Ru
14:03 / 12 Mart 2026

Neftin qiyməti 300 dollara qalxacaq? - Ekspert açıqladı

Neftin qiyməti 300 dollara qalxacaq? - Ekspert açıqladı
Eye

Hərbi qarşıdurmanın gedişindən asılı olaraq, neftin bir barelinin qiyməti 300 dollara qədər yüksələ bilər.

Bunu Bakupost.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban İran rəsmilərinin neftin qiymətinin 200 dollara çatacağı ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, İranın neft qiymətləri ilə bağlı bu cür bəyanatlarla çıxış etməsi yeni hal deyil:

“Tehran artıq 20 ildən çoxdur ki, bu tip açıqlamalar verir. Adətən belə bəyanatların sonunda da ‘hər şey Allahın əlindədir’ kimi ifadələr işlədilir”.

İlham Şabanın sözlərinə görə, neft bazarında qiymətlərin kəskin artması ehtimalı müharibənin necə inkişaf edəcəyindən birbaşa asılıdır:

“Müharibə daha kəskin xarakter alsa, dağıntıların miqyası böyüsə və xüsusilə Körfəz ölkələrindəki neft obyektləri zərər görsə, neftin qiyməti nəinki 200, hətta 300 dollara belə çata bilər. Ona görə də indidən bu barədə qəti proqnoz verməyə və tələsməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, İran rəsmiləri regiondakı gərginliyin davam edəcəyi təqdirdə dünya enerji bazarında ciddi böhran yarana biləcəyi barədə xəbərdarlıq edirlər. İran hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Məlumata görə, müharibə başlayandan bəri bölgədə zərər görən ticarət gəmilərinin sayı 14-ə çatıb. Hörmüz boğazında təhlükəsiz hərəkətin pozulması isə qlobal enerji bazarı üçün 1970-ci illərin neft böhranından bəri ən ciddi təchizat risklərindən biri kimi qiymətləndirilir.

Hazırda isə dünya bazarında neftin bir barelinin qiyməti təxminən 90 dollar səviyyəsindədir.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar