Ru
11:15 / 12 Aprel 2026

Pensiya ilə bağlı vacib açıqlama

Pensiya ilə bağlı  vacib açıqlama
Eye

Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşına çatdıqdan sonra deyil, daha əvvəl də (ipoteka kreditlərinin ödənilməsi, təhsil xərcləri və ya digər sosial ehtiyaclar üçün – red) istifadə etmək imkanı yaradılıb. Bu yanaşma sosial təminat sistemində çeviklik yaratsa da, hər ölkənin iqtisadi reallıqları belə mexanizmlərin tətbiqinə fərqli təsir göstərir.

Bəs Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə mümkün ola bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı Asif İbrahimov bəzi ölkələrdə belə praktika tətbiq olunsa da, Azərbaycanın mövcud pensiya sisteminin buna uyğun olmadığını bildirib.

“Ölkədə pensiya ödənişləri əsasən işləyən vətəndaşların ödədiyi məcburi sosial sığorta haqları hesabına formalaşır. Bu vəsait həm gələcək pensiya kapitalını yaradır, həm də hazırkı pensiyaçıların təminatına yönəldilir.

Mövcud şəraitdə toplanan vəsait pensiya ödənişlərini tam qarşılamağa kifayət etmir və hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Bu isə sistemin artıq müəyyən yük altında fəaliyyətini ifadə edir”.

Asif İbrahimovun fikrincə, əgər vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl çıxarmaq imkanı verilsə, bu, Dövlət Sosial Müdafiə Fondunun maliyyə sabitliyinə ciddi təsir göstərə bilər:

“Belə bir addım fondun vəsaitlərinin azalmasına, nəticədə isə pensiya ödənişlərində çətinliklərin yaranmasına səbəb olacaq. İnsanlar bu vəsaitdən ipoteka və digər məqsədlərlə istifadə etdikcə sistemdə balans pozular”.

Onun sözlərinə görə pensiya kapitalından vaxtından əvvəl istifadəyə icazə verilməsi yaxın perspektivdə real görünmür. Ekspert hesab edir ki, hazırkı şəraitdə əsas prioritet mövcud pensiya sisteminin davamlılığını qorumaq və maliyyə dayanıqlığını təmin etməkdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar