Hövsan qəsəbəsində "Köhnə park" adlanan ərazidə acınacaqlı vəziyyət hökm sürür. Ərazi başdan-ayağa zibilliyə çevrilib. Ən dözülməzi isə parkdan gələn pis qoxudur. Belə ki, bəzi insanların burada təbii ehtiyacını ödəməsi parkda antisanitariya vəziyyətinin yaranmasına səbəb olub.
Bakupost.az xəbər verir ki, qəsəbə sakini Sevinc Hüseynova parkın acınacaqlı vəziyyətini əks etdirən görüntüləri sosial şəbəkədə paylaşıb.
O, buranın sakinlər tərəfindən zibilləndiyini qeyd edib.
Axşam saatlarında gəzməyə çıxdığını bildirən S.Hüseynovanın çəkdiyi görüntülərdən ərazinin tullantılarla dolu olduğu görünür. O, bu mənzərəni yaradanların“mədəniyyətsiz və vandal”olduğunu bildirib:
“Bu vəhşiliyi törədənlərə “insan” deməyə adamın dili gəlmir. Bunlar insanlıqdan çıxmış, mədəniyyət görməyən vandallardır. Başqa nə deyəsən? Bunların yaşayışları yer də, yəqin ki, belədir. Yaşadıqları həyat da bax, elə bu gündədir”
Şikayətçi problemin yalnız cərimə yolu ilə həll oluna biləcəyini düşünür:
“Bunlara JEK, bələdiyyə işçiləri nə etsin? Buranı yığışdırmaq üçün min briqada da gətirsən, axşam yenə eyni vəziyyət olacaq. Belələri bu cür iyrənc vəziyyətdə yaşamağa layiqdirlər. Sadəcə olaraq hələ ki, cərimə tətbiq olunmayıb. Bundan da betər vəziyyətə qalacaq. Bu cərimənin tətbiq olunması üçün nə etməliyik? Necə etməliyik? Başqa yolu yoxdur, düşünürəm. Qılınc müsəlmanıyıq”.
Lalə,
BakuPost