Parisdə Olimpiya Oyunları başa çatıb. Fransa son 24 ildə ən ucuz Olimpiya oyunlarına ev sahibliyi edib. Fransa rəsmiləri oyunların çox uğurlu olduğunu desə də, iqtisadçıların fikrincə, olimpiada ölkə iqtisadiyyatının vəziyyətini nə yaxşılaşdırıb, nə də pisləşdirib. Bununla belə, vergi ödəyicilərinin üzərinə düşən yük artıb.
Bakupost.az xəbər veirr ki, Paris Olimpiadasına 11 milyard avro xərclənib.
Sidney 2000-dən bəri ən ucuz Olimpiya oyunlarını başa vuran Fransa maliyyə problemləri ilə üzləşib. Olimpiadaya 6 milyard avro xərcləməyi planlaşdıran Paris 8,8 milyard avro xərcləyib. Gözləntilər ictimai fonddan cəmi 2,3 milyard avronun qarşılanacağı idi, lakin dövlət iki dəfə çox xərcləməli oldu. İqtisadçıların hesablamalarına görə, dolayı xərclər də nəzərə alınsa, Fransa ümumilikdə olimpiadaya 11 milyard avro xərcləyib.
Turizm naziri Oliviya Qrequar oyunların Fransanın turizm iqtisadiyyatına böyük töhfə verdiyini bildirib. İqtisadçılar isə olimpiadanın vergi ödəyicilərinə 4 milyard dollara başa gəldiyini bildiriblər. Operatorlar da otellərdə doluluq nisbətlərinin nazirin dediklərinə zidd olduğunu deyiblər.
Beynəlxalq Olimpiya Komitəsinin müstəqil araşdırmasına görə, 2018-ci ildən 2034-cü ilə qədər oyunların turizm və tikinti sektoru da daxil olmaqla ümumilikdə 12 milyard dollar gəlir gətirəcəyi təxmin edilir.
Vasif
BakuPost