsən...” Bunu da siz demisiz. Nədir bu qədər qorxudan? günahlarınız, qəlbini qırdıqlarınız çox olub?
- Dedim axı. Heç birimiz mükəmməl deyilik. Deməli, günahsız da deyilik. Qəlbini istəmədən qırdıqlarımız da olur, qəlbimizi qıranlar da. Odur ki, Haqqın divanında bunların haqq-hesabı var, əlbət. Bundan, təbii ki, əndişə duyar insan. Doğulduğumuz gün başlamışıq. Amma hər kəsin bir sonu da var axı. Ona görə hər insan özü ilə tək qalanda bu haqq-hesabı özü ilə aparır. Yaşlandıqca çox şeyə başqa cür baxırsan. "Onu yaxşı ki etmişəm, bunu yox" deyə. Bacardığım qədər yaxşılıq etməyə çalışmışam, bəzən yaxşılıq etdiklərimdən pislik də görmüşəm. Amma mən də bütün Allah bəndələri kimi yanlışlardan xali deyiləm. Ümid edirəm, İlahi tərəzidə yaxşılıqlar ağır gələr, yanlışlar deyil.
- Bir daha Sizi 60 illiyiniz münasibətilə təbrik edir, zaman ayırdığınıza, səmimi cavablara görə təşəkkür edirəm.
AYAN,
BakuPost